Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Türkiyəyə rəsmi səfəri çərçivəsində ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədrinin birinci müavini Əfqan Ala ilə görüşüb.
Bu barədə Axar.az-a Milli Məclisdən məlumat verilib.
Görüşdə həmçinin AK Partinin xarici əlaqələr üzrə sədr müavini Zəfər Sırakaya da iştirak edib.
Görüş zamanı TÜRKPA-nın Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilmiş 15-ci plenar iclası və Assambleya Şurasının iclası çərçivəsində qəbul edilmiş qərarlar, eləcə də qardaş ölkələr arasında münasibətlərin yüksək səviyyədə davam etdirilməsinin vacibliyi vurğulanıb.
Həmçinin Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə daha da inkişaf etdirilməsinin və möhkəmləndirilməsinin əhəmiyyəti qeyd olunub. Azərbaycan və Türkiyənin müstəqil daxili və xarici siyasət yürüdən qüdrətli dövlətlər kimi beynəlxalq arenada öz mövqelərini möhkəmləndirməsinin və Türk dünyasının birliyinə töhfə verməsinin əhəmiyyəti xüsusi vurğulanıb.
R.Həsən Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsinin, müstəqil siyasi xəttin davam etdirilməsinin və ortaq maraqların uzlaşdırılmasının hər iki dövlətin beynəlxalq arenada mövqelərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.