Düz ay yarımdı yol gəlirik. Hərçənd ki, başlanğıcda bu qədər
uzun yola çıxmamışdıq. Gəl gör ki, bu zaman kəsiyində biz "Axar.az"
olaraq nələrdən keçmədik... Xırda-para texniki səbəblər bir yana,
qarşımızı kəsən qatil həkimlərin sayəsində saytın baş redaktoru
Anar Niftəliyevin həyat yoldaşı Elnarə Tofiqqızı həyatını itirdi.
Və biz yola bu böyük itkinin sarsıntısı ilə davam edəsi olduq.
Təəssüf ki, bu doğum günümüzü belə kədərli girişlə
başlayıram.
Amma bütün bunlara baxmayaraq, başda Anar bəy və Pərviz bəy
olmaqla, bütün kollektivin zəhmətinin nəticə verdiyi gündür.
"Axar.az"ın ilk onlayn iş günü. Nəticə haqda heç nə yazmaq
istəmirəm, zaman özü nəticə haqda hər şeyi deyəcək. İstər başından
bəri bizi dəstəkləyən dostlara, istərsə də ön yarqıları ilə
redaktorlarımız Pərviz və Anar bəyi yarqılayan "dostlara".
Bu gün hətta hər gün işə gecikən bəndəniz belə iş vaxtından
xeyli əvvəl artıq ofisdəydi (Zəruri qeyd: 5 dəqiqə işə gecikmişdi!
– red.)
Hamımız onsuz da son dərəcə həyəcanlıyıq. Təbii ki, istisnasız
olmaz... İstisnamız əziz redaktorumuz Pərvizdi.
Hər zamanki sakit və təmkinli görkəminə zərrə qədər emosiya
əlavə etməyən redaktorumuz bir yandan bizi təəccübləndirir, bir
yandan da həyəcanımızı yatışdırıb işimizə sakit başla davam
etməyimizi sağlayır. Bir də gəlin Pərvizlə illərdir çiyin-çiyinə
yol gəlib, bir otağın yan-yana kreslosunda əyləşmiş baş
redaktorumuz Anar bəyə baxın!
Səhərdən fövqəladə vəziyyət elan edib narahatlığı ilə
"nəfəsimizi kəsən" Anar bəy haqda heç nə yazmıram!
Saat 10.00. Günəşin onlayn olmasından bir neçə saat keçir. Və
biz də Azərbaycan mediasının üfüqlərindən virtual onlayn oluruq.
Qocaman redaktorlar, istedadlı və kifayət qədər potensiallı gənc
imzaların yığışdığı kollektivi ilə ilk iş gününə start veririk.
Və bir azdan hamımızın ayrı-ayrılıqda saytla bağlı aldığımız
müsbət rəylər həyəcan bürüyən canımıza yağ kimi yayılır. Artıq
nahar fasiləsinin belə fərqində olmayan kollektiv özünü bu sevincə
qapdırarkən Holdinqin rəhbəri Aynur Camalqızı təbrik üçün
redaksiyamıza gəlir. Özü də əli boş yox, saytın şirinliyi ilə bir
yerdə.
"Ümid edirəm ki, "Axar.az" saytı son dövrlər siyasiləşmiş
Azərbaycan jurnalistikasından fərqli olaraq öz prinsipləri olan
peşəkar media nümunəsi ortaya qoyacaq".
Ardınca redaktorlar öz ürək sözlərini kollektivlə bölüşür -
təbrikimizə gələn "Publika.az"ın redaktoru Bəxtiyar Əlirzayev
də...
Sonrası da məlum - tort-kəsmə və fotosessiya mərasimi ilə ilk iş
günümüzü kefi kök, damağı çağ şirin-şirin başa vururuq.