Ana səhifə Gündəm |
Ağacəkmə prosesi davam etdiriləcək. Keçən il Nəsiminin 650 illiyi ilə bağlı bir gündə 650 min ağac əkildi. Son illərdə isə əkilən ağacların sayı bəlkə də 10-20 milyonu ötüb. Bu, çox müsbət haldır. Xüsusilə təbiəti ağacla o qədər də zəngin olmayan bölgələrdə bu proses geniş vüsət alıbdır və almalıdır. Bununla paralel olaraq, çirklənmiş yerlərin təmizlənməsi, torpaqların rekultivasiyası prosesi davam etdirilir. Abşeron yarımadasında bu işlər aparılır, aparılacaqdır. Bizim mövcud göllərin təmizlənməsi prosesi daha geniş vüsət almalıdır. Biz hələlik yalnız Böyükşor gölünün bir hissəsini təmizləmişik. Bu da çox böyük layihədir. İndi digər hissənin və həmçinin digər göllərin təmizlənməsi gündəlikdədir.
Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı söyləyib.
"Son illərdə bu istiqamətdə çox böyük işlər görülüb. Bakı sakinləri və qonaqlar bunu hiss edirlər ki, havanın keyfiyyəti böyük dərəcədə yaxşılaşıb. Nəyin hesabına? Çünki biz havanı çirkləndirən bir çox mənbələri ləğv etdik. Onlardan biri Bibiheybət zonası idi, hansı ki, o, ekoloji fəlakət mənzərəsi idi. İndi orada park salınıb, idman qurğuları, xiyabanlar yaradılıb, bulvar o zonaya qədər uzadılıb. İkincisi, havanı, ekologiyanı böyük dərəcədə çirkləndirən “Qara şəhər” idi. İndi onun yerində “Ağ şəhər” yerləşir. Bu da böyük şəhərsalma layihəsidir. Yaxın gələcəkdə neftayırma zavodunun o ərazidən köçürülməsi nəticəsində həm bulvarın uzunluğu artacaq, həm də o zonada ekoloji vəziyyət daha da yaxşılaşacaq. Əlbəttə, Balaxanı zibilxanası havanı demək olar ki, zəhərləyirdi. Çünki orada yanan məişət tullantılarının söndürülməsi mümkün deyildi. Hazırda orada böyük zibilyandırma zavodu və çeşidləmə poliqonu fəaliyyət göstərir. Bu ərazi ekoloji təmiz zonaya çevrilib.
Yəni, bütün bunları biz edirik ki, Bakının ekoloji vəziyyəti yaxşılaşsın və insanların sağlamlığına ziyan vurmasın. Eyni zamanda, vaxtilə ekoloji vəziyyəti ağır olan Sumqayıt da indi ekoloji cəhətdən təmiz şəhərdir. Mən orada olarkən sumqayıtlılara deyirəm ki, Sumqayıtın havası Bakının havasından daha təmizdir. Ancaq Bakının havası da böyük dərəcədə təmizlənib. Bizim əsas diqqət mərkəzimiz məhz böyük şəhərlərdir, xüsusilə Abşeron yarımadası və sənaye müəssisələri olan şəhərlər. Azərbaycanın qalan yerlərində təbiət toxunulmazdır, biz bunu qorumalıyıq və bütün bölgələrdə təbiət qorunmalıdır. Çünki bu, bizim sərvətimizdir. Bəzi hallarda ağaclar qırılır, onların yerində binalar tikilir. Buna qətiyyən yol vermək olmaz. Müvafiq göstərişlər verilib. Təbiətin qorunması hər bir vətəndaşın işi olmalıdır, çünki bu, bizim ölkəmizdir, bizim həyatımızdır", - İ.Əliyev qeyd edib.
Tarix
2020.02.04 / 09:00
|
Müəllif
Axar.az
|