"Son bir neçə ildə Belarus-Azərbaycan münasibətləri
möhkəmlənib, çox yüksək səviyyəyə çatıb. Biz iqtisadi əlaqələrdə,
sənaye istehsalı sahəsində, humanitar sahədə, energetika sahəsində
yaxşı nəticələr əldə etmişik. Lakin ən başlıcası, son illərdə fəal
qarşılıqlı əlaqələr bizi bir-birimizə o dərəcədə yaxınlaşdırıb ki,
artıq nəinki regionda, həm də bütün dünyada Belarus və Azərbaycanı
çox yaxın, dost ölkələr hesab edirlər".
"Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə
görə, bunu noyabrın 21-də Azərbaycan prezidenti İlham Əliyev
Azərbaycan və Belarus nümayəndə heyətlərinin iştirakı ilə geniş
tərkibdə keçirilmiş görüşdə deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan-Belarus münasibətlərinin
əsasını səmimiyyət, qarşılıqlı hörmət, qarşılıqlı dəstək təşkil
edir: "Biz bu baza üzərində sanballı münasibətlər qurmuşuq. Bu gün
bizim müəssisələr arasında əlaqələr genişlənir, investisiya
layihələri, sənaye istehsalı ilə bağlı layihələr həyata keçirilir,
təcrübə mübadiləsi aparılır. Başqa sözlə desək, bizim
münasibətlərimiz tam dəyərli xarakter daşıyır".
Prezident İlham Əliyev qeyd edib ki, Belarus prezidentinin
Azərbaycana səfəri bu münasibətlərə yeni təkan verəcək: "Bu gün
imzalayacağımız sənədlər də daha fəal əməkdaşlığımıza, bir-birimizi
dəstəkləməyə, bir-birimizə kömək etməyə və birgə işləməyə kömək
edəcək".
Görüşdə çıxış edən Belarus prezidenti Aleksandr Lukaşenko iki
dövlət arasında yaranan səmimiyyətə görə Azərbaycan prezidentinə
təşəkkürünü bildirib: "Bu, təbiidir. Yəqin ki, bu, ümumiyyətlə,
Sizin xalqın milli xarakterinə və bu xalqın bir hissəsi kimi Sizə
də xas olan cəhətdir. Bizim nümayəndə heyətini, məni və
ümumiyyətlə, Azərbaycanda belarusları həmişə səmimiyyətlə qəbul
etdiyinizə görə sağ olun. Güman edirəm ki, bizim ölkədə Sizin
xalqın, Sizin millətin nümayəndələrinə münasibət mənasında Sizin də
bizə qarşı heç bir narazılığınız yoxdur və ola da bilməz. Buna görə
çox sağ olun".
Aleksandr Lukaşenko qeyd edib ki, iki ölkə arasında,
ümumiyyətlə, istər siyasətdə, istərsə də diplomatiyada heç bir
problem yoxdur: "Biz beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq
edirik. Siz bizi həmişə dəstəkləmisiniz və dəstəkləyirsiniz. Biz də
sizi həmişə dəstəkləmişik və dəstəkləyirik. Ticari-iqtisadi sahədə,
iqtisadiyyatda da çox sanballı dinamika yaranıb". Belarus
prezidentinin sözlərinə görə, 2006-2012-ci illərdə ticari-iqtisadi
əlaqələrimizin genişlənməsinin göstəricisi olan əmtəə dövriyyəsi
meyarı altı dəfə artıb: "Bu, çox sanballı göstəricidir. Lakin əmtəə
dövriyyəsinin mütləq həcminin 300 milyon dollar təşkil etməsi
qaneedici deyil. Bizim imkanlarımız daha çoxdur. Allaha şükür,
bizim bu həcmi artırmağa imkanımız var. Bu problemi Sizinlə indicə
müzakirə etdik – bu həcmi burada təkcə yığma əməliyyatları ilə
məhdudlaşmayan istehsalatlar yaradılması hesabına artırmağa
imkanımız var. Bu istehsalatlardan bəzilərinin lokallaşma dərəcəsi
40-60 faiz həcmindədir. Bu artıq müştərək istehsalat deməkdir.
Əlbəttə, bizim sizinlə bərabər Azərbaycan torpağında istehsal edə
biləcəyimiz məhsullar Azərbaycana sığmaz. Biz bu barədə danışdıq.
Mən Prezidentdən xahiş etdim ki, onun beynəlxalq aləmdə nüfuzundan
istifadə edərək biz üçüncü ölkələrdə birlikdə ticarətlə məşğul
olaq. Bu, çox vacibdir. Biz beynəlxalq bazarlara fəal daxil olmalı
və birgə istehsalatların məhsullarını birlikdə sataraq bu hesaba
müvafiq mənfəət əldə etməliyik".
Aleksandr Lukaşenko Belarus mütəxəssislərinin hökumətlərarası
komissiya çərçivəsində sənaye kooperasiyası üzrə işçi qrupu
yaradılması barədə fikirləşməyi təklif etdiklərini bildirib:
"Təkbətək söhbətimizdə Siz bu barədə çox danışmısınız".