Sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Bakının Ziya Bünyadov prospekti ilə Əbdülvahab
Salamzadə, Alı Mustafayev və Hüseynbala Əliyev küçələrinin
kəsişməsində ("Xutor dairəsi") inşa olunan müxtəlif səviyyəli yol
qovşağının açılışında iştirak edib.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı
məlumat yayıb.
Son illər Azərbaycanda nəqliyyat infrastrukturunun
müasirləşdirilməsi istiqamətində çox mühüm tədbirlər
reallaşdırılır. Onların arasında paytaxtda və regionlarda inşa
olunan çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və
yerüstü piyada keçidlərini göstərmək olar. Mühüm məqam isə ondan
ibarətdir ki, bütün yol-nəqliyyat infrastrukturu beynəlxalq
standartlar səviyyəsində "Azərbaycanda avtomobil yolları
şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər
üzrə Dövlət Proqramı"na uyğun olaraq yaradılır. Bu çərçivədə həyata
keçirilən məqsədyönlü tədbirlərin məntiqi nəticəsi olaraq
yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə
istismara buraxılır. Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi
sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi
qüdrətinin də göstəricisidir. İndi paytaxtda və regionlarda həyata
keçirilən nəhəng infrastruktur layihələri bir reallığı da ortaya
qoyur ki, bu illər ərzində qazanılan nailiyyətlər Azərbaycanın
potensialını tam üzə çıxarmaqla yanaşı, ölkəmizin gələcəyinə
hesablanan addımların da düzgün istiqamətdə atıldığını təsdiqləyir.
Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı şəhərində nəqliyyatın
hərəkətinin tənzimlənməsi və yol infrastrukturunun
təkmilləşdirilməsi layihələri üzrə də işlər uğurla icra olunur.
İnşa edilən ən mühüm yol-nəqliyyat qurğularından biri də
paytaxtın Ziya Bünyadov prospekti ilə Əbdülvahab Salamzadə, Alı
Mustafayev və Hüseynbala Əliyev küçələrinin kəsişməsində ("Xutor
dairəsi") tikilən müxtəlif səviyyəli yol qovşağıdır. Bu qovşağın
inşası Bakıda tıxac probleminin aradan qaldırmasına və əhalinin
rahatlığının təmin edilməsinə mühüm töhfə verəcək.
Nəqliyyat naziri Ziya Məmmədov görülən işlər barədə dövlətimizin
başçısına məlumat verib.
Qeyd edilib ki, qovşaqda üç tunel, bir körpü, iki piyada keçidi
inşa olunub. Buradakı tunellərin uzunluğu 880, 827, 450 metr,
ikisinin eni 10,5, birinin eni isə 22 metr təşkil edir. Qovşaqda
müasir səviyyədə inşa edilən körpünün uzunluğu 630 metr, eni isə 12
metrdir.
Prezident İlham Əliyev qovşağın rəmzi açılışını bildirən lenti
kəsib.
Bu qovşağın istifadəyə verilməsi ilə Ziya Bünyadov prospektindən
hərəkət edən avtomobillər tunellərdən 20 Yanvar dairəsi və Qələbə
meydanı istiqamətinə maneəsiz hərəkət edə biləcək. Bundan başqa,
qovşaq 20 Yanvar dairəsi və Qələbə meydanından gələn nəqliyyat
vasitələrinin əks istiqamətə - Ziya Bünyadov prospektinə çıxışını
təmin edir. Bu nəqliyyat layihəsinin icrası nəticəsində Ziya
Bünyadov prospektindən hərəkət edən avtomobillərin respublikamızın
şimal bölgəsinə və əks istiqamətə gedən magistrallara rahat çıxışı
da təmin olunur. Qovşaqdakı körpüdən isə avtomobillər Əbdülvahab
Salamzadə küçəsindən Rəşid Məmmədov küçəsinə və əks istiqamətə
rahat hərəkət edə bilir. Bu isə öz növbəsində Qələbə meydanından
mikrorayonla və əks istiqamətə maneəsiz hərəkətin təmin edilməsinə
imkan yaradır. Burada əvvəllər yol dar olduğundan böyük tıxaclar
yaranırdı və nəticədə nəqliyyatın hərəkəti iflic olurdu. Qovşağın
istifadəyə verilməsi isə problemi həll etməklə yanaşı,
paytaxtımızda nəqliyyat infrastrukturu ilə bağlı həyata keçirilən
layihələrin miqyasını göstərir.
Layihəyə əsasən qovşaqda yan və tunelüstü yollar da inşa olunub.
Bundan başqa, tunelüstü yollarda ətrafda yaşayan sakinlərin
istirahəti üçün guşələr yaradılıb, yaşıllıq salınıb və uşaq
attraksiyonları qoyulub. Həyata keçirilən tikinti işləri
çərçivəsində yaxınlıqda yaşayan sürücülərin avtomobillərini
saxlaması üçün dayanacaq da yaradılıb. İnşaat işləri zamanı bütün
kommunikasiya sistemləri, o cümlədən su, istilik, qaz, rabitə və
yağıntı sularını axıdan xətlər dəyişdirilib. Beləliklə, müasir
tələblər səviyyəsində inşa olunan bu nəhəng yol qurğusunun
tikintisi nəqliyyatın sıxlığının aradan qaldırılması istiqamətində
paytaxtda aparılan mühüm işlərin davamlı xarakter aldığını bir daha
təsdiq edir. Bu cür layihələrin uğurla icra olunması bir daha sübut
edir ki, ölkədə aparılan sosialyönümlü tədbirlərdə başlıca məqsəd
əhalinin rahatlığını təmin etməkdir.