Oktyabrın 16-da təkbətək görüş başa çatdıqdan sonra
Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti
Emoməli Rəhmonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə
görüşü olub.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı
məlumat yayıb.
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edərkən deyib:
"Tacikistana yenidən rəsmi səfər etmək dəvətinə görə Sizə
təşəkkürümü bildirmək istərdim. Dost, qardaş Tacikistan torpağında
olmağıma çox şadam. Mənə və nümayəndə heyətimizin üzvlərinə
göstərilən qonaqpərvərlik münasibətlərimizin yüksək səviyyəsinə
dəlalət edir. İlk növbədə, Sizi və bütün tacik xalqını
müstəqilliyin möhkəmləndirilməsi və Tacikistanın sosial-iqtisadi
inkişafı işində böyük nailiyyətləri münasibətilə təbrik etmək
istərdim. Həmin uğurlar illik sürətli iqtisadi artım rəqəmlərində
özünü göstərir".
Dövlət başçısı qeyd edib ki, bu uğurları elə ilk baxışdan
Düşənbənin necə yeniləşdiyini və gözəlləşdiyini görəndə də hiss
etmək olar: "Qurub-yaratma, inkişaf, beynəlxalq və regional
siyasətdə fəal iştirak ölkənizi səciyyələndirir. Biz dost kimi
sizin uğurlarınıza sevinirik. Əlbəttə ki, rəsmi səfərin
imkanlarından istifadə edərək, gələcək əməkdaşlığın yollarını
müəyyənləşdirmək istəyirik. Bu gün təkbətək görüşdə qeyd etdiyimiz
kimi, biz beynəlxalq təşkilatlarda fəal qarşılıqlı əməkdaşlıq
edirik. Biz bütün məsələlərdə bir-birimizi dəstəkləməliyik. Çünki
fikir mübadiləsi zamanı qeyd etdiyimiz kimi, bizim çox mürəkkəb,
xüsusilə müstəqilliklə bağlı mürəkkəb tariximiz var".
İlham Əliyev bildirib ki, müstəqillik böyük çətinliklərlə əldə
edilib: "Bəlkə də ən çətin vəziyyətə Tacikistan və Azərbaycan
düşmüşdü. Çünki məhz bizim ölkələrimizdə vətəndaş müharibəsi
olmuşdu. Sizdə bu müharibə daha uzun müddət çəkdi və daha böyük
qurbanlar oldu. Bizdə isə bu müharibə nisbətən az çəkdi, lakin
xeyli tələfat oldu. Mahiyyətcə bu sarsıntılar ölkələrimizə inkişaf
etməyə imkan vermirdi. Sizin rəhbərliyinizlə Tacikistanda
sabitliyin bərqərar edilməsi davamlı inkişaf üçün başlıca amil
oldu. Bu gün ölkənizə sərmayələr yatırılır, Tacikistan beynəlxalq
və regional təhlükəsizlik sistemində layiqli yer tutur, regionda
vacib rol oynayır. Əlbəttə ki, Tacikistan inkişaf etdikcə bu rol
daha da artacaq".
***
Tacikistan Prezidenti Emoməli Rəhmon da görüşdə çıxış edərkən
deyib: "Bu gün sizin hamınızı bu zalda görmək bizə xüsusi sevinc
bəxş edir. Əminəm ki, bugünkü görüş Azərbaycan Respublikası və
Tacikistan Respublikası xalqlarının rifahı naminə ölkələrimizin
zəngin potensialının daha tam və səmərəli şəkildə reallaşması
istiqamətində qarşılıqlı səylərin parlaq nümunəsi kimi
dövlətlərimizin münasibətlərinin salnaməsinə yeni səhifə yazacaq.
Ölkələrimiz regional və qarşılıqlı faydalı münasibətlərin
genişləndirilməsi və möhkəmləndirilməsinin qəti tərəfdarıdırlar.
Onlar istər ikitərəfli formatda, istərsə də üzv olduqları regional
və beynəlxalq təşkilatlar çərçivəsində dostluq münasibətlərini
dəstəkləyirlər".
Prezident qeyd edib ki, bugünkü Azərbaycan beynəlxalq
münasibətlərin mühüm subyektidir, Qafqaz regionunun iqtisadi,
siyasi və mədəni mərkəzidir: "Bunu, Azərbaycanın demək olar ki,
dünyanın 150 ölkəsi ilə ticarət əməliyyatı aparması və Avropanın
bir sıra ölkələrində biznesə sərmayə yatırması təsdiq edir. Bundan
əlavə, TRASECA hökumətlərarası komissiyanın daimi katibliyinin
fəaliyyəti, Bakıda Dubay Ticarət-Sənaye Palatasının MDB ölkələri
üzrə nümayəndəliyinin açılması, eləcə də gələn il ölkənizdə
Ekobankın illik iclasının keçirilməsi beynəlxalq və regional
əməkdaşlıq sistemində Azərbaycanın bir daha önəmli mövqeyinin
göstəricisidir. Biz əsl dost kimi, şübhəsiz ki, qardaş ölkənin bu
nailiyyətlərinə sevinirik. Fürsətdən istifadə edərək bəyan edirəm
ki, Tacikistan Azərbaycanın nüfuzunun möhkəmləndirilməsinə, sülhün
bərqərar olmasına, sabitlik və regional əməkdaşlığa hədəflənmiş
təşəbbüsləri daim dəstəkləyəcək".