Türkiyədəki suriyalı uşaqların məcburi əməyə cəlb
edilməsi ilə bağlı jurnalist araşdırması səs-küyə səbəb
olub.
Axar.az xarici mediaya istinadən xəbər verir ki, "Quardian"
("The Guardian") qəzetinin araşdırması Avropa ilə bərabər Türkiyədə
də reaksiya doğurub.
Uşaqların izinə düşən ingilis jurnalisti Qaziantep, Kilis və
Antakyada çox sayda uşaqların işlədildiyini aşkara çıxarıb.
Jurnalistin görüşdüyü uşaqlardan bəzilərinin etirafına görə, onlar
40 lirə üçün həftənin yeddi günü, günün 14 saatı işlədilir.
"Qardian" müxbiri görüşdüyü uşaqlar haqqında bu məlumatları
verib:
"Antakyada bir sobada çalışan Hələbdən olan 7 yaşlı Həmzə 5
nəfərlik ailəsinə baxmaq üçün həftənin altı günü, az qala, 12 saat
işləyir. Atası yaralı olduğu üçün işləyə bilmir, anası dilənçilik
edir. Üç qardaşı var. Həmzə, "Mən məktəbə getmək istəyirəm, məktəbi
sevirəm, amma yemək üçün pula ehtiyacımız olduğuna görə anam
göndərmir. Atam yaralıdır və burada iş tapa bilmir. Həm də burda
həyat bahalıdır".
"Mən məktəbə getməyi seçərdim" deyən uşaq 23 ailə üzvüylə
birlikdə aylıq kirayəsi 750 lirə olan iki otaqlı bir evdə
yaşayır.
Dükan sahibi məmnundur ...
Kilis vilayətindəki ayaqqabı təmiri yerində işləyən 12 yaşındakı Samir Hələb şəhərindəndir. İki
il əvvəl Türkiyəyə birlikdə qaçdıqları altı qardaşı, ana-atası və
xalasıyla kiçik bir daxmada yaşayır. İki ildir ki, məktəbə getmir
və bir qəssab dükanında çalışır. Həftənin yeddi günü, səhər 8-dən
hava qaralana qədər ayaqqabı təmiri yerində işləyir, həftədə 35
lirə qazanır. Dükan sahibi isə uşaqlardan yaman məmnunluq
edir…
Qız uşaqları da işləyir..
Kilisdəki bir geyim dükanında çalışan 12 yaşındakı Aişə və 13
yaşındakı Xədicə də ucuz işçi qüvvəsi kimi burda çörək pulu
qazananlar arasındadır. Xədicə həftənin altı günü işləyir; ayda 200
lirə qazanır.
Gündə 12 lirəyə biskvit satırlar
Biskvit satan 8 yaşlı Mahmud və 12 yaşlı
Rıdvan…
İki qardaş gündə 12 lirə qazanır. Ataları Hələbdə öldürülüb.
Rıdvanın ayaqları ayaqqabısının balaca olmasına görə əzilib.
Deyir, ayaqqabı alsam, ac qalarıq, məcburam belə gəzim.
"Suriyada ən sevdiyim dərs riyaziyyat idi. Böyüyəndə uşaq həkimi
olmaq istəyirdim", - deyir.
Qaziantepdə bir Suriya restoranında çalışan 10 yaşlı
Əhməd 8 qardaşın ən böyüyüdür
Ailəsi türkmənlərin yaşadığı kənddən altı ay əvvəl, İŞİD
hücumuna görə qaçıb. 40 lirə üçün həftədə yeddi gün 14 saata yaxın
çalışır. Son üç ayda yalnız bir gün dincəlib. Həmin günü də haldan
düşənə qədər futbol oynayıb. Suriya üçün, məktəbi üçün darıxdığını
deyir:
"Yenidən öz məktəbimə gedib öyrənmək istəyirəm. Bəşər Əsədi,
IŞİD-i və ya Azad Suriya Ordusunu istəmirəm, sülh istəyirəm,
əvvəlki Suriyamı istəyirəm…"
Hər 10 suriyalı uşaqdan biri çalışır
Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, Türkiyədəki
təxminən bir milyon suriyalının yarısından çoxu uşaqdır.
Düşərgələrdə qalan uşaqların 60 faizindən çoxu məktəbə getsə də,
düşərgə xaricində yaşayanların 73 faizi məktəbə getmir. Məlumata
görə, Türkiyədə hər 10 suriyalı uşaqdan biri işləyir.