Keçmiş deputat Hüseyn Abdullayevin hazırda yaşadığı Almaniyada
mühacir statusu almaq üçün etdiyi müraciətə rədd cavab verilməsi
barədə mediada xəbər yayılıb. Bu gün isə Hüseyn Abdullayevlə bağlı
başqa bir daha bir məlumat dolaşır. İddia olunur ki, Almaniyadan
deportasiya edilmək təhlükəsi ilə üzləşən H.Abdullayev belə bir
vəziyyətə düşməmək üçün bu ölkədən qaçqın statusu almaq üçün
müraciət edib.
"AzNews.az"ın əldə etdiyi məlumata görə, H.Abdullayev qaçqın
statusu almaq üçün müraciətini Azərbaycanda siyasi təqiblərlə
üzləşməsi, həbsdə qalması, onu cəzalandırmaq üçün qardaşının
2013-cü ildə gömrük orqanlarındakı işindən kənarlaşdırılması və
barəsində cinayət işinin açılması ilə əlaqələndirib. H.Abdullayev
qaçqın statusu almaq üçün müraciətinə bəzi sənədlər də əlavə edib.
Bu sənədlər sırasına onun deputat olarkən Fəzail Ağamalı tərəfindən
hücumlara məruz qalması, parlamentdəki məşhur davanın
videogörüntüləri, bu hadisədən sonra ona edilən hücumlar barədə
mətbuatda dərc olunan yazılar, prezident seçkiləri öncəsi müəllifi
olduğu "Susma" klipi, barəsində açılan cinayət işi ilə bağlı
materiallar daxildir. Bütün bunları Almaniyanın müvafiq qurumlarına
təqdim edən H.Abdullayev Azərbaycana qayıdacağı təqdirdə həyatı
üçün böyük təhlükə olduğunu vurğulayıb.
"AzNews.az"ın Almaniyada yaşayan və sığınacaq üçün müraciət edən
soydaşlarımızdan əldə etdiyi məlumata görə isə qaçqın statusu almaq
üçün müraciətindən sonra H.Abdullayev vəkillə də təmin edilib.
Hazırda müvafiq qurumlar bu müraciətin araşdırılması ilə
məşğuldur.
Almaniya qanunvericiliyinə görə, qaçqın statusu almaq üçün
müraciətlərə 6 ay ərzində cavab verilməlidir. Hüseyn Abdullayevlə
bağlı sənədlərdə onun Almaniyanın Vestfalia Şimali Reyn torpağında
məskunlaşdığı bildirilir. Başqa bir məlumata görə isə, Almaniya
hökuməti H.Abdullayevin sübut kimi təqdim etdiyi materialları qəbul
etməyə bilər. Buna səbəb isə H.Abdullayevin hələ də Azərbaycanda
biznesinin olmasıdır.
Bu iddialarla bağlı "Musavat.com" Hüseyn Abdullayevin vəkili
Akif Əlizadə ilə əlaqə saxlayıb. Akif Əlizadə Hüseyn Abdullayevin
deportasiya edilməsi ilə bağlı heç bir məlumatı olmadığını, bu
xəbəri internet saytlarında oxuduğunu bildirib.
Daha sonra "əgər Hüseyn Abdullayev Azərbaycana qayıdarsa, onu
hansı təhlükə gözləyir", sualına Akif Əlizadə birbaşa cavab verib:
"Qayıdarsa, Hüseyn Abdullayev həbs olunacaq. Bildiyiniz kimi,
Hüseyn Abdullayev əsassız və qanunsuz olaraq AR CM-nin 213.2.2-ci
(Vergi ödəməkdən yayınma) və 192.2.2-ci (Qanunsuz sahibkarlıq)
maddələri ilə ittiham edilib.
Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsinin sanksiyasında üç
ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən
yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzası nəzərdə
tutulur.
Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsinin sanksiyasında cinayət
nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli
miqdarında cərimə və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzası nəzərdə tutulur.
Xatırladaq ki, Hüseyn Abdullayev Abbas oğlu Bakı şəhəri Yasamal
Rayon Məhkəməsinin 26 iyun 2013-cü il tarixli, iş № 4(004)-435/2013
saylı qərarı ilə barəsində 2 (iki) ay həddində qətimkan tədbiri
qismində həbs seçilmiş və saxlanılması üçün axtarışa
verilmişdir".