Oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikasının Prezidenti
seçkilərinin yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin
nəticələri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası
keçirilib.
"Publika.az"ın məlumatına görə, məruzəçi hakimlərdən Sona
Salmanova və Rafael Qvalacı çıxış ediblər.
S.Salmanova MSK tərəfindən seçki protokolunun təsdiq olunması
üçün məhkəməyə göndərildiyini bildirib. R.Qvalacı isə seçkilərin
nəticəsinə dair protokola əsasən İlham Heydər oğlu Əliyevin
səslərin çox hissəsini toplayaraq qalib olduğunu bildirib.
İclasda seçki prosesi barədə danışan Mərkəzi Seçki
Komissiyasının sədri Məzahir Pənahov namizədlərə yaradılmış şərait,
həmçinin ödənişsiz efir vaxtının, həmçinin qəzetlərdə yer
ayrılmasını qeyd edib.
MSK sədri deyib ki, seçkilərin şəffaflığının təmin edilməsi üçün
MSK tərəfindən kifayət qədər yerli və xarici müşahidəçi qeydə
alınıb, habelə məntəqələrin 20 faizində veb kameralar
quraşdırılıb.
M.Pənahov bildirib ki, səsvermə günü seçicilər çox mütəşəkkil
şəkildə məntəqələrə gəlib və öz seçdiyi namizədə səs veriblər:
"Səsvermə günü baş verən proseslər həm MSK tərəfindən yayılan
məlumatlarla, həm veb kameraların vasitəsilə ictimaiyyətə geniş
şəkildə çatdırılıb. Səsvermə günü operativ şəkildə ilkin nəticələr
ictimaiyyətə çatdırılıb".
MSK sədri bildirib ki, səsvermə bitdikdən sonra MSK-ya 4
müraciət daxil olub ki, bunlar da dəqiqliklə araşdırılıb.
Bütün seçki prosesi zamanı MSK müxtəlif dövlət qurumları ilə,
aşağı seçki komissiyasının üzvləri ilə müxtəlif formatlı tədbirlər
həyata keçirib.
Sonra Dövlət Statistika Komitəsinin əməkdaşları məruzə ilə çıxış
edərək seçki komissiyalarında səslərin hesablanması zamanı heç bir
qeyri-dəqiqliyə yol verilmədiyini vurğulayıblar.
"APA" xəbər verir ki, İclasda Cəmil Həsənli çıxış üçün söz
istəyib. Lakin F. Abdullayev etiraz edib, bildirib ki, bu cür
iclaslarda tərəf kimi MSK, dəvət olunmuş ekspertlər çıxış edə
bilərlər. Digər şəxslər isə iclasda iştirak edə bilərlər, lakin
onların çıxış etmək hüququ yoxdur.
Sonra hakimlər müşavirəyə gediblər.
Hakimlər müşavirədən qayıdandan sonra F. Abdullayev Konstitusiya
Məhkəməsi adından qərarı elan edib.
Qərarda bildirilir ki, 9 oktyabr tarixində keçirilən prezident
seçkilərinin nəticələrinə dair MSK-nın məhkəməyə təsdiq və rəsmi
elan olunması üçün təqdim etdiyi protokola plenum iclasında
baxılıb. Plenum MSK-nın protokolunu təsdiq edib. İlham Əliyev
səslərin 84,54 faizini topladığı üçün prezident elan edilib.
Qərar elan olunduğu gündən qüvvəyə minir.
Fərhad Abdullayev prezident seçkilərinin uğurla keçirilməsi və
İlham Əliyevin prezident seçilməsi münasibəti ilə Azərbaycan
xalqını təbrik edib.
İclas Azərbaycan dövlət himinin səslənməsi ilə başa çatıb.
Qeyd edək ki, MSK səsvermənin nəticələri haqqında dairə seçki
komissiyalarının protokollarındakı bütün məlumatları
ümumiləşdirərək respublika üzrə səsvermənin nəticələrini müəyyən
edib.
Respublika üzrə Seçki
Dairələrinin sayı 125, Seçki Məntəqələrinin ümumi sayı 5492 olub.
Səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin
sayı 0, səsvermənin baş tutmadığı seçki məntəqələrinin sayı 0
olub.
Respublika üzrə seçicilərin
ümumi sayı 5 214 787, seçici siyahılarında olan seçicilərin sayı 5
145 592 , əlavə seçici siyahısında olan seçicilərin sayı 69 195,
qeydiyyatdan çıxma vəsiqəsi almış seçicilərin sayı 33 851 nəfər
təşkil edib. Mərkəzi Seçki Komissiyası tərəfindən dairə seçki
komissiyalarına verilmiş seçki bülletenlərinin sayı 5 149 255,
seçki bülleteni almış seçicilərin sayı 3 735 374, istifadə
edilmədən ləğv olunmuş seçki bülletenlərinin sayı 1 409 949 olub.
Korlanmış seçki bülletenlərinin sayı 3 932 , seçki qutularında olan
seçki bülletenlərinin sayı 3 734 592, etibarsız hesab edilmiş
səslərin sayı 36 622 , etibarlı hesab edilmiş səslərin sayı 3 697
970 olub.
Etibarlı hesab edilmiş
səslərin prezidentliyə namizədlər arasında bölünməsi isə aşağıdakı
kimi olub: İqbal Ağazadə - 88 723 2.40 , İlham Əliyev 3 126 113
84.54, Araz Əlizadə 32 069 0.87, Hafiz Hacıyev 24 461 0.66, Qüdrət
Həsənquliyev 73 702 1.99, Cəmil Həsənli 204 642 5.53, İlyas
İsmayılov 39 722 1.07, Fərəc Quliyev 31 926 0.86, Sərdar Məmmədov
22 773 0.62, Zahid Oruc - 53 839 1.46.