Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda vurğuladı ki, Azərbaycan ikili standartlardan ən çox əziyyət çəkən dövlətlərdən biridir. Ermənistanın 30 il ərzində torpaqlarımızı işğal altında saxladığı, bir milyondan çox məcburi köçkünümüzün öz doğma yurdlarından didərgin düşdüyü, tarixi və mədəni abidələrimizin yerlə-yeksan edildiyi, 65 məscidimizin dağıdıldığı, eyni zamanda, xalqımıza qarşı soyqırım siyasətinin həyata keçirildiyi bir şəraitdə Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmədi. Beynəlxalq hüququn nəzərdə tutduğu mexanizmlər işə salınmadı.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
“Dəfələrlə şahidi olmuşuq ki, bu məsələlərə münasibətdə selektiv yanaşma mövcuddur. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr bir halda icra olunur, digər halda isə kağız üzərində qalır.
BMT münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdi və həmin sənədlərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələbi öz əksini tapmışdı. Lakin bu qətnamələr icra edilmədi. Nəticədə Azərbaycan öz gücünə, eyni zamanda, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq, döyüş meydanında qələbə qazanmaqla ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Azərbaycan 2020-ci ildə ərazi bütövlüyünü, 2023-cü ildə isə suverenliyini tam və qəti şəkildə bərpa etdi”, - deputat bildirib.
O qeyd edib ki, müasir dünyada sanksiyalardan təzyiq vasitəsi kimi geniş istifadə olunur:
“Uzağa getməyə ehtiyac yoxdur. Şimal və cənub qonşularımıza nəzər salsaq, hər iki istiqamətdə BMT tərəfindən çoxsaylı sanksiyaların tətbiq edildiyini görərik. Bəs Azərbaycan təcavüzə məruz qalanda niyə eyni addımlar atılmadı?
Deməli, beynəlxalq hüquq sahəsində ikili standartların və selektiv yanaşmaların mövcudluğu beynəlxalq miqyasda sülhə ciddi təhdidlər yaradır. Ayrı-ayrı dövlətlərdə elə bir yanaşma formalaşır ki, guya onlar cinayət törədə, başqa ölkələrin ərazilərini işğal edə, təcavüzə əl ata və bütün bunlara görə cəzasız qala bilərlər. Bu, beynəlxalq miqyasda bu gün mövcud olan ən ciddi təhdidlərdən biridir.
Lakin Azərbaycan öz yolu ilə gedir. Ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etdikdən sonra Ermənistana sülh təklif etdik. Bu, Azərbaycanın irəli sürdüyü unikal təşəbbüsdür.
Biz istəyirik ki, sülh şəraitində yaşayaq və bu istiqamətdə ardıcıl addımlar atırıq. Hesab edirik ki, Azərbaycanın təcrübəsi digər ölkələr üçün də nümunə ola bilər.
Dünyanın bir çox ölkəsi müharibə vəziyyətindədir və bu münaqişələrdən çıxış yolu tapa bilmir. Bəs müharibələrdən necə çıxmaq olar? Bunun üçün hansı addımlar atılmalıdır? Məhz bu məqamda Azərbaycanın təcrübəsi nümunə kimi çıxış edə bilər”.