1940-1950-ci illərdə həyata keçirilən və UNO (Uçan
naməlum obyekt) görüldüyü iddiaları ilə bağlı sənədlərin toplandığı
"Mavi Kitab Layihəsi" ictimaiyyətə açıqlanıb.
Axar.az xəbər verir ki, ABŞ ordusunun UNO hadisələrini
araşdırmaq üçün 1949-1967-ci illərdə apardığı rəsmi istintaq
proqramı – "Mavi Kitab Layihəsi"ndə (Project Blue Book) bəzi
qaranlıq məqamlar mütəxəssislərin gözündən yayınmayıb:
1. "Mavi Kitab Layihəsi"nin çox böyük bir missiyası
vardı
BBC-yə danışan UNO araşdırmaçısı Alexandro Royas layihənin
başlanğıcının 1947-ci ilin iyunundan da əvvələ söykəndiyini
deyib.
"Open Minds" jurnalının redaktoru Royas hörmətli bir iş adamı və
pilot olan Kennet Arnoldun Vaşinqton üzərində uçarkən bir neçə
naməlum uçan cisim gördüyünü bildirir və Arnoldun daha sonra bu
obyektləri "çaparaq irəliləyən fincan qablarına" bənzətdiyi ifadə
edilir.
O illərdə media bu məsəldən istifadə edərək UNO-lara "uçan
fincan qabları" adını vermişdi.
Böyük maraq oyadan bu hadisə ilə birlikdə eyni ildə Rozvelə
endiyi iddia edilən UNO dedi-qodusu və bənzər hadisələrdən sonra
ABŞ Hava Qüvvələri bu mövzuları araşdırmaq üçün işə başladı.
"Project Blue Book" ("Mavi Kitab Layihəsi") adı verilən və
şayiələrə görə yalnız bir neçə üzvü olan bir təşkilat yaradılaraq,
Ohayo ştatında "Wright Patterson" Hava Qüvvələrinin bazasında
yerləşdirildi. Deyilənlərə görə, bu gizli orqan 20 il müddətində
12618 hadisə araşdırıb.
2. Mavi Kitab Layihəsi cəmiyyətin narahat olduğu bir
dövrdə yayımlandı
II Dünya Müharibəsi bitdikdən dərhal sonra başlanan layihənin
yaradılmasında əsas məqsəd Ağ Ev və ABŞ Konqresinin binası kimi
əhəmiyyətli mərkəzlər də daxil olmaqla, bir çox yerdə UNO görülməsi
iddialarının cəmiyyətdə yaratdığı narahatlığı aradan qaldırmaq
idi.
Sənədləri yayan Con Qrinvald layihə ilə bağlı bunları deyir:
"İctimai həyəcan sürətlə yayılırdı. ABŞ hökuməti və ordusu
əslində, böyük təhlükə ilə qarşı-qarşıya idi. UNO-ların yadplanetli
olub-olmadığı çox da əhəmiyyətli deyildi. UNO-lar cəmiyyəti
çaxnaşmaya sürükləyirdi və hökumət insanları sakit etməyə borclu
idi".
Qeyd edək ki, bu gün bəzən gülüşlə qarşılanan UNO görüntüsü
1940-1950-ci illərdə ABŞ hökumətinin ən çox müzakirə etdiyi
məsələlərdən biri olub.
Royasın sözlərinə görə, vəziyyət o həddə çatmışdı ki, ABŞ
Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) və ABŞ-ın o zamankı Prezidenti
Cerald Ford UNO araşdırmalarının labüd olduğunu bildirmişdi.
1966-cı ildə Hava Qüvvələri komitəsi "Mavi Kitab Layihəsi"
çərçivəsində araşdırılan bəzi fayllarda daha dərin araşdırmalara
start verdi. Araşdırma qrupu daha sonra UNO aktivliyi ilə bağlı heç
bir dəlil olmadığına dair hesabat yaydı.
"Mavi Kitab Layihəsi" rəsmi olaraq 1969-cu ildə nəticə əldə
olunmadan sona çatdı.
3. Mavi Kitab Layihəsinə bildirilən fayllar açıldığı
kimi bağlanırdı
Dəniz Qüvvələri admirallarından sadə vətəndaşlaradək, insanlar
UNO gördüklərini iddia etsə də, "Mavi Kitab Layihəsi" çərçivəsində
araşdırılan hadisələrin çoxu hava balonları, təbii qazların meydana
gətirdiyi şəkillər, meteoroloji hadisələr və hətta istilik
dəyişmələri olaraq adlandırılırdı.
Sənədlərə görə, 1956-ci ilin aprelində Vaşinqtonda bir şahid
"ayın yarısı böyüklüyündə dairə çəkərək irəliləyən yumru, ağ bir
obyekt" deyə təsvir etdiyi bir cisim görür.
Faylı araşdıran səlahiyyətlilər daha sonra bunun bir meteorit
olduğunu söyləyir və sənəd bağlanır.
Daha sonra 1956-cı ilin yanvarında Nyu Cersidə bir nəfər "Təyyarə
ölçüsündə qanadları olmayan tünd boz bir obyekt" gördüyünü deyir.
Bu obyekt daha sonra bölgədə uçan hava vasitəsi olaraq qeydlərə
keçir.
4. Bəzi fayllar asanlıqla açıqlana biləcək
deyildi
Qrinvald və Royasın fikrincə, "Mavi Kitab Layihəsi"ndə
bildirilən və araşdırmaçıların açıqlaya biləcəyi 700-dən çox hadisə
var. Bu faylların çoxu kifayət qədər məlumat və dəlil tapıla
bilmədiyi üçün bağlanıb.
Ancaq bağlanılan sənədlərin əksəriyyəti UNO araşdırmaçılarının
cavab tapa bilməməsindən yox, yeni suallar ortaya çıxartdığından
qapanıb.
Məsələn, 1964-cü ildə Nyu Meksikada bir polis məmuru şübhəli
insanı təqib edərkən havada qəribə cism görüb. Polis təqibi
buraxaraq həmin cismin ardınca düşüb.
Polisin sözlərinə görə, qəribə qırmızı izlər buraxan hava
vasitəsi eniş edir və içindən iki uşaq boyda varlıq çıxır. Həmin
cism daha sonra yerdə yanıq izləri və başqa qalıqlar buraxıb havaya
qalxaraq bir saniyə içində yoxa çıxır.
Qrinvaldın sözlərinə görə, Mavi Kitab bu hadisəni açıqlaya
bilmədi: "Bu qədər vaxt keçməsinə baxmayaraq, hələ də bu hadisə
qaranlıq qalır".
5. Hələ də açıqlanmayan sənədlər var
Con Qrinvald hökumətdən aldığı yüz minlərlə sənədə baxmayaraq,
hələ də əldə edə bilmədiyi və xalqın da məlumatsız olduğu
bilgilərin olduğunu iddia edir. O, ABŞ Milli Təhlükəsizlik
Dairəsinə (NSA) etdiyi tələb nəticəsində yüzlərlə səhifə sənədi
əldə etdiyini, ancaq sənədlərin yararsız hala düşdüyünü deyir:
"Sənədlər o qədər əldən-ələ keçib ki, artıq heç bir işarəni
oxumaq mümkün deyil. UNO işini araşdıran MKİ və ABŞ Müdafiə
Kəşfiyyat Quruluşu kimi dövlət qurumları da onlarda olan sənədləri
yayımlamaq istəmir. Hökumətdən daha çox məlumat istəyəcəyəm. Məncə,
Mavi Kitab Layihəsi aysberqin yalnız görünən tərəfidir.
Skandallardan sonra yaranan sui-qəsd nəzəriyyələrilə əlaqədar
ortaya çıxacaq sirlər var. Hər zaman arxasınca gediləcək bəzi
şeylər vardır".