ANS telekanalının Metropoliten rəhbəri Taği Əhmədov
barəsində yayımladığı sujetlərə qarşı Bakı Metropolitenindən kəskin
cavab gəldi.
Son günlər ANS telekanalı ilə Bakı Metropolitenin rəisi Tağı
Əhmədov arasında gərginlik yaşanır. Buna səbəb Metropoliten
rəisinin mətbuat nümayəndələri ilə keçirdiyi brifinqlərdə ANS-in
əməkdaşlarına qarşı kobud hərəkətləridir.
Xatırladaq ki, telekanalda Tağı Əhmədov haqda sonuncu kəskin
süjet 26 noyabr tarixində "Xəbərçi"nin axşam buraxılışında efirə
gedib.
ANS səviyyəsiz kanaldı
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət
Tarverdiyeva ANS-in Tağı Əhmədov haqda səsləndirdiyi ittihamlara
cavab verdi:
"Çox təəssüflər olsun ki, ANS telekanalında Tağı müəllim haqda
həqiqəti əks etdirməyən fikirlər səsləndirilir. Müəllifin efir
əxlaqına sığmayan fikirləri telekanalın necə səviyyəsiz olduğunu
göstərir. Şəxsən mən Tağı müəllimin yerində olsaydım, düşünmədən
onları məhkəməyə verərdim. ANS telekanalı Tağı müəllimi ittiham
edir, amma özləri primitiv və əxlaqi dəyərlərə zidd olan şou
proqramları ilə tamaşaçıların zövqünü korlayırlar".
Mətbuat xidmətinin rəhbəri ANS-in efirində gedən süjetdə
Metropoliten rəhbərliyinin kart sisteminə keçiddən sonra gəlir
depozitlərini qeyri-qanuni yolla mənimsəməsi ittihamına da aydınlıq
gətirdi:
"Onların ittihamı haqsız və məntiqsizdir. Yığılan vəsaitin
istifadəsi qanuni yolla həyata keçirilir, amma onlar bizi sanki
hüquq-mühafizə orqanının əməkdaşları kimi ittiham edirlər.
Metropolitendə heç bir mənimsəmə halları baş verə bilməz. Buna tam
əmin ola bilərsiz".
Rəsulzadəyə möhtəşəm bir abidə ucaldılacaq
Nəzakət Tarverdiyeva həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin
banisi Məmməd Əmin Rəsulzadənin "28 may" metrostansiyasından mozaik
pannosunun silinməsi və metro keçidlərində qəzet satışının qadağası
məsələsinə də aydınlıq gətirdi:
"Tağı müəllimi "28 may" metrostansiyasından Rəsulzadənin mozaik
pannosunun silinməsi məsələsində ittiham edirlər. Onlar başa
düşməlidir ki, metrostansiya təmirdədir və təmir yekunlaşdıqdan
sonra Rəsulzadənin adına yaraşan şəkildə bir abidə ucaldılacaq.
Buna tam əmin ola bilərsiz.