Bir neçə gün bundan öncə Gürcüstan parlamentinin
üzvlərinin Bakı Beynəlxalq Hava limanında üzləşdikləri insindentlə
bağlı yaranan qalmaqala son qoyulub.
Axar.az xəbər verir ki, məsələyə bu ölkənin parlament sədri
David Usupaşvili "İmedi" telekanalına müsahibəsində aydınlıq
gətirib. Spiker bildirib ki, Bakı Hava limanında əsl anlaşılmazlıq
yaşanıb. O, gürcü deputatlar İrma Nadiraşvili və Zurab Caparidzenin
Tiflisə gəlişi haqqında daha geniş məlumata malik olmadığını
açıqlayıb. Usupaşvili qeyd edib ki, deputatlar Bakıda Gürcüstan
parlamentinin tövsiyyəsi və təlimatı ilə olmayıblar:
"Mən onların səfərləri barədə əlavə informasiyaya malik deyiləm. Amma bir məqam dəqiqdir ki,
orada əsl anlaşılmazlıq yaşanıb. Həmkarlarım məsələni yoluna
qoyublar və onlar hazırda Gürcüstandadırlar, fəaliyyətlərini davam
etdirirlər. Təkrar edirəm, əlavə məlumata malik deyiləm. Eyni
zamanda, vəzifəmdir ki, parlamentimizin istənilən üzvünün problemlə
üzləşdiyi halda onlara yardım edəm. Konkret bu məsələdə
deputatlarımız özləri məsələni həll edəcəklərini bildirdilər və
yoluna qoydular. Mən həmçinin səfirimizin fikirləri ilə də tanış
oldum. Hadisələrin böyük miqyas almaması üçün əllərindən gələni
edən Azərbaycandakı dostlarımıza da təşəkkürümü bildirmək istərdim.
Biz diqqətli olmalıyıq. Söhbət məndən, Naderaşvili və digər
deputatlardan deyil, iki ölkə arasında əlaqələrdən gedir. İki
həftədən sonra Bakıya səfər edəcəm. Əminəm ki, bu insindent
ölkələrimiz arasında əlaqələrə təsir etməyəcək".
Artıq Gürcüstanda əksər siyasi təhlilçilər və müxalifət
düşərgəsi Qaribaşvili hökumətini təcrübəsizlikdə qınamağa
başlayıblar və Azərbaycan kimi önəmli müttəfiqi ilə diqqətli olmağa
çağırıblar.
Bəs, nə baş vermişdi?
Bir neçə gün öncə Gürcüstan deputatları İrma Nadiraşvili və
Zurab Caparidze üstlərində gömrük bəyannaməsinə salınmamış böyük
məbləğdə pul olduğu bildirilərək, Bakı aeroportunda saxlanmışdılar.
Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze pulun
təxminən 1 milyon dollar olduğunu demişdi.
Əvəzində isə iyunun 20-də Tiflis Bakıya nota verdi və məsələnin
araşdırılması üçün Xarici İşlər naziri Mayya Pancikidze
Azərbaycanın Tiflisdəki səfirinin Gürcüstan XİN-ə çağırıldığını
bəyan etdi.
Bu arada Fransanın Berjerak şəhəri merinin gürcü məsləhətçisi
Nuqzar Sulaşvili sosial şəbəkədə yeni faktlar ortaya qoydu və bu
məlumatlar Gürcüstan (eləcə də Azərbaycan) mediasında böyük
rezonans yaratdı. Sulaşvili bildirdi ki, onda hadisənin necə baş
verməsi barədə 100 faizlik məlumat var. Ona bu məlumatları
Gürcüstandakı vəzifəli dostlarından biri deyib:
"Həmin şəxsin adını açıqlamağa ehtiyat edirəm. Çünki onu dərhal
işdən çıxararlar. Gürcüstan Xarici İşlər nazirinin müavinləridən
biri nazir Maya Pancikidzenin göstərişi ilə ölkəsinin Bakıdakı
səfirliyinə zəng etməyi tapşırıb. Məqsəd müxalifətdə olan Milli
Hərəkat Partiyasını (Saakaşvilinin partiyası – red.) parlamentdə
təmsil edən deputatların qeyri-qanuni yolla Gürcüstana külli
miqdarda pul keçirmək istəkləri barədə xəbəri səfirin diqqətinə
çatdırmaq olub. Səfirə dərhal hərəkətə keçmək və Bakı Hava
limanında lazımı tədbirlər görmək göstərişi verilib. Səfir isə
uyğun olaraq Azərbaycanın aidiyyəti qurumlarını məlumatlandıraraq,
köməklik göstərmələrini istəyib. Səfir Azərbaycan tərəfini əmin
edib ki, bu, iki ölkə arasında diplomatik qalmaqal deyil, əksinə,
onlarda yalnız məmnunluq hissi yaradacaq.
Təbii ki, azərbaycanlı sərhədçilər Zurab Caparidze və İrma
Naderaşvilini saxlayaraq, onların üzərində axtarış aparıblar.
Gözləntidən fərqli olaraq, onlardan heç nə tapmayıblar. Bu zaman
sərhədçilər Azərbaycan Xarici İşlər Nazirliyini və Daxili İşlər
Nazirliyini məlumatlandırıblar. Məsələyə kəskin reaksiya verən
azərbaycanlı nazir Gürcüstanın Bakıdakı səfirini telefonla
arayaraq, yanlış məlumata görə ona etirazını bildirb. Bir neçə saat
sonra isə Pancikidzenin özü gürcü səfirini yığıb və onu hədələyərək
vəziyyətdən çıxış yollarını tapması göstərişini verib. Əlavə edib
ki, əks halda səfir postunu itirməli olacaq.
Səfir Teymuraz Şaraşenidzenin reaksiyası da nazirinə kəskin
olub. Əlavə edib ki, bu avantüraya onu elə Pancikidze
sürükləyib".
Sulaşvili sonda bildirmişdi ki, hazırda Gürcütanın müvafiq
qurumları çaşqınlıq içindədir.