Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Herman Van
Rompuy Azərbaycanı və ölkə prezidenti İlham Əliyevi Avropa İttifaqı
ilə viza sadələşdirilməsinə dair sazişin imzalanması münasibətilə
təbrik edib.
Herman Van Rompuy bunu Vilnüsdə 3-cü Şərq Tərəfdaşlığı Sammiti
çərçivəsində keçirilən imzalanma mərasimində çıxışı zamanı
bildirib.
Herman Van Rompuy deyib: "Viza sadələşdirilməsinə dair sazişin
imzalanması Azərbaycanın Aİ-yə daha da yaxınlaşması istiqamətində
atılan növbəti addımdır".
Aİ Şurasının prezidenti qeyd edib ki, Aİ Azərbaycanla yaxın
zamanda readmissiya sazişi və mobillik üzrə tərəfdaşlığa dair
sazişin imzalanmasını səbrsizliklə gözləyir.
Qeyd edək ki, Azərbaycan və Avropa İttifaqı (Aİ) bu gün viza
rejiminin sadələşdirilməsi barədə saziş imzalayıblar.
Vilnüsdə keçirilən III Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində
sazişi Azərbaycan tərəfdən Azərbaycanın xarici işlər naziri Elmar
Məmmədyarov, qarşı tərəfdən isə Avropa komissarı Ştefan Füle,
Litvanın xarici işlər naziri Linas Linkyeviçyus imzalayıb.
Xatırladaq ki, sənəd gələn il Azərbaycanla Aİ arasında
readmissiya haqqında saziş imzalandıqdan sonra qüvvəyə minəcək.
Qeyd edək ki, bir müddət əvvəl xarici işlər nazirinin müavini
Mahmud Məmmədquliyev Trend-ə bildirmişdi ki, saziş imzalandıqdan
sonra Milli Məclisdə və Avropa Parlamentində ratifikasiya
olunacaq.
Bundan əlavə, Şengen zonasına daxil olan, lakin Aİ üzvü olmayan
ölkələrlə - Norveç, İsveçrə, İslandiya və Lixtenşteynlə ikitərəfli
müqavilələr imzalamaq lazımdır.
Nazir müavinin sözlərinə görə, müqavilə kifayət qədər geniş
şəxslər siyahısını əhatə edir. Bu, ilk növbədə, təhsil və biznes
xətti ilə xaricə gedən vətəndaşlara aiddir. (Trend)