Fransanın "BOUYGUES TRAVAUX
PUBLİCS, LLS" ilə "Bakı Metropoliteni" QSC arasında
"28 May" stansiyasında
yeni tunelin tikintisi (Qırmızı və Yaşıl xətlərin ayrılması)
işlərinin görülməsi ilə bağlı müqavilə imzalanıb.
Axar.az xəbər verir ki, yeni tunelin tikintisindən sonra Yaşıl
və Qırmızı xətlər üzrə qatarlar bir-birindən müstəqil hərəkət etmək
imkanı qazanacaqlar. Belə ki, Qırmızı xətt üzrə "Həzi Aslanov"
stansiyasından hərəkət edən qatar birbaşa "İçəri Şəhər"
stansiyasına gedəcək. "Dərnəgül" istiqamətinə getmək istəyən
sərnişinlər isə "28 may" stansiyasında Yaşıl xəttə keçərək
hərəkətlərini davam etdirəcəklər. Yaşıl xətt üzrə "Dərnəgül"
stansiyasından hərəkət edən qatarın son dayanacağı isə "Xətai"
stansiyası olacaq.
Müqavilə "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov və
"BOUYGUES TRAVAUX PUBLİCS, LLS"-nin beynəlxalq əlaqələr üzrə icraçı
direktoru cənab Cen-Denys Arnal tərəfindən imzalanıb. Layihənin
icrasına yaxın günlərdə başlanılacaq. İşin icrasının 2016-cı ildə
başa çatdırılması planlaşdırılır.
Qeyd edək ki, Qırmızı xətlə ("Həzi Aslanov" – "İçəri Şəhər"
stansiyaları arası) Yaşıl xətt ("Dərnəgül" – "Xətai" stansiyalaı
arası) "28 may" stansiyasında kəsişir və bu da öz növbəsində
qatarların hərəkət təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb
edir. İki xəttin birbirindən ayrılması eyni zamanda qatarlar arası
intervalın azaldılmasına xidmət edəcək. Nəzərə alaq ki, "Həzi
Aslanov" stansiyasından hərəkət edən qatarlardan biri "İçəri
şəhər", digəri isə "Dərnəgül" istiqamətinə hərəkət edir. Bu
baxımdan "Həzi Aslanov" – "28 may" stansiyaları arasında hərəkət
intervalı 2 dəqiqə olsa da bu özünü "28 may" – "Dərnəgül"
stansiyaları arasında 4 dəqiqə olaraq göstərir. Xətlərin
ayrılmasından sonra isə "28 may" – "Dərnəgül" mənzilində hərəkət
intervalını 2 dəfə azaltmaq imkanı yaranacaq.
Xatırladaq ki, bu işlərin
görülməsi ilə bağlı anlaşma memarandumu 12 may 2014-cü il tarixində
Fransa prezidenti Fransua Ollandın Bakıya rəsmi səfəri zamanı
imzalanmışdı.