Rauf Arifoğlu onu təhqir edən AXCP üzvünü polisə verməsi
səbəblərinə aydınlıq gətirdi
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu AXCP-nin
İmişli rayon şöbəsinin fəalı Vüqar Qədirovdan şikayət edib. Bu
barədə "Azadlıq" qəzetinə Vüqar Qədirov məlumat verib. Onun
sözlərinə görə, dekabrın 4-də rayon polis şöbəsinə çağırılıb. Vüqar
Qədirov deyir ki, məsələ Rauf Arifoğlunun ölkə başçısı İlham
Əliyevin "Jurnalistlərin dostu" mükafatını aldığı mərasimdə iştirak
etməsindən sonra başlayıb: "Bu iştirakdan sonra mən "Facebook"
səhifəmdə Rauf Arifoğlunu tənqid etdim. O, mənə cavab yazdı. Ancaq
yazdığım statusun altında yox, mesaj qutuma. Biz yazışdıq və mən
iradlarımı ona bildirdim. "İlham Əliyev jurnalistlərin dostu necə
ola bilər?" deyə sual etdim. Onu da tənqid etdim. Ancaq təhqirə yol
verməmişəm. O isə məktubunda ölkə başçısını təhqir etdiyimi yazıb".
Vüqar Qədirovun sözlərinə görə, şöbədə onu 3 saat saxlayıblar: "Üç
saatdan sonra buraxdılar. Məndən heç yerə getməmək barədə iltizam
aldılar. Sabah (dekabrın 5-də - red) saat 9:30-da yenə polis
bölməsinə gedəcəm".
Rauf Arifoğlu müsavat.com-a açıqlamasında faktı təsdiq etdi və
bildirdi ki, Vüqar Qədirov "Facebook"da onun ünvanına təhqir
yazıb:
"O mənim ünvanıma dilə gətirilə bilməyəcək ifadələr
işlədib. Həm də inbox-uma yox, açıq halda, öz səhifəsi üzərindən
paylaşıb. Əminəm ki, öz partiya liderlərindən birbaşa tapşırıq
alıb. Bunlar şəbəkə halında işləyirlər. Mərkəzdən tapşırıq gələn
kimi, bütün fəallar hədəf göstərilən obyektin üstünə düşürlər.
Həmin gün mən AXCP liderinin və onun fəallarının hədəfindəydim.
Sadəcə, Vüqar Qədirovun tərbiyəsi və səviyyəsi daha düşük
olduğundan, açıq təhqir yazıb. Həmin statusu "Facebook"da yayandan
13 dəqiqə sonra ona mesaj yazdım və "sizlə" xitab edərək, o
təhqirləri yığışdırmağı xahiş etdim. Razılaşmadı, dedi bu ifadələr
təhqir deyil, tənqiddir. 3 dəfə inboxuna mesaj yazdım, şikayət
edəcəyim barədə xəbərdarlıq etdim. Eyninə də almadı, əksinə, daha
da üstünə qoydu. Buna görə də yazışmaları kopyaladım, şikayət
ərizəsi ilə yolladım müvafiq qaydada polis nazirliyinə. Hazırda
Vüqar o statusu qorxusundan silib. Lakin mən screen-shot etmişəm və
onu silməyin faydası olmayacaq. Bütün yazışmalar ərizəyə əlavə
olunub. Etdiyim hərəkət doğrudur, qanunlara uyğundur. Onu da deyim
ki, bu təhqir kimə edilsəydi, həmin şəxs mütləq fiziki qaydada
cavab verərdi. Yəni oradakı söz azərbaycanlı mentalitetinə görə
Vüqar Qədirovu ən ağır şəkildə cəzalandırmağa əsas verir. Lakin mən
belə etmədim – siyasətlə, ictimai fəaliyyətlə məşğulam və bu
səbəbdən də reaksioner hərəkətdən daşındım. Vüqarı müdafiə etmək
istəyənlərə və ya edənlərə isə deyirəm ki, bu halda bu tərbiyəsizin
mənə yazdıqlarını ictimai qaydada onlara ünvanlayacam. Xüsusi ilə
AXCP-nin liderlərinə şəxsən. Görüm dözəcəklərmi. Qaldı, bir
Cəbhəçidən polisə şikayətin nə dərəcədə düz olub-olmamasına...
Vaxtilə AXCP sədri Əli Kərimli də şəxsən məndən və qardaşım Azər
Ayxandan ölkənin Baş prokuroruna şikayət edib və biz bu şikayətlərə
görə aylarla istintaq altında qalmışıq, həftələrlə izahatlar
yazmış, bir dəfə isə polis vasitəsi ilə saxlanaraq, dustaq
maşınında zorla ifadə verməyə aparılmışıq. Hesab edirəm ki, o zaman
Əli bəy düz eləmişdisə, indi də mən düz edirəm. Yox, o zaman onun
etdikləri səhv idisə, bunu rəsmən etiraf edəndən sonra, mən də
hərəkətimə bir daha baxaram..."