"Xalqların öz müqəddəratını təyinetmə hüququ beynəlxalq
hüququn ali prinsiplərindən biridir. Beynəlxalq hüququn, xüsusilə,
xalqların öz müqəddəratını təyinetmə prinsipinin siyasiləşdirilməsi
və ondan siyasi möhtəkirlik məqsədləri üçün istifadə edilməsi
qəbuledilməzdir. Təəssüf ki, biz Ermənistanın təcrübəsində bunun
şahidi oluruq".
Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər
Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət
Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın
xalqların öz müqəddəratını təyinetmə prinsipi haqqında
söylədiklərini şərh edərkən deyib.
H.Hacıyev bildirib ki, BMT Nizamnaməsində xalqların öz
müqəddəratını təyinetmə hüququ müstəmləkəçiliyə qarşı mübarizə və
işğal altında olan və öz idarəçiliyi olmayan ərazilərə münasibətdə
müəyyən olunub. 1975-ci il Helsinki Yekun Aktında isə deyilir: "BMT
Nizamnaməsinin məqsəd və məramları və beynəlxalq hüququn norma və
prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyünə həmişə
uyğun şəkildə davranaraq, iştirakçı dövlətlər xalqların bərabər
hüquqlarına və onların öz müqəddəratını təyinetmə hüququna hörmətlə
yanaşacaqlar".
XİN rəsmisi qeyd edib ki, göründüyü kimi, öz müqəddəratını
təyinetmə ərazi bütövlüyü hüququna və BMT Nizamnaməsinə ziddiyyət
təşkil etməməlidir: "Ərazi bütövlüyü ilə əlaqədar isə Helsinki
Yekun Aktında deyilir ki, dövlətlər digər dövlətin ərazisini
birbaşa və ya dolayısı zor vasitəsilə hərbi işğal və ərazi əldə
etmək obyekti etməməlidirlər. Həmçinin həmin sənəddə bu cür işğal
və ya ərazi əldə edilməsinin qanunu hesab edilməyəcəyi
bildirilir".
H.Hacıyevin sözlərinə görə, ümumiyyətlə, Ermənistan tərəfindən
Azərbaycana qarşı törədilmiş işğal, təcavüz və qanlı etnik
təmizləmə əməllərinin fonunda xalqların öz müqəddəratını təyinetmə
hüququndan danışmaq yersizdir: "Ermənistanın bu əməlləri xalqların
öz müqəddəratını təyinetmə hüququnun təməl prinsipləri, mahiyyəti
və fəlsəfəsi ilə ziddiyyət təşkil edir: "Edvard Nalbandyan ya
bunları bilmir, ya da məqsədyönlü şəkildə beynəlxalq hüquq və
xalqların öz müqəddəratını təyinetmə prinsipini siyasi möhtəkirlik
obyektinə çevirir ki, bu da çox ciddi təəssüf doğurur".