Avqustun 23-də İran səmasında, Natanz nüvə mərkəzi
üzərində kəşfiyyat apararkən vurulmuş pilotsuz təyyarə ilə bağlı
daha bir sensasion məlumat yayılıb.
Təyyarənin Azərbaycandan qalxdığı barədə iddiaları neçə gündür
dövriyyəyə buraxan İsrail və Qərb dairələri bu gün daha da irəli
gedərək, "konkret detallar" təqdim ediblər. İsrailin kəşfiyyat
xidməti MOSSAD-a yaxınlığı ilə bilinən "Debkafile" saytı xəbər
verir ki, İranda vurulan təyyarə həqiqətən "Hermes 450"-dir və
Azərbaycanın Naxçıvan bölgəsində yerləşən aviabazadan qalxıb. Sayt
məlumatı İsrail hərbi qaynaqlarından və İrandakı mənbələrdən əldə
etdiyini yazır.
Bildirilir ki, İranın aviasiya ekspertlərinin və xüsusi xidmət
əməkdaşlarının apardıqları araşdırmalar İnqilab Keşikçiləri
Korpusunun komandirlərinin təyyarənin Səudiyyə Ərəbistanından
qalxdığını bildirərkən tələsdiklərini müəyyən edib. Sayt Naxçıvanın
İran, Türkiyə və Ermənistanla həmsərhəd olduğunu, üç il əvvəl
Azərbaycanın İsraildən aldığı "Hermes 450" təyyarəsini Qarabağda
kəşfiyyat aparmaq üçün istifadə etdiyini, ancaq təyyarənin
vurulduğunu bildirir.
"Debkafile" yazır ki, İsrailin İrandan 1100 kilometrlik hava
məsafəsinin olduğunu nəzərə alan israilli hərbi analitiklər İnqilab
Keşikçiləri Korpusunun təqdim etdiyi görüntülərdəki təyyarə
qalıqlarının "Hermes 450"yə aid olmadığını, həmçinin onun İsrailə
məxsus olmadığını deməklə səhvə yol veriblər. Analitiklər hesab
edirlər ki, İsrailin çoxsaylı casus peykləri şəbəkəsinə malik
olduğu bir vaxtda məxfi informasiya sistemləri ilə təchiz olunmuş
təyyarəni İranın hava sahəsinə göndərməyə ehtiyacı yox idi.
"Lakin bu iradlar heç bir tənqidə davam gətirmir. "Debka"nın
hərbi qaynaqları bildirir ki, "Hermes 450" təchiz olunduğu foto və
videokameralar sayəsində yüksək keyfiyyətlə rəngli təsvirlər çəkə
bilir. Təyyarənin kameraları istənilən hava şəraitində işləməyə
imkan verir.
İranın Müdafiə naziri Hüseyn Dehqan təyyarənin haradan
qalxdığını göstərmədən deyib ki, onun ölkəsi fələstinlilərə silah
göndərməklə bunun qisasını alacaq. Bizim mənbələrimizin
bildirdiyinə görə Tehranın bu qarışıq reaksiyası hər bir neçə
həftədən bir Naxçıvandan qalxan pilotsuz kəşfiyyat təyyarələrinin
İranın nüvə obyektləri üzərində uçuşlar keçirməsi qarşısında
çarəsizliyi ilə bağlıdır. Pilotsuz kəşfiyyat təyyarələri radiasiya
səviyyəsini ölçərək İranda uranın zənginləşdirilməsi proqramına
dair dəqiq məlumatlar toplayır" deyə sayt yazır.
"Debka" bildirir ki, İran iki ildir bu pilotsuz təyyarələri
vurmağa, yaxud elektron vasitələrlə endirməyə çalışırdı, ancaq uğur
əldə edə bilmirdi. Bu həftə baş verən insident isə istisnadır. İran
təyyarəni yer-hava raketi ilə vurub. Sayt qeyd edir ki, İran
təyyarənin stels texnologiyasına malik olduğunu deməklə bu
uğursuzluğunu ört-basdır etməyə çalışırdı. "Əslində isə təyyarə
stels texnologiyasına malik deyil və Naxçıvandan qalxandan sonra
İranın hava məkanında 300 kilometr irəliləyib, yalnız bundan sonra
hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanıb" deyə sayt
bildirir.
Göründüyü kimi İsrail çevrələri açıq-aşkar İranı Azərbaycana
qarşı qoymaq istəyirlər və bunun hansı məqsəd güddüyünə dair bir
çox mülahizələr ola bilər. Bu arada İran bəyan edib ki, pilotsuz
kəşfiyyat təyyarəsinin ölkənin hava məkanına soxulmasına görə
İsrailə hərbi yolla cavab veriləcək. "Fars" agentliyinin məlumatına
görə İnqilab Keşikçiləri Korpusunun komandanı, briqada generalı
Hüseyn Salami avqustun 26-də Tehranda "Bəsic" şəhidlərini anma
mərasimində çıxışı zamanı deyib: "Bizim bu təcavüzə cavabımız
diplomatik olmayacaq, biz düşmənin cavabını döyüş meydanında
verəcəyik, ancaq bu haqda əvvəlcədən elan etməyəcəyik".
General Salami öz bəyanatında bildirib ki, pilotsuz təyyarə
yəhudi dövlətinin ərazisindən yox, İsrailə qonşu olan ölkələrdən
birindən havaya qalxıb. Lakin onun sözlərinə görə, təyyarənin
İsrailə məxsus olmasına heç bir şübhə yoxdur. İran təyyarənin
Azərbaycandan qalxdığına dair İsrail və Qərb dairələrinin ortaya
atdığı iddialara hələ münasibət bildirməyib.
Azərbaycan Müdafiə Nazirliyi isə iddiaları qəti şəkildə təkzib
edir. Nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif
Dərgahlıaçıqlamasında bəyan edib ki, İsrail istehsallı "Hermes 450"
tipli pilotsuz kəşfiyyat təyyarəsinin Azərbaycan ərazisindən
buraxıldığı barədə yayılan məlumatlar təxribat xarakterıidir. Vaqif
Dərgahlının fikrincə, belə təxribat xarakterli məlumatlar
Azərbaycanın qonşuları ilə münasibətlərini korlamaq məqsədi ilə
yayılıb: "Bu tipli pilotsuz uçuş aparatları Azərbaycan
Respublikasının Silahlı Qüvvələrinin silahlanmasında yoxdur. Bu
təxribat xarakterli informasiyanı təkzib edir və bildiririk ki,
yayılan məlumatları yaxın qonşularla münasibətlərin korlanmasına
cəhd kimi qiymətləndiririk".
Məsələyə münasibət bildirən Prezident Administrasiyası
ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov
virtualaz.org-a deyib ki, bu, bəzi xarici
dairələrin Azərbaycana qarşı növbəti təxribatıdır: "İşğalçı
Ermənistan istisna olmaqla Azərbaycan bütün qonşuları ilə öz
münasibətlərini qarşılıqlı etimad, səmimilik, dostluq, bir-birinin
daxili işlərinə qarışmamaq prinsipləri üzərində qurub. Bu ilin
aprelində Prezident İlham Əliyevin İran İslam Respublikasına rəsmi
səfəri yüksək səviyyədə keçmib, qonşu ölkənin rəhbərləri ilə
görüşlərdə ikitərəfli münasibətlər kompleks şəkildə müzakirə
olunub, əvvəlki dövrdə mövcud olan bütün problemlərə aydınlıq
gətirilib və sual doğura biləcək heç bir məqam qalmayıb. Görünür
belə vəziyyət bəzi xarici dairələri narahat edir və bu tipli
informasiyalar Azərbaycanın qonşuları ilə, o cümlədən İranla
münasibətlərini korlamaq üçün bilərəkdən dövriyyəyə buraxılır.
Birmənalı şəkildə bildirirəm ki, Azərbaycan üçün dost İran
dövlətinin ərazisində xüsusi maraq kəsb edən, axtaracağı heç bir
şey yoxdur və bu informasiya növbəti təxribat cəhdindən başqa bir
şey deyildir".