Tarif Şurasının qiymətlərin artırılması qərarından sonra
parlamentdə başlayan müzakirələrdə millət vəkili, Xalq şairi Sabir
Rüstəmxanlı da çıxış edib. VHP mətbuat xidməti bəzi media
orqanlarında partiya sədrinin sözlərinin təhrif edildiyi
səbəbindən, Milli Məclisdən götürülən stenorqamı olduğu kimi
mediaya göndərib.
Stenoqramın mətni belədir:
"Hörmətli Milli Məclis, hörmətli Sədr! Bu günlərdə mən bir sıra
rayonlarda olmuşam və əhalinin kənd təsərrüfatına qayğının artması
ilə bağlı razılıqlarını eşitmişəm. Deyək ki, torpağın əkilməsi ilə
bağlı müəyyən vəsaitlər ayrılır, yanacağa güzəştlər vardı, doğrudan
da, bu, məni sevindirirdi. Amma dağ rayonlarında bunun müqabilində
o şəraitdə işləyə bilən texnikanın azlığı çox ciddi problem
yaradır. Əkənlər, biçənlər, dövlətin yardımı ilə torpağa qayıtmaq
istəyənlərçoxdur, meyl artır, amma deyirlər, yaxşı, biz məhsulu
hansı texnika ilə yığacağıq? Buna uyğun texnika yoxdur. Buna görə
də dağ rayonları üçün xırda kənd təsərrüfatı müəssisələrinin,
servislərinin yaranması son dərəcə vacibdir və bunu həll eləmək
lazımdır. Camaatın xoş əhvalını görmüşdüm və təsəvvür edirəm ki,
orada bu gün yanacağın qiymətinin artması necə təsir
bağışlayacaq.
Bəzi dostlarımız buradan bizi Avropa ilə və dünya ilə müqayisə
edirlər ki, benzinin qiyməti Avropada da yüksəkdir, dünyada da
yüskəsdir. Doğrudur, benzinin qiyməti Türkiyədə də bizdən 2-3 dəfə
artıqdır. Sən yanacağın qiymətində dünyaya yaxınlaşmaq
istəyirsənsə, bunun o biri tərəfi nəzərə alınmırsa, bu,
məntiqsizlikdir və onu göstərir ki, məsələyə kompleks yanaşmırıq.
Mən bunu demək istəyirəm.
İkinci, bizim hər birimiz kommunal xərclərlə bağlı sıxıntılar
yaşayırıq. Kommunal xərclər, suyun qiyməti, əmlakın qiyməti, qazın
qiyməti... Hansı təşkilat necə istəyirsə, "mənim işimin maya dəyəri
artıqdır, buna uyğun olaraq qiyməti artırıram" deyərək qiyməti
artırır. Nəzərə almırlar ki, insanın bunu verməyə imkanı var, yoxsa
yoxdur.
Hər birimiz Azərbaycanın bir rayonuna gedib-gələndə benzinə bir
təqaüdçünün pensiyasından, yaxud minimum əmək haqqından bir az da
artıq pul verməliyik, ya gərək Milli Məclis zəhmət çəksin benzin
xərclərimizi versin, ya da bizim də rayonlarla əlaqəmiz kəsiləcək.
3-4 dəfə get, Milli Məclisin deputatının əmək haqqı yetməyəcək. Bəs
sıravı vətəndaş neyləsin? Çox sağ olun".