"Ermənistan gücsüz, regionda heç bir mövqeyə malik
olmayan vassal bir qurumdur".
Axar.az xəbər verir ki, bu fikirləri saytımıza ekskluziv
açıqlamalarında əcnəbi politoloqlar Azərbaycan-Ermənistan təmas
xəttində baş verən son hadisələri şərh edərkən deyiblər.
Azərbaycanlı oxucuların da yaxşı tanıdığı politoloq ukraynalı
Oleq Panfilov vurğulayıb ki, gərginlik iki əsas səbəbdən
qaynaqlanıb:
"Təmas xəttində baş verənləri iki əsas səbəblə əlaqələndirərdim
– birincisi, Ermənistan öz daxilindəki sosial problemləri
ört-basdır etmək istəyir. İkincisi isə, rəsmi İrəvanın havadarı
olan Rusiya Ukrayna məğlubiyyətini əlavə münaqişə ocaqları, gərgin
vəziyyətlər yaratmaqla kompensasiya etmək istəyir. Ən vacib məqam
isə, sanksiyalardan sonra ağır zərbə alan Kremlin enerji
layihələrinə görə Azərbaycanı zəiflətmək istəyidir. Hazırda bu,
Rusiyanın ən ağrılı yeridir. Təsadüfi deyil ki, Rusiya son zamanlar
bütün siyasətini münaqişələr yaratmaq, hərbi siyasət üzərində
qurur. Siyasətçilərin çıxışlarını təhlil etsək, hər hansı
danışıqlar prosesinin aparılmadığının və bütün yolların münaqişəyə
yönləndirildiyinin şahidi olarıq".
Panfilov hadisələrin qarşıda hansı məcrada inkişaf edəcəyi
məqamına da toxunub:
"Ağlı başında olan insanlar gözəl bilirlər ki, Ermənistanda
Rusiyaya qarşı mövqe sərgiləyən şəxslər az deyil. Daimi gərginlik
altında yaşamaq, əsrlərlə çiyin-çiyinə yaşadığın qonşulara qarşı
pis münasibət sərgiləmək müsbət heç nə vəd etmir. Fikrimcə,
proseslər müharibə həddinə gəlməyəcək. Problemin həlli üçün yeni
təşəbbüslər meydana gələcək. Amma Moskvasız".
Krımın ilhaqından sonra Qərb Rusiyaya qarşı ciddi sanksiyalar
tətbiq etdi. Panfilovdan nədən bunu Dağlıq Qarabağ münaqişəsinə
görə Ermənistan qarşı tətbiq olunmadığını soruşduq:
"Cavab verməkdə çətinlik çəkirəm... Söhbət təkcə Qarabağdan
deyil, həmçinin Rusiyanın burnunu soxduğu Gürcüstanın, Moldovanın
üzləşdiyi problemlərdən də getməlidir. Fikrimcə, gec olmadan
xuliqanlar layiqli cavablarını alacaqlar. İkincisi, nəhəng dövlətə
qarşı müqavimət elə də asan məsələ deyil, amma düşünürəm ki, həmin
məqam yetişib. Ermənistan da məcbur olacaq ki, sərgilədiyi regional
siyasətində korrektələr, dəyişikliklər etsin. Ukrayna hadisələri
imperiyanın məhvinin başlanğıcı oldu. Bununla da postsovet
məkanındakı münaqişələrin obyektiv həllinin vaxtı yetişdi. Məlum
avqust hadisələrinə görə Rusiyaya tutarlı sanksiyaların tətbiq
olunmaması məqamına gəlincə, bəli, Almaniya müəyyən mərhələlərdə
Kremli müdafiə etdi. Amma rəsmi Berlin indi anlamağa başlayıb ki,
Rusiya ilə başqa dildə danışmaq lazımdır. Dağlıq Qarabağ
münaqişəsinə görə Ermənistanın cəzalandırılmaması məsələsinə
gəlincə, hesab edirəm ki, bu ölkə müstəqil və regional qüvvə deyil.
İrəvan üçüncü ölkələrin istəyini, məramını və tapşırıqlarını həyata
keçirir".
Suxumi Universitetinin professoru Quram Marxuliyanın da
fikriləri oxşar oldu:
"Ukrayna hadisələri fonunda uğursuzluğa düçar olan Putin rejimi
Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək üçün Dağlıq Qarabağ
Ermənistan-Azərbaycan münaqişəsinə əl atdı. Səbəb həm də əməllərini
diqqətdən yayındırmaqdır. Gürcüstanda çox ehtiyat edirlər ki, əgər
ərazi bütövlüyünün bərpası üçün Azərbaycan irimiqyaslı müharibəyə
başlayarsa, Ermənistan ordusu qısa bir müddətə darmadağın ediləcək
və bir müttəfiqi kimi, məsələyə Rusiya müdaxilə edəcək. Əlavə
qoşunların yeridilməsi üçün Moskvanın qurudan yalnız Gürcüstan
üzərindən variantı mövcuddur. Ehtiyat edirik ki, Rusiya Gürcüstanı
ilhaq edəcək. Bu da alınmasa, ölkənin cənubundakı və ermənilərin
kompakt yaşadığı Samsxe Cavaxetiya bölgəsini ələ keçirəcək".
Marxuliya da Ermənistana sanksiyaların tətbiq olunmaması
məqamına toxunub:
"Ermənistana sanksiyaların tətbiq olunmamsının kökündə mühüm
amil durur – o da bu ölkənin dünya birliyi tərəfindən müstəqil bir
dövlət kimi tanınmamasındadır. Bu ölkəyə qarşı sanksiyaların
tətbiqini dilə gətirməyin özü gülməlidir. Ermənistan faktiki
olaraq, Rusiyanın bir quberniyasıdır".
Azərbaycan-Ermənistan təmas xəttində baş verən hadisələrin hansı
məcrada inkişaf edəcəyi sualına cavabında gürcü politoloq bunları
deyib:
"Cənubi Qafqazda geosiyası mübarizə başa çatmaq üzrədir.
Əlbəttə, Rusiya və ABŞ-ın nüfuz savaşı səbəbindən meydana gələn
münaqişələrin yaxın vaxtda həlli qaçılmazdır. Başda prezident İlham
Əliyev olmaqla Azərbaycan olduqca uğurlu və balanslaşdırılmış
siyasət həyata keçirir. Son hadisələr də göstərdi ki, Azərbaycan
nəinki öz torpaqlarını geri qaytara, hətta bir dövlət kimi,
Ermənistanın mövcudiyyətinə son qoya bilər. Bu səbəbdən də
Ermənistan prezidentlərin Soçidə görüşünü xahiş etdi".