Dələduzluq edərək məcburi köçkünlərə saxta ev sənədləri
verən şəxslərin sayı artıb. Məcburi köçkünlər bu məsələdə çox
diqqətli olmalıdırlar.
AzərTAc xəbər verir ki, bu sözləri Baş nazirin müavini,
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin
sədri Əli Həsənov oktyabrın 24-də Mingəçevir şəhərində məcburi
köçkünlər üçün salınan yeni məhəllədə tikinti işlərinin gedişi ilə
tanışlıq zamanı jurnalistlərə müsahibəsində deyib.
Əli Həsənov qeyd edib ki, komitə tərəfindən bir neçə ay əvvəl
məcburi köçkünlər Bakıda, eləcə də digər şəhər və rayonlarda saxta
ev sənədləri hazırlayan dələduzların olması barədə xəbərdar
ediliblər. Onlara belə şəxslərdən özlərini qorumaları tövsiyə
olunub. Bundan sonra Ağdam sakinləri aldanmaları ilə bağlı bizə
müraciət etdilər. Mən bu məsələnin həllinə kömək göstərilməsi ilə
bağlı daxili işlər naziri Ramil Usubov ilə danışdım və dərhal işin
araşdırılmasına başlanıldı. Hazırda dələduzluq edərək məcburi
köçkünlərin pulunu mənimsəyən həmin köçkün qadın saxlanılıb və
istintaq davam edir.
Baş nazirin müavini Əli Həsənov bəzi məcburi köçkünlərin hələ də
belə xoşagəlməz hadisələrdən nəticə çıxarmamalarını təəssüf hissi
ilə qeyd edib. Bildirib ki, mən dəfələrlə məcburi köçkünlərə
müraciət edərək dələduzluq yolu ilə mənzil əldə etməyin mümkünsüz
olduğunu demişəm. Onları xəbərdar etmişəm ki, özünüzü belə
hallardan qoruyun. Bu yaxınlarda Füzuli və Cəbrayıl rayonlarının
sakinləri də başqa bir qadının onları aldatması ilə bağlı bizə
müraciət etmişdilər. Əməkdaşlarımız bu müraciətləri rəsmiləşdirərək
hüquq mühafizə orqanlarına göndərmək istəyəndə aldanan şəxslər
tələsik ərizələrini geri götürdülər.
Əli Həsənovun sözlərinə görə, 3 gün əvvəl Qaradağ rayonunda daha
bir nəfərin məcburi köçkünlərdən və yerli sakinlərdən külli
miqdarda pul toplayaraq onlara saxta yolla hazırladığı mənzil
orderləri, qapı açarları və müqavilələr verməsi faktı aşkarlanıb.
Məlum olub ki, komitəyə aidiyyəti olmayan müxtəlif şəxslər saxta
yollarla order və xüsusi yaşayış sahəsinin kirayə müqaviləsini
hazırlayaraq bir qrup məcburi köçkünü mənzil verəcəyi ilə aldadaraq
onlardan külli miqdarda vəsait alıb mənimsəyiblər. Həmin dələduzlar
tərəfindən aldandıqlarını bilən məcburi köçkünlər pullarının geri
qaytarılması və həmin cinayətkar qrupun cəzalandırılması xahişi ilə
komitəyə müraciət ediblər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsinin sədri deyib: "Məcburi köçkünlərin yeni mənzillərə
köçürülməsi prosesi şəffaf şəkildə həyata keçirilir. Bütün məcburi
köçkünləri ciddi xəbərdar edirik ki, mənzillə təminatla bağlı belə
dələduzluq hallarının iştirakçısı olan hər kəs cinayət
məsuliyyətinə cəlb olunacaq. Biz məcburi köçkünlərdən xahiş edirik
ki, belə hallarla rastlaşdıqda bu barədə dərhal məskunlaşdıqları
ərazilərin polis orqanlarına məlumat versinlər".