Gəncənin Avtozavod qəsəbəsi adlanan ərazisində Nizami
rayon icra başçısı, onun müavinləri və polislərə hücumun səbəbi
bəlli olub.
YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyevin
Publika.az-a
verdiyi məlumata görə, hadisəni qanunsuz olaraq ərazidə torpaq
hasarlayıb vətəndaşlara satan şəxslər törədib:
"Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qəsəbə
sakinləri ilə görüşəndə əsas məqsədin şəhər tələbatına uyğun
şəraitin qurulması olduğunu bildirmişdi. Məqsəd yeni yolların
çəkilməsi, qaz, su və kanalizasiya xətlərinin quraşdırılması və
işıq xətlərinin çəkilməsi idi. Həmin ərazidə şəhər tələbatına cavab
verən infrastruktur yaradılmayıb. Qanunsuz işıq xətləri çəkilib.
Gəncə şəhərinin qəsəbə və şəhər yollarının birləşdirilməsi üçün
xüsusi vəsait ayrılıb. Həmin vəsaitlə yollar çəkiləcək və su,
kanalizasiya xətlərinin çəkilişi həmin qəsəbədə də davam
etdiriləcək. Hazırkı durumda həmin ərazidə bu işlərin həyata
keçirilməsi üçün şərait yoxdur. Yolun çəkilişi ilə bağlı plana
düşən ev və ya hasarların sökülməsi ilə bağlı həmin şəxslərə
xəbərdarlıq edilib. Yaşayış olan evlərə toxunulmayacaq. Lakin
ərazidə torpaq sahələrinin müxtəlif dəllallar tərəfindən qanunsuz
şəkildə hasarlanaraq vətəndaşlara satılması müəyyən edilib. Etirazı
da həmin dəllallar edib".
Onun sözlərinə görə, qanunsuz satılan torpaqları alan şəxslər
pullarını tələb etdiyindən dəllallar icra hakimiyyəti əməkdaşlarına
və polisə etiraz edib.
"Ötən gün Gəncə şəhər Nizami rayon icra başçısı ərazidə olarkən
ona, müavinlərinə və polis əməkdaşlarına xəsarət yetiriblər. İcra
başçısının da vəziyyəti normaldır, yaxın zamanda o da evə
buraxılacaq. Bu hadisə arzuolunmazdır. Vətəndaşı aldadanlar və
dövlət məmurlarına xəsarət yetirən həmin şəxslər cəzalarını
alacaqlar. Onlar 4-5 nəfər olub. Lakin əldə etdiyimiz məlumata
görə, həmin şəxslər tək deyil, onlara yardım edənlər də var. Bütün
bunlar istintaq başa çatandan sonra bəlli olacaq".
Yolun çəkilişi ilə bağlı sökülən evlər və torpaq sahiblərinə
hansı köməkliyin göstərilməsinə gəldikdə, N.Həmzəyev hər bir sakinə
fərdi yanaşılacağını bildirib:
"Yaşayış olan evlərin hamısı sənədləşdiriləcək, yaşayış olmayan
torpaq sahələrinin hasarları söküləcək. Həmin vətəndaşlar pullarını
tələb etmək üçün məhkəməyə müraciət edə bilərlər. Heç bir yerdə evi
olmayan və torpaq sahəsində ev tikmək istəyənlərə şəhər rəhbərliyi
tərəfindən köməklik göstəriləcək. Plana düşən evlər söküləcək, hər
bir evə fərdi yanaşılacaq. Bu prosesi iki il əvvəl M.Gəncəvi
küçəsində həyata keçirmişdik. Aldadılan şəxslərin sayını müəyyən
etmək üçün xüsusi komissiya yaradılıb. Torpaq sahələrinin necə
alınması barədə məlumatlar toplanır. Həmin torpaq sahələri satıla
bilməzdi. İndi də problemin aradan qaldırılması üçün
çalışırıq".