Son zamanlar
Türkiyədə baş verən və "Kürd açılımı" adını alan proseslərlə bağlı
Türkiyədəki fəaliyyətini bir qədər arxa plana keçirən PKK öz
tərəfdarlarına Azərbaycanda fəallaşmaq tapşırığı verib. "Yeni
Müsavat"ın bu barədə əldə etdiyi məlumata görə, artıq bir neçə
vaxtdı bu tapşırığın icrasına başlanılıb.
Bununla bağlı bir müddət əvvəl İraqdan və Türkiyədən gələn,
özlərini "hoca" adlandıran bir neçə nəfərin rəhbərliyi ilə Bakıda
və Azərbaycanın bir neçə bölgəsində qapalı toplantılar keçirilib.
Həmin toplantılarda iştirakçılara əsasən kürdlərin Azərbaycanda
fəallaşdırılması, bir sıra tarixi şəxsiyyətlərin kürd millətindən
olması barədə təbliğatın aparılması, Azərbaycanın bir sıra
rayonlarının tarixi "Kürdüstan" əraziləri olduğu barədə insanlar
arasında "maarifləndirici tədbirlər" həyata keçirilməsi
tapşırılıb.
Məlumatlara görə, həmin toplantıda iştirakçılara "Böyük
Kürdüstan" xəritəsi təqdim olunub və bunun Azərbaycanda
yayılmasının vacibliyi xüsusi olaraq vurğulanıb.
Bildirilib ki, Azərbaycanda görüləcək əsas işlərdən biri də
"Böyük Kürdüstan" təbliğatının ilk vaxtlarda daha çox sosial
şəbəkələrdə aparılması olmalıdı.
Azərbaycan hakimiyyətinin ən üst düzeyində bu məsələyə çox
həssas yanaşıldığı və hüquq-mühafizə orqanlarının ölkənin daxilində
separatçı meyllərə qarşı ciddi mübarizə apardığı vurğulanan həmin
toplantıda bütün fəaliyyətin çox ehtiyatlı şəkildə həyata
keçirilməsi tapşırılıb. Açıq müzakirələrin yalnız sosial
şəbəkələrdə aparılmasına izn verildiyi bildirilib. Toplantıda
iştirakçılara tapşırılıb ki, sosial şəbəkələrdəki "Böyük Kürdüstan"
müzakirələrinə və təbliğatına mümkün qədər çox şəxslər cəlb
olunsun.
Bu toplantılardan sonra verilən tapşırıqların icra olunması
istiqamətində işlərə başlanılıb və aldığımız məlumata görə, hazırda
ölkənin bir neçə bölgəsində bu istiqamətdə təbliğat aparılır.
Gedən proseslərdən kifayət qədər məlumatlı olan şəxslərin
redaksiyamıza verdikləri informasiyalara görə, bir müddət öncə
facebook-da başlanan və hazırda da davam edən "kürd müzakirələri"
məhz sözügedən toplantıda verilən qərarların nəticəsidir.
Mənbələrimiz hazırda Laçın Rayon Təhsil Şöbəsinin inspektoru
olan Müqabil Baxışovun Nizami Gəncəvini kürd şairi adlandırmasını
və sosial şəbəkələrdə bu istiqamətdə aqressiv təbliğat aparmasını
təsadüfi saymırlar. Məlumatlı qaynaqlarımız sosial şəbəkədə çox
ciddi müzakirələrə və etirazlara səbəb olan bu fəaliyyətin məhz
qeyd etdiyimiz toplantı ilə birbaşa əlaqəli olduğunu deyirlər.
Sosial şəbəkələrdəki fəaliyyətlə yanaşı hazırda xaricdən gələn
tapşırıq əsasında ölkə boyunca başqa istiqamətlərdə də iş aparılır
və bunun Azərbaycana qəsd olması faktı ortadadır.
Bir neçə gün bundan əvvəl əlimizə yetişən bu bilgilərlə bağlı
müəyyən araşdırmalar və dəqiqləşdirmələr apararkən İraq
Kürdüstanının rəsmi televiziyasında Azərbaycan ərazilərinin də
salındığı "Böyük Kürdüstan" xəritəsinin nümayiş olunması xəbəri
gəldi.
"GünAz TV"-nin məlumatına görə, hazırda İraq Kürdüstanının rəsmi
televizyasında Azərbaycan şəhərlərinin daxil edildyi "Böyük
Kürdüstan" xəritəsi müntəzəm olaraq nümayiş etdirilir. Həmin
televizya İraq Kürdüstanının başçısı Məsud Barizaniyə bağlıdır və
rəsmi olaraq Azərbaycanın onlarla şəhər və bölgəsi həmin xəritəyə
daxildir. Bu isə açıq-aydın Azərbaycanın əzəli ərazilərinə qarşı
torpaq iddiasıdır. Bu xəritədə İranın 6 vilayəti (ostan) Qərbi
Azərbaycandan tutmuş, ta Xuzistana qədər və Şərqi Azərbaycanla
Həmədan vilayətlərinin böyük bir hissəsi yer alıb. Həmçinin
xəritədə Bağdadın ətrafı, Suriyanın quzeyi, Türkiyə ərazisinin
böyük hissəsi və Naxçıvan Muxtar Cümhuriyyəti Kürdistan kimi
göstərilir. Xəritənin əhatə etdiyi ərazidə müxtəlif millətlərdən
ibarət 70 milyon insan yaşayır.
İraq Kürdüstanının "Rudav" televiziyası həmin xəritəni əsasən
hava xəbərlərinin təqdimatında istifadə edir. Məsələnin maraqlı
tərəfi odur ki, bu xəritə Azərbaycanda keçirilən toplantıda
iştirakçılara paylanan xəritənin eynisidir.
İraq Kürdüstanından gələn xəbərlə "Yeni Müsavat"ın əldə etdiyi
məlumatların üst-üstə düşməsi ölkəmizə qarşı planın yeni bir
mərhələsinin icrasına başlandığını və bu istiqamətdə Azərbaycanda
böyük işlərin aparıldığını göstərir.
Məsələ ilə bağlı əlavə məlumatlar əldə etməyə çalışacağıq.