Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
Aztelekom İstehsalat Birliyinə verdiyi tapşırıqda regioanlarda
yerləşən bütün hərbi hissələrə taksofon quraşdırılacağı
bildirilib.
Tapşırıqda göstərilir ki, 10 gün müddətində Müdafiə Nazirliyinin
bütün hərbi hissələrinə şəhərlərarası taksofonların quraşdırılması
başa çatdırılmalıdır.
Məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov "Axar.az"a
açıqlamasında taksofonların quraşdırılmasının nə dərəcədə müsbət
addım olmasına aydınlıq gətirdi:
"Doğrusu, mən bu xəbəri bir qədər öncə eşitdim və eşitdiyim anda
bu xəbər məndə təəccüb doğurdu. Başa düşürəm ki, Müdafiə naziri
hörmətli Zakir Həsənov vaxtilə Daxili Qoşunların komandanı olarkən
onlarda belə bir praktika mövcud idi. Bu yolla da əsgərlər öz
yaxınları və doğmaları ilə əlaqə yarada bilirdilər. Amma bu qərarın
Müdafiə Nazirliyində təsdiq edilməsi prosesində son dərəcə diqqətli
olmaq lazımdır. Çünki Müdafiə Nazirliyi döyüş əməliyyatlarıyla,
ölkənin ərazi bütövlüyü və təhlükəsizliyi ilə bağlı olan güc
strukturudur. Taksofonların hansı hərbi hissələrdə mümkündürsə,
orada quraşdırılmasının əleyhinə deyiləm. Döyüş tapşırığı ilə bağlı
məsələlər olan hərbi hissələrdə isə taksofonların quraşdırılması
çox ciddi fəsadlar yarada bilər. Təbii ki, kifayət qədər əsgər olan
hərbi hissələrdə hər əsgərin yanına bir zabit qoymaq mümkün deyil
ki, əsgərə nəzarət etsin. Onların arasında möhkəm iradəli olan da
ola bilər, kimlərsə tərəfindən müəyyən əməkdaşlığa cəlb olunanlar
da. Belələri də müəyyən maraqlar qarşılığında döyüş tapşırığının
vaxtını, texnikanın sayını və s. məlumatları digərinə ötürə
bilərlər. Bu səbəbdən də biz özümüzə problem yaratmamalıyıq. Mən
həmişə yeniliyin tərəfdarı olmuşam, amma indiki vəziyyətdə son
dərəcə ehtiyatlı davranmaq lazımdır. Ola bilsin ki, taksofonların
quraşdırılmasında kiminsə biznes marağları var, amma biz bu
maraqları dövlətin marağından önə çəkə bilmərik. Məxfiliyin
qorunması yüksək səviyyədə olmazsa, hansısa hərbi hissənin verdiyi
komanda ani bir vəziyyətdə sıradan çıxa bilər. Taksofonlar
nəzarətdədir. Lakin məlumatı ötürən şəxsin hüquq-mühafizə orqanları
tərəfindən axtarılıb tapılması bir neçə saat hətta bir gün çəkə
bilər. Bu da hərbi hissəyə aid olan məxfi sirrin ötürəlməsinin
qarşısını almaq üçün kifayət qədər böyük vaxtdır.
Taksofonların Bakıda yox, regionlarda quraşdırılması isə mənim üçün
çox maraqlıdır. Mən düşünürəm ki, bu məsələni regionlarda daha
sonra həll etmək olardı. Çünki Müdafiə Nazirliyinin əksər hərbi
hissələri səhra şəraitindədir. Ola bilsin ki, gecəylə tapşırıq
verilsin ki, səhər hücuma keçirik və əsgər "Məmmədov"da evlərinə
zəng edib bu barədə məlumat verir. Bu məlumatı da tək Azərbaycanda
yox, əksər yerdə dinləyirlər. Bu halda bizim qazancımız nə olacaq?
Mən elə düşünürəm ki, taksofonlar quraşdırılandan bir müddət sonra
fəsadlar ortaya çıxacaq. Bundan sonra da onların hərbi hissədən
yığışdırılmasına göstəriş veriləcək.
Dünya praktikasında müharibə şəraitində olmayan ölkələrdə bu sistem
çox uğurla tətbiq olunur. Belə ölkələrdə tək taksofon yox, hətta
əsgərin istifadə etməsi üçün planşet də var. Bəzən bizim ordumuzu
dünya ölkələrinin orduları ilə müqayisə edirlər. Bu müqayisəni
edənlər bilməlidir ki, o ordulardakı əsgərlərin və zabitlərin
aldığı məvacib bizim zabit və əsgərlərimizin aldığı məvacibdən
qat-qat fərqlidir.
Biz bugünkü gündə birinci növbədə əsgərlərimizi yaxşı qida və qış
vaxtında istiliklə təmin etməliyik. Taksafon məsələsi 5-6-cı yerdə
duran məsələdir. Rabitə Nazirliyində xeyli taksofon istifadəsiz
qalıb. Onları da hər halda Müdafiə Nazirliyinin xətti ilə hərbi
hissələrə göndərmək istəyirlər. O taksofonlar Azərbaycanın və
Türkiyənin istehsalı olsaydı, hardasa başa düşərdim. Çinin,
Malayziyanın, İsrailin istehsalı olan taksofonlarına isə kim
qarantiya verə bilər ki, dinlənilmir?