Müasir dövrdə bütün dünyada, o cümlədən Avrasiya
məkanında müstəqillik əldə etmiş və beynəlxalq münasibətlərin
subyektinə çevrilmiş hər bir dövlət özünün geosiyasi statusunu və
fəaliyyət normalarını, milli inkişaf və təhlükəsizlik məsələlərini,
milli maraq dairələrini və hədəflərini öyrənir, ölkəsinin daxili və
xarici aləmdən qaynaqlanan geosiyasi, geoiqtisadi və
hərbi-geostrateji maraqlarının qorunması mexanizmlərini təklif
edir, milli təhlükəsizlik və hərbi doktrinalarının yaradılması və
s. strateji vəzifələrini reallaşdırır. Bütün bu və digər vəzifələr
hər bir ölkənin müvafiq rəsmi strukturlarından, siyasi və elmi
dairələrindən geniş geosiyasi tədqiqatların və strateji
araşdırmaların aparılmasını, müxtəlif analitik geosiyasi
mərkəzlərin yaradılmasını, dərsliklərin və elmi monoqrafiyaların
hazırlanmasını və çap edilməsini zəruri edir.
Axar.az xəbər verir ki, bu baxımdan Azərbaycan Respublikası
Prezidentinin ictimai- siyasi məsələlər üzrə köməkçisi, tarix
elmləri doktoru, professor Əli Həsənovun Türkiyədə yenicə çapdan
çıxmış üç kitabdan ibarət fundamental əsəri müasir dövrdə bu
məsələlərin tədqiq olunması sahəsində yeni bir istiqamət açaraq
dövlət siyasətinin elmi əsaslarının sistemli şəkildə öyrənilməsinin
təməlini qoyub.
Azərbaycanın geosiyasi, geoiqtisadi və geostrateji vəziyyətinin,
eləcə də Cənubi Qafqaz regionu və Xəzər-Qara dəniz hövzəsinin
müqayisəli şəkildə tədqiq olunduğu üçcildlik əsərdə qeyd edilir ki,
dünyanın geosiyasi reallıqlarına və təhlükəsizlik sistemlərinə ən
çox təsir göstərən və fərqli xüsusiyyətlər gətirən amillərdən biri
də Avrasiyada Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda yeni
müstəqillik əldə etmiş dövlətlərin milli inkişaf və təhlükəsizlik
sahəsində həyata keçirdikləri geosiyasət hesab olunur. Bununla
yanaşı, yeni transmilli geosiyasi proseslərin, beynəlxalq və
regional münasibətlərin, milli təhlükəsizlik, geosiyasi,
hərbi-geostrateji və geoiqtisadi maraqlar sisteminin fərqli
cəhətlərinin və xüsusiyyətlərinin öyrənilməsi zərurəti başqa
ölkələrdə olduğu kimi, Azərbaycanda da getdikcə məxsusi geosiyasi
tədqiqatlara ehtiyac yaradıb.
Müəllif əsərində haqlı olaraq göstərir ki, gənc müstəqil dövlət
kimi ölkəmizin dünya birliyində tutduğu mövqe və qazandığı nüfuz
onun beynəlxalq və regional səviyyələrdə reallaşdırdığı milli
inkişaf strategiyasından, həyata keçirdiyi geosiyasətin
çevikliyindən, səmərəliliyindən və beynəlxalq aləmlə yaratdığı
geosiyasi münasibətlərdən asılıdır. Azərbaycanın region və dünya
ölkələri ilə geosiyasi münasibətlərinin, milli inkişaf və
təhlükəsizlik sahəsində yürütdüyü xarici siyasət strategiyasının
əsas vəzifələrindən biri Prezident İlham Əliyevin qeyd etdiyi kimi,
ölkənin müstəqilliyini möhkəmlətmək, davamlı inkişafını və suveren
dövlət hüquqlarını təmin etmək, beynəlxalq münasibətlərin əksər
subyektləri ilə qarşılıqlı faydalı əlaqələr yaratmaq və milli
maraqlarını maksimum qorumaqdan ibarətdir.
Əsərin "Cənubi Qafqaz, Xəzər-Qara dəniz hövzəsi və Azərbaycanın
geosiyasəti" adlanan birinci cildində Azərbaycanın müasir milli
inkişaf strategiyasının mahiyyəti açıqlanır, səciyyəvi cəhətləri,
vəzifələri və hədəfləri öyrənilməklə yanaşı, əsas mərhələləri və
xarakterik xüsusiyyətləri izah edilir. Bundan əlavə, ölkəmizin
geosiyasi statusu, müasir geosiyasi inkişaf xüsusiyyətləri,
geosiyasi fəaliyyət kodeksi, eləcə də XXI əsrdə Azərbaycanın
qarşısında dayanan əsas geosiyasi vəzifələr və perspektivlər
açıqlanır. Əsərin Azərbaycanın beynəlxalq aləmlə geosiyasi
münasibətlərinə həsr edilmiş hissəsində Avrasiyanın ümumi geosiyasi
xarakteristikası və müasir vəziyyəti təhlil edilməklə yanaşı,
Avrasiyanın regional geosiyasi vəziyyətinə təsir göstərən fərqli
maraqlar sistemi, transmilli, regional və milli hədəflər
göstərilir, ABŞ, Türkiyə, Rusiya, Avropa İttifaqı və digər aparıcı
dünya dövlətlərinin Avrasiya siyasəti və Azərbaycanla geosiyasi
münasibətlərinin xarakteristikası verilir.
Professor Əli Həsənov Qara dəniz hövzəsinin beynəlxalq və
regional maraqlar sistemində xarakteristikasını açıqlayaraq, müasir
dövrdə Ukraynanın geosiyasi və hərbi-geostrateji mövqelərini,
Azərbaycan-Ukrayna münasibətlərini, Qara dəniz hövzəsinin
geosiyasətində Belarus və Moldovanın rolunu, eləcə də ölkəmizlə
geosiyasi tərəfdaşlıq strategiyasını təhlil edir. Bununla yanaşı,
Cənubi Qafqazın regional geosiyasi maraqlar sistemində Azərbaycan,
Gürcüstan və Ermənistan arasındakı münasibətlərin, xüsusilə dinc
yanaşı yaşamanın əsas şərtləri və tələbləri də əsərdə öz əksini
tapıb.
Əsərdə müasir beynəlxalq münasibətlər sisteminin xüsusiyyətləri
ilə yanaşı, Azərbaycan Respublikasının müasir dünya siyasətində
iştirakı məsələləri tədqiq edilir. Eyni zamanda, beynəlxalq
təhlükəsizlik sistemində, o cümlədən enerji təhlükəsizliyinin təmin
edilməsində Azərbaycan Respublikasının yeri və rolu araşdırılır.
Qeyd edilir ki, bu siyasətin nəticəsində Bakı-Tbilisi-Ceyhan əsas
ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və
Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələrin həyata keçirilməsi və
təhlükəsizliyinin təmin edilməsi mümkün olub. Avratlantik məkana
inteqrasiyanın əhəmiyyətinin öyrənilməsi baxımından dəyərli olan
kitabda Avropa təhlükəsizlik sisteminin etibarlı tərəfdaşı kimi
ölkəmizin qitənin enerji təhlükəsizliyinin təmin olunmasında
əhəmiyyətli rolu açıqlanır.
Əsərin "Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadi
xarakteristikası: Azərbaycanın yeni neft siyasəti" adlı ikinci
cildində dünyanın aparıcı ölkələrinin Xəzər hövzəsi və Cənubi
Qafqazda geoiqtisadi maraqları və yürütdükləri geosiyasət fonunda
Azərbaycan Respublikasının indiki və gələcək iqtisadi inkişaf
məsələləri araşdırılır. Bununla yanaşı, Azərbaycanın milli
mənafelərinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsasları
şərh edilir, Xəzərin enerji resurslarının istismarı və dünya
bazarlarına çıxarılması sahəsindəki rolu öyrənilir. Eyni zamanda,
Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat-kommunikasiya
dəhlizlərinin yaradılması, təhlükəsizliyinin təmin edilməsi və s.
kimi məsələlərdə dünyanın, eləcə də regionun əsas güc mərkəzləri
ilə geoiqtisadi münasibətləri tədqiq olunur.
Bununla yanaşı, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın
geoiqtisadi xarakteristikası beynəlxalq, regional, yerli maraqlar
sistemində təhlil edilir, Azərbaycanın regional geoiqtisadi
maraqları və enerji strategiyası araşdırılır. Kitabda transmilli
dünya güclərinin və regional dövlətlərin Xəzər-Qara dəniz hövzəsi
və Cənubi Qafqazdakı geoiqtisadi maraqları və fəaliyyətinin
xarakteristikası verilir. Əsərdə, həmçinin Xəzərin hüquqi statusu
probleminin tarixi, müasir geosiyasi yanaşmalar və Azərbaycanın
geoiqtisadi maraqları tədqiq edilir. Bundan əlavə, kitabda
Azərbaycanın Xəzər dənizinin karbohidrogen ehtiyatlarının sərbəst
istehsalı və ixracı siyasətinin beynəlxalq və regional geoiqtisadi
nəticələri öyrənilir.
Professor Əli Həsənov əsərində Xəzər-Qara dəniz hövzəsi və
Cənubi Qafqazın transmilli enerji ixracı sistemini tədqiq edir,
Xəzər hövzəsinin mövcud və perspektiv neft-qaz kəmərləri, region və
dünya ölkələrinin transmilli enerji ixracı siyasətinin
xarakteristikasını açıqlayır. Eyni zamanda, Azərbaycanın enerji
ixracının şaxələndirilməsi siyasəti və onun regionun ümumi
geoiqtisadi vəziyyətinə təsiri məsələlərini də araşdırır.
Müəllif Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz ölkələrinin
bölgənin alternativ Trans-Avrasiya nəqliyyat-kommunikasiya
sistemlərinə münasibəti, maraqları və iştirakı məsələlərini tədqiq
etməklə yanaşı, Azərbaycanın beynəlxalq aləmlə sərbəst və
təhlükəsiz kommunikasiya siyasəti, eləcə də onun bölgənin ümumi
geoiqtisadi vəziyyətinə təsiri məsələlərini də nəzərdən
keçirir.
"Cənubi Qafqazın hərbi-geostrateji vəziyyəti və Azərbaycanın
təhlükəsizlik siyasəti" adlanan üçüncü cilddə Cənubi Qafqazın
təhlükəsizlik mühiti öyrənilir, Azərbaycanın beynəlxalq və regional
maraqları geniş təhlil edilir. Əsərdə dünya siyasətinin
müəyyənləşdirilməsində mühüm rol oynayan Rusiya və ABŞ-ın regional
təhlükəsizliyə təsiri, eləcə də Cənubi Qafqazda yürütdükləri
siyasət, Azərbaycanın hərbi geostrateji maraqları ətraflı tədqiqata
cəlb olunur. Xüsusilə, regional və beynəlxalq təhlükəsizliyin təmin
edilməsi istiqamətində Azərbaycanın apardığı təhlükəsizlik
siyasəti, eləcə də Türkiyə və İranın ayrı-ayrılıqda regiona
yanaşması məsələləri tədqiq olunur, Xəzər-Qara dəniz hövzəsi və
Cənubi Qafqazda yürütdüyü regional təhlükəsizlik siyasəti sahəsində
Azərbaycan, Gürcüstan və Türkiyənin birgə tərəfdaşlıq platforması
öyrənilir. Həmçinin Cənubi Qafqazda hərbi geostrateji bloklaşma
meyilləri təhlil edilməklə yanaşı, bununla bağlı proqnozlar da
irəli sürülür.
Cənubi Qafqazın hərbi-siyasi problemləri və Azərbaycanın
təhlükəsizlik siyasətinin geniş təhlil olunduğu əsərdə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionun əsas
təhlükəsizlik problemi kimi göstərilir. Müəllif haqlı olaraq qeyd
edir ki, ölkəmizin əsas təhlükəsizlik problemi Ermənistanın
Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ
münaqişəsi, Azərbaycan ərazilərinin davam edən işğalı və onun ağır
sosial-iqtisadi nəticələridir.
Professor Əli Həsənov Ermənistanın Azərbaycana təcavüzünün
araşdırılmasına Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinin
təhlili ilə başlayır və elmi mənbələr əsasında ermənilərin Dağlıq
Qarabağda, eləcə də tarixi Azərbaycan torpaqlarında
məskunlaşdırılmasının ayrı-ayrı mərhələləri haqqında geniş məlumat
verir. Eyni zamanda, əsərdə erməni millətçilərinin ərazi iddiaları,
azərbaycanlılara qarşı müxtəlif vaxtlarda həyata keçirilən terror,
etnik təmizləmə və soyqırımı siyasətindən ətraflı bəhs olunur.
Müəllif, həmçinin müasir dövrdə qloballaşmanın, eləcə də
regionda gedən transmilli geosiyasi proseslərin tələbləri və
çağırışları fonunda ölkənin hərbi-geostrateji, siyasi, iqtisadi,
enerji, demoqrafik, ekoloji, informasiya və digər həyati
əhəmiyyətli sahələrində müşahidə olunan prosesləri araşdırır, bütün
bu sahələrdə yürüdülən təhlükəsizlik siyasətinin səviyyəsini,
səmərəliliyini tədqiq edir və qiymətləndirir, gələcəkdə daha çevik
təhlükəsizlik siyasəti yürüdülməsinin zəruriliyini
əsaslandırır.
Əsərin yazılması zamanı Azərbaycanda və xaricdə nəşr edilmiş
müxtəlif elmi ədəbiyyatlardan, sənəd və materiallardan, dövri
mətbuat və rəsmi internet resurslarından geniş istifadə edilib ki,
bu da təqdim olunan nəşrin dərin təhlilə, eləcə də elmi əsaslara
söykəndiyinə sübutdur.
Ümumilikdə, beynəlxalq münasibətlər sahəsində çoxsaylı
monoqrafiyaların müəllifi olan tarix elmləri doktoru, professor Əli
Həsənovun Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda nəşr
edilmiş elmi-siyasi əsərləri sırasında geosiyasətin kompleks
şəkildə tədqiqi, xüsusilə müasir dövrdə aktuallığı ilə seçilən və
Türkiyənin nüfuzlu "Ötüken" nəşriyyatı tərəfindən türk dilində nəşr
olunan üçcildlik əsəri – sayca beşinci kitabı Azərbaycan
həqiqətlərinin dost və qardaş dövlət olan Türkiyənin elmi-akademik
dairələrinə, eləcə də beynəlxalq ictimaiyyətə çatdırılması
baxımından mühüm əhəmiyyət kəsb edir.