İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Səngəçal
neft terminalında olublar.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı
məlumat yayıb.
Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun rəhbərlik
etdiyi nümayəndə heyəti Xəzər regionunda bənzərsizliyi ilə seçilən
Xəzər Enerji Mərkəzi ilə tanış olub.
Məlumat verilib ki, Azərbaycanın neft-qaz sənayesinin tarixini
dolğun əks etdirən bu Mərkəz ölkəmizin dünya neft və qaz
sənayesindəki rolunu geniş təbliğ edir. Mərkəz 2005-ci ildə Amerika
Birləşmiş Ştatları, Böyük Britaniya, Gürcüstan və Qazaxıstandan
olan yüksək səviyyəli rəsmi qonaqların iştirakı ilə Prezident İlham
Əliyev tərəfindən açılmışdır. Mərkəzin istifadəyə verilməsi
Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin Azərbaycan
hissəsinin açılışı ilə eyni vaxta təsadüf edib. Burada qonaqlar
rəmzi nişan kimi öz əl izlərini qoyub və bu nişan Xəzər Enerji
Mərkəzinin rəmzinə çevrilib.
Qonaqlara respublikamızın neft tarixinin xronologiyası barədə
ətraflı məlumat verilib. Bildirilib ki, Mərkəzin əsas
məqsədlərindən biri Azərbaycanın neft və qaz sənayesinin 150 illik
tarixini nümayiş etdirməkdir. Neft və qaz sənayesi Azərbaycan üçün
yalnız iqtisadi dəyər daşımır, o, eyni zamanda, milli qürur
mənbəyidir. Dünyada ilk dəfə mexaniki üsulla neft quyusu 1847-ci
ildə Bibiheybət ərazisində qazılıb. XIX əsrə qədər dünyada hasil
edilən neftin yarısı ölkəmizin payına düşüb. XIX əsrin ikinci
yarısında xarici ölkələrin iş adamları Azərbaycanda biznes
fəaliyyətinə başlayıblar. Bunlara bütün dünyada tanınan Rotşildlər
və Nobel qardaşlarını misal göstərmək olar. Dünyada məşhur olan
Nobel mükafatı həm də Alfred Nobelin Bakıdakı neft yataqları üzrə
səhmlərinin satışından əldə olunmuş vəsaitlərin toplanması hesabına
yaradılıb. İkinci Dünya müharibəsi illərində Sovet İttifaqında
neftin 75 faizini hasil edən Azərbaycan ordunu yanacaqla təchiz
edərək, Qələbənin əldə olunmasında əhəmiyyətli rol oynayıb.
Ötən əsrin 70-80-ci illəri isə Xəzər dənizinin dərin sulu
sektorlarındakı yataqların işlənməsi və neft-kimya sənayesinin
inkişafı ilə səciyyəvidir. Azərbaycan müstəqilliyini bərpa etdikdən
sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə nəhəng
"Azəri-Çıraq-Günəşli" yatağının işlənilməsi məqsədilə "Əsrin
müqaviləsi" kimi tanınan hasilatın pay bölgüsü haqqında müqavilə
imzalanıb. Bu müqavilə ölkənin sürətli inkişafına təkan verərək,
onu regional enerji mərkəzinə çevirib.
Qonaqlar müxtəlif yataqlardan hasil edilən neft nümunələrinə də
baxıblar.
Sonra "Şahdəniz" və "Cənub qaz dəhlizi" layihələrindən bəhs edən
videoçarx nümayiş etdirilib.
Prezident İlham Əliyevə və Avropa Komissiyasının sədri Joze
Manuel Barrozuya xatirə hədiyyələri təqdim olunub.
Terminalın ərazisində gəzinti zamanı bildirilib ki, Səngəçal
terminalı haqlı olaraq Azərbaycanın neft və qaz sənayesinin döyünən
ürəyi hesab edilir. O, Azərbaycanın Xəzər dənizindəki yataqlarından
hasil edilən xam neftin və qazın qəbul edildiyi, emal olunduğu,
saxlandığı və ixrac edildiyi neft və qaz terminalıdır.
"Azəri-Çıraq-Günəşli" yatağından ötürülən neft və "Şahdəniz"dən
nəql edilən qaz terminala daxil olur, əsasən Bakı-Tbilisi-Ceyhan və
Cənubi Qafqaz Boru Kəməri vasitəsilə ixrac edilir. Dünyanın ən
böyük və səmərəli neft və qaz terminallarından sayılan Səngəçal
terminalının sahəsi 550 hektardan çoxdur. Terminalda gündə 1,2
milyon barreldən çox xam neft və 40 milyon kubmetrdən artıq qaz
emal edilə bilir. Onun xam neft saxlama həcmi 3,2 milyon barrel
təşkil edir. Terminalın sahəsi mürəkkəb boru kəmərləri və avadanlıq
şəbəkəsi ilə əhatə olunub. Dənizdəki qurğulardan terminala daxil
olan boru kəmərləri müxtəlif marşrutlara istiqamətlənməklə
Azərbaycanın yüksək keyfiyyətli xam neftini və qazını dünya
bazarlarına nəql edir.
Bundan əlavə, terminal Qazaxıstan və Türkmənistan neftini də
qəbul edir. "İlkin Neft Layihəsi" və "Səngəçal Terminalının
Genişləndirilməsi Proqramı" nəticəsində terminalda hər birinin
həcmi 25.500 kubmetr olan və ildə 6 milyon tondan çox xam nefti
emal etmək, saxlamaq və ixrac etmək iqtidarında olan 4 xam neft
saxlama çəni yerləşir. Terminaldakı idarəetmə mərkəzi Azərbaycan,
Gürcüstan və Türkiyə ərazilərindən keçən ixrac boru kəmərlərinin
fəaliyyətini hərtərəfli nəzarətdə saxlaya, problemləri aşkara
çıxara bilir. Bundan başqa, Səngəçal terminalı "Şahdəniz" qaz
qurğusundan gündə 40 milyon kubmetrdən artıq "mavi yanacaq" qəbul
edə bilir.
Mövcud "Şahdəniz" qurğusunun arxasında isə gələcək
genişləndirilmə sahəsinin ərazisi yerləşir. "Şahdəniz"in ikinci
mərhələsi çərçivəsində Səngəçal terminalında əsas genişləndirmə
işləri aparılacaq. Bu, terminalın ümumi qaz emalı həcminin üç misli
qədər, yəni, ildə əlavə 16 milyard kubmetr qaz emal etməsinə imkan
verəcək və nəhəng kompleksin Azərbaycanın neft-qaz sənayesi üçün
əhəmiyyətini daha da artıracaq.
Terminalın işçi heyətində milli kadrların daha geniş təmsil
olunmaları ilə bağlı da ardıcıl iş aparılır. Artıq "İlkin Neft
Layihəsi"ndə çalışanların hamısı azərbaycanlı kadrlardır.
Səngəçal terminalı öz neft və qaz ixrac sistemləri ilə birlikdə
Azərbaycanı Avropa ilə Asiyanın kəsişməsində mühüm bir qovşağa
çevirir.
Qonaqlar terminalla tanışlıqdan xoş təəssüratla ayrılıblar.