Ana səhifə Gündəm |
Bir neçə gün əvvəl Rusiya Dövlət Duması rus dili proqramı olmayan smartfon telefon və kompüterlərin satışını qadağan edən qanun qəbul edib. Qanun layihəsinə əsasən, ölkədə satılan bütün smartfon telefonlar, kompüterlər və televizorlar zavod parametrləri olaraq Rusiya proqramı ilə işləməli olacaq. Federasiya Şurası və Rusiya Prezidenti Vladimir Putin təsdiqləsə, qanun qüvvəyə minəcək. Bu məsələdən sonra sözügedən qanunun Azərbaycanda da qüvvəyə minməsinin zəruriliyi gündəmə gəlib.
Mövzu ilə bağlı Axar.az-a danışan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi, dilçi alim Şahlar Məmmədov bildirib ki, belə bir addımın atılması dilimizə yad təsirlərdən qoruya bilər:
“Dil normalarının pozulmasında məhz smartfonlarda, telefonlarda olan proqramların adının Azərbaycan dilinin əlifba sisteminə, şriftlərinə uyğunlaşdırılmaması da bir problem kimi özünü göstərir. Ədəbi dil normalarının pozulması, başqa dildəki sözlərin danışığımızda özünə yer tapması təkcə smartfonlarda olan proqram təminatının olmaması ilə bağlı deyil. Elə insanlar var ki, telefon proqramı Azərbaycan dilində olsa da, digər dildəki sözlərdən istifadə edir. Bu həm də dil təəssübkeşliyindən irəli gəlir. Hesab edirəm ki, kompüter texnologiyaları inkişaf etdikcə Azərbaycan dili də bu rəqabətə duruş gətirməli, dilin qayda-qanunları gözlənilməlidir. Belə olan halda şübhəsiz ki, biz yazıda kütləvi şəkildə dil pozuntularının qarşısını almış olacağıq. Bu texnologiyalar Azərbaycanda yaransaydı, çox güman ki, bunun azərbaycanca adı olacaqdı. Kompüterlər, smartfonarlar, televizorlar və s. kənardan gəldiyinə görə terminləri də özü ilə gətirir. Amma bununla bağlı qayda-qanun, təşəbbüs olsa, şübhəsiz ki, istənilən sözün qarşılığını tapmaq olar”.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bənzər addımın bizdə də atılmasının məqsədəuyğun olmadığını söyləyib:
“Dünya üzrə smartfon, kompüter istehsalçılarının böyük əksəriyyəti bazar baxımından müxtəlif texnoloji avadanlıqların proqramlarda Rusiya faktorunu nəzərə alırlar. Amma Azərbaycan İT sahəsində istifadəçilərin sayı nöqteyi-nəzərindən elə də böyük bazar deyil. Telefon, smartfon və s. istehsal edən elə şirkətlər var ki, Azərbaycan daxilində biznes maraqları yoxdur. Buna görə də Azərbaycan dili ilə bağlı imkanlar nəzərə alınmır. Amma yerli bazarda doğrudan da hansısa bir proqram, avadanlıq bizim üçün hədsiz dərəcədə faydalı ola bilərsə, onda aidiyyəti qurumlar həmin şirkətlə bağlantı yaradıb, Azərbaycan əlifbası ilə bağlı məsələlərdə həmin şirkətlərə köməklik göstərə bilər. Belə olan halda həmin şirkətlər də belə bir addımın atılmasında maraqlı olar. Düşünürəm ki, proqramı Azərbaycan dilində olmayan kömpüterlərə, smartfonlara və s. sanksiya tətbiq etmək və bazara buraxmamaq bizim üçün elə də uğurlu variant olmaz”.
Tarix
2019.11.09 / 08:45
|
Müəllif
Büllurə Yunus
|