Qabil Hüseynli:
"Abdulatipovla Abbasovu təkcə müəyyən qayə deyil, həm də qohumluq
birləşdirir"
Şərti olaraq
"Milyarderlər ittifaqı" adlanan Rusiya Azərbaycanlıları İttifaqının
(RATİ) yenidən aktivləşməyə başladığı haqda məlumatlar yayılıb.
"Yeni Müsavat"ın bu barədə xəbərində deyilir ki, bugünlərdə
Moskvanın elitar restoranlarının birində Dağıstan prezidenti
Ramazan Abdulatipovun başda əyləşdiyi məclisdə Abbas Abbasovla
bərabər Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov da olub.
Seçki ilində "Milyarderlər ittifaqı"nın yenidən təşkilatlanması
(həmin məclisdə digər RATİ üzvlərinin iştirak etdiyi də deyilir)
maraq doğurur.
"Mümkündür ki, Kreml
kritik parlament seçkiləri ərəfəsi yenidən rəsmi Bakını pressinq
altında saxlamağı hədəfləyib" deyə, xəbərdə bildirilir.
Bəs "Milyarderlər ittifaqı"nın Azərbaycanda seçki ilində hansısa
addımlar atması mümkündürmü? 2013-cü ildə sınaqdan çıxarılmış
layihə yenidən dövriyyəyə buraxıla bilərmi?
Politoloq Qabil
Hüseynli hesab edir ki, "Milyarderlər ittifaqı" layihəsi və bu
layihədə iştirak edən qüvvələr Kremlin indikindən güclü olduğu
2013-cü ildə uğur qazanmayıbsa, Rusiyanın hazırkı zəif vaxtında
nələrəsə nail olması inandırıcı deyil. Arxasında zəifləyən və hər
gün bir az da zəifləməkdə olan Rusiyanın dayandığı hər hansı
ittifaq, layihə heç nə edə bilməyəcək. Bununla belə, hər halda,
"Milyarderlər ittifaqı" layihəsinin aktivləşməsi məsələsinin ciddi
təhlilə ehtiyacı var: "Əvvəla, bu hadisələrin başında duran Ramazan
Abdulatipovla Abbas Abbsovdur. Kreml belə görünür ki, Abbas
Abbasova "stavka" eləməyə başlayıb. Abdulatipov da bu işdə az rol
oynamayıb. Çünki bu iki şəxsin arasında yaxın dostluqdan əlavə
etnik mənşə yaxınlığı da var.
Məndə olan məlumata
görə, Abbas Abbasovun da etnik mənşəyi Şimali Qafqaz xalqlarına
gedib dayanır. Yəni onları təkcə müəyyən qayə, müəyyən amal deyil,
həm də etnik mənşə qohumluğu birləşdirir. "AzərRos"da isə Söyün
Sadıqov son vaxtlar mövqeyində xeyli düzəliş etdi və Azərbaycanı
dəstəkləyən mövqeyə yaxın mövqe sərgiləməyə başladı. Əlbəttə, bu,
Abbas Abbasovu və onun adamlarını qane edə bilməzdi. Bu səbəbdən də
Abbas Abbasovla Söyün Sadıqovun toqquşması baş verdi. Görünüş
belədir ki, toqquşmada Azərbaycan açısından Söyün Sadıqov qalib
çıxdı. Təşkilatın böyük bir hissəsini öz ətrafında qoruyub saxlaya
bildi və Abbas Abbasovun rəhbəri olduğu Ağsaqqallar Şurasını da
ləğv elədilər. Kremlin "stavka"sı baxımından isə Abbas Abbasov
üstünlük əldə edib. Abbas Abbasov o kəslərdən deyil ki, sakit
otursun. O, Rusiyaya dincəlməyə getməyib. Kreml də ondan Bakıya
təzyiq mexanizmi kimi istifadə edir. Abbas Abbasovun "Milyarderlər
ittifaqı"nı yenidən toplayıb ssenari cızmağa çalışmaları, mənim
zənnimcə, mənasızdır. Burada az-çox qazanan olacaqsa, o da Ramazan
Abdulatipovdur. Mən Abbas Abbasovu azərbaycanlı hesab etmirəm.
Onlar daxildə azərbaycanlıların əli ilə ölkəmizdə qarışıqlıq salıb
özlərinin maraqları üçün istifadə etməyə çalışacaqlar".
"Milyarderlər
ittifaqı"nın strateji planlarının Rusiyanın göstərişi ilə həyata
keçirilməyə başlandığını deyən politoloq bildirdi ki, Azərbaycan
prezidenti İlham Əliyev Almaniyaya səfər edəndən, bunun ardınca
Amerika Yəhudi Komitəsinin üzvlərinin Bakıya gəlişindən sonra
Moskva nədənsə şübhələnib: "Baxmayaraq ki, AŞ PA-nın sessiyasında
Azərbaycan tərəfi Rusiya nümayəndə heyətinin səs hüququnun
alınmasının əleyhinə səs verdi, Rusiya Azərbaycandan razı
olmadığını sezdirir.
Gedən bəzi proseslər
Kremlin narahatlığını artırıb. Qərb, birinci növbədə ABŞ
Türkmənistanı "Transxəzər" qaz layihəsinə az qala razı salmış
kimidir. Rusiyanın müxtəlif hürkütücü reveranslarına baxmayaraq,
bu, günlərdə Aşqabadda Azərbaycanın, Türkiyənin və Türkmənistanın
xarici işlər nazirləri ikinci dəfə görüşdülər. "Transxəzər"
layihəsini müzakirə etdilər. Mən şübhə etmirəm ki, bu məsələdə
Türkmənistan artıq Xəzər dənizinin dibindən qaz kəmərinin
çəkilməsinə razılıq verib. Bu məsələdə Azərbaycan da onu
dəstəkləyir.
Beləliklə, Rusiyanın
çox mühüm bir qaz kəməri layihəsi tamamilə təhlükə altına düşmüş
vəziyyətdədir və perspektivləri görünmür. Bax, bunu görən Rusiya
artıq Qara Dəniz Donanmasının, Xəzərdəki hərbi dəniz donanmasının,
Krımda, Ermənistanda olan qoşunlarının iştirakı ilə coğrafiyaca çox
böyük bir ərazidə irimiqyaslı hərbi təlimlərə başlayıb. Bu, region
ölkələrinə, o cümlədən Azərbaycana əzələ nümayişidir. "Milyarderlər
ittifaqı"nın hərəkətə gətirilməsi də Azərbaycana təsir
elementlərindən biridir. Bəlkə də bir şey alındı məntiqi ilə
addımlar atılmağa başlanıb. Bütün bunlar onu göstərir ki, Rusiya
ciddi təşviş içərisindədir. Belə bir vəziyyətdə Rusiya həm
separatçı qüvvələri fəallaşdırmağa çalışacaq, həm daxildəki
"beşinci kolon"a hərəkət etmək komandası verəcək, həm öz
daxilindəki azərbaycanlı oliqarxları səfərbər edəcək və onları
hərəkətə gətirəcək. Aranı qarışdırmaq üçün bir çox şeyləri
planlaşdıra bilərlər. Amma bir sual ortaya çıxır ki, bunun üçün
vaxt və imkan çatacaqmı. Mən bu məsələdə tamamilə pessimistəm.
Rusiyanın bu məkrli planları həyata keçirməyə nə vaxtı çatacaq, nə
də imkanı. Artıq Rusiya defolt vəziyyətinə yaxınlaşmaqdadır. Artıq
bu xına o xınadan deyil".