"Millət vəkilinin orta
məktəblərdə əməkhaqların artırılması üçün müəllimlər arasında
ixtisarların aparılması təklifi heç bir halda qəbul ediləcək təklif
deyil".
Bu sözləri Axar.az-a təhsil eksperti Məlahət Mürşüdlü millət
vəkili Siyavuş Novruzovun "orta məktəblərdə müəllimlər ixtisar
edilsin, maaşlar artırılsın" fikirlərinə münasibət bildirərkən
deyib.
Ekspert qeyd edir ki, müəllimlərin maaşlarının artırılması üçün
kütləvi ixtisarlara ehtiyac yoxdur:
"250 min müəllimin normal əmək haqqı alması üçün gərək onlardan
heç olmasa 125 mini ixtisar edilsin. Bu qeyri-mümkündür. İxtisarın
səbəbləri olmalıdır. Əgər ixtisar edilməyə səbəb varsa, bu mütləq
araşdırılmalı və ancaq bundan sonra hansısa işdən çıxarılmalar ola
bilər. Ancaq nə qədər ixtisar aparılmalıdır ki, fəaliyyətini davam
etdirəcək müəllimlərin əmək haqlarında hiss ediləcək artım olsun.
Millət vəkilinin bu təklifi heç bir halda düzgün addım deyil".
M.Mürşüdlü əlavə edir ki, müəllimlərin əməkhaqlarının artımı
üçün yeni mexanizmlər axtarılmalıdır:
"Sınaq qiymətləndirmələri, müsabiqələr, attestasiyalar
keçirilir. İlin ən yaxşı müəllimi, məktəbi kimi müsabiqələr təşkil
edilir. İşi bu istiqamətdə aparıb nəticə olaraq həmin adları
qazanmış müəllimlər dəyərləndirilməli, əmək haqları
qaldırılmalıdır. Bundan başqa, bir başa müstəqil bir qurum yaradıla
bilər ki, orada müəllimlərin attestasiyası keçirilsin. Və yüksək
əməkhaqqı almaq istəyən müəllimlər könüllü olaraq attestasiyadan
keçib nəticələrinə görə əmək haqlarını artırılmasına nail ola
bilərlər".
Ekspert heç bir ölkədə müəllimlərin əmək haqlarının qaldırılması
üçün ixtisarlar aparılmadığını bildirir. Bu sahədə xarici
təcrübədən danışan ekspert əlavə edir ki, hər ölkənin məsələyə
müxtəlif yanaşması var:
"Mən Avropa ölkələrinin təcrübəsindən deyil, qonşu ölkələrin
təcrübəsini qeyd etmək istəyərdim. Qazaxıstanda müəllimlərin həyat
şəraitinin yaxşılaşması üçün onlar mənzillə təmin edilir. Həmçinin,
peşəkarlıq səviyyəsinin artırılması məqsədilə müəllimlərin əsas iş
vaxtından sonra öz ixtisası üzrə repetitorluq etməsinə də qanunla
izn var. Gürcüstanda agentliklər tərəfindən lisenziyalaşdırma
aparılır. Hər bir müəllim özünün peşəkarlıq səviyyəsinə görə də
əməkhaqqı alır. Türkiyə təhsil sistemində isə təqaüdə çıxan
müəllimlərə işlədiyi illərin toplam əmək haqqı verilir. 25 ildir
pedaqoji fəaliyyətlə məşğul oluramsa, bu 25 il ərazində aldığım
əməkhaqqı məbləğində təqaüd almalıyam. Azərbaycanda da belə olsa,
təqaüd yaşına çatan heç bir müəllim dərs deməz. Artıq ixtisarlara
da ehtiyac olmaz. Bu səbəbdən Türkiyədə 70-80 yaşlı müəllimlər
yoxdur. Bu gün bu qaydanı Azərbaycanda da tətbiq etməyə hər bir
imkan var. Bu tip humanist ixtisarların edilməsi daha yaxşı olardı.
Bu gün Azərbaycanın iqtisadi vəziyyəti imkan verir ki, heç bir
ixtisarlar aparılmadan müəllimlərin əmək haqları qaldırılsın.
Müəllimlərin kütləvi şəkildə ixtisarı etirazlara, narazılığa və
xaosa səbəb ola bilər".