"Səfər Əbiyevin həmin səhvidir ki, indi camaatın başına
bəla olub".
Bu sözləri Axar.az-a Tovuzun əfsanəvi döyüşçülərindən biri -
özünümüdafiə batalyonunun komandiri olmuş Etibar Əmiraslanov son
günlərdə cəbhədə baş verən hadisələrə münasibət bildirərkən
dedi.
Onun sözlərinə görə, hazırda Azərbaycanın partizan dəstələrinə
ehtiyacı var: "Cavanlardan könüllü batalyonlar, partizan dəstələri
yaratmaq lazımdır. Kəşfiyyatçılarımız, partizanlar daima
ermənilərin içində olmalıdır. Ermənilərdə qorxu yaratmaq lazımdır,
onlar təlaş içindədirlər və bu təlaş daha da artmalıdır. Onların
körpülərini, evlərini dağıda bilərik. Bizim uşaqlıq illərimiz o
torpaqlarda keçib, biz orda böyümüşük. Ona görə də mən oranı, həmin
əraziləri yaxşı tanıyıram".
40 qəpik maaş alırdım
Keçmiş komandir 90-ci illərin əvvəlində vəziyyətin indiki kimi
olmadığını, çox çətin durumda döyüşdüklərini bildirib:
"Mən könüllü özünümüdafiə batalyonunun komandiri olmuşam. O
vaxtlar biz 2 min (indiki 40 qəpik) maaş alırdıq. Məndən yüksək
rütbədə olanlar o vaxt 5-6 min (1,20 qəp) alırdı. Deyirdilər, sənin
rütbən yoxdur. Ona görə də mən 2 min alırdım. Mən əvvəllər rütbə
almamışam. Sonradan rütbə verəndə baş leytenant olmuşam".
Səfər Əbiyev imkan vermədi
Əfsanəvi döyüşçü həmin dövrlərdən danışarkən keçmiş Müdafiə
naziri Səfər Əbiyevə təkliflər verdiyini, lakin etirazla
qarşılandığını bildirdi:
"Atəşkəs elan olunduqdan sonra da ermənilər bundan istifadə
edirdi. Onlar 1 kilometrdən bizi atəşə tuturdu. İndi də Tovuzun
Əlibəyli kəndi onun zülmünü çəkir. Onlar gəlib bizim 50
metrliyimizdə səngər qazırdı. Mən onlardan bir-ikisini vurub
dağıtdım. Sonradan bu, Səfər Əbiyevin xətrinə dəydi. Ona dedim ki,
gəlib sənin qarşında səngər qazırlar, vuraq-dağıdaq, geri
çəkilsinlər. O isə dedi ki, necə yəni? Atəşkəs elan olunub. Ora
onların ərazisidir, harada istəsələr, səngər qaza bilərlər. Elə
mənim ordudan uzaqlaşmağımın səbəblərindən biri də bu idi. İndi də
həmin səngərlərdir ki, camaatın başına bəla olub".
Ermənini saçından tutub gətirmişəm
Keçmiş komandirin sözlərinə görə, yerli camaat köhnə döyüşçüləri
tələb edir:
"Məni hirs boğur. Ermənilər bütün məzarlarımızın daşlarını
çilik-çilik ediblər. Orada mənim valideynlərim uyuyur. Bu dəqiqə
partizanlara böyük ehtiyac var. Partizanlar da ancaq düşmənin
içərisində işləməlidir. Başqa cür mümkün deyil. Dəfələrlə olub ki,
səngərlərinə girib ermənini saçından tutub gətirmişəm. Mən onları
öz səngərlərində tuturdum. Onlar vahimə içərisində
yaşamalıdırlar".
Desələr, 1500 könüllü ilə gedərəm
"Müharibə elan olunsa, min beş yüz nəfər adam yığa bilərəm.
Onlar işğal altında olan torpaqları qarış-qarış tanıyır. Ermənini
səngərində öldürən oğullarla gedərəm döyüşə".