1992-ci ildə Xocalı qətliamında əsir düşən Valeh
Hüseynov ona necə işgəncələr verildiyini, gitara ifaçısı olduğu
üçün əllərinin yandırıldığını və əsirlikdən necə xilas olduğunu
"Əl-Cəzirə"yə danışıb.
O dəhşətli günlərdən bəhs edən söhbəti Axar.az oxucularına
təqdim edirik.
"23 yaşım var idi. Mingəçevir şəhərində musiqi ilə məşğul
olurdum. Bu ərəfədə Xocalıda qarşıdurmalar başladı. Doğulduğum və
böyüdüyüm şəhəri qorumaq üçün Xocalıya yollandım. Gündüzlər
işləyib, gecələr səngərdə keşik çəkirdim. Arada da gitaramı götürüb
ifa edirdim".
Sonra Səadətlə evləndim…
Ailəsini, torpağını qorumaq üçün Xocalıya gedən Valeh Hüseynov 5
ay Xocalıda qalıb. Bu müddətdə Səadət adlı bir xanımla ailə həyatı
qurub. Xocalıda olmağının 5-ci ayında isə ermənilər şəhərə daxil
olub.
"Ermənilər şəhərə daxil olduğu vaxt mən keşik növbəsində
deyildim. Yoldaşımla evimizdə oturmuşduq. Yaranan hay-küydən isə
vəziyyətin gərgin olduğu aydın görünürdü. Bir qədər sonra ermənilər
şəhərə tanklarını yeritməyə başladı. Bizim isə silahımız yox
sayılacaq qədər az idi.
Əhali meşəyə tərəf üz tutdu. Biz də əvvəlcə bütün qadınları,
uşaqları, yaşlıları çaydan keçirdik. Sonra 10 kilometrə yaxın yol
qət edib meşəlik sahəyə çatdıq. Hər yer qar, hava da çox soyuq idi.
İnsanların çoxu soyuqdan donaraq elə oradaca öldü.
Ağdama 3-4 kilometr qalmış meşəlik ərazi bitdi. Düzənliyə çıxdıq
və bu an ermənilər hər tərəfdən atəş açmağa başladı. Sağ
qalanlardan da bir çoxu burada öldürüldü. Silahlardan atılan
güllələrdən biri də həyat yoldaşıma dəydi. Hərə bir tərəfə can atıb
qorunmağa çalışırdı. Mənsə yoldaşımın cənazəsindən ayrılmırdım. Onu
orada heç cür tək qoyub gedə bilmirdim. İki saat güllə yağışı
altında gözlədim. Getdikcə erməni əsgərləri olduğumuz yerə daha da
yaxınlaşmağa başladı. Silahımın gülləsi də bitmişdi. Belimdəki
bıçağı çıxarıb bizə yaxınlaşan bir erməniyə atdım və ona doğru
qaçmağa başladım. Onun arxasınca qaçdığım vaxt digər bir erməni
əsgəri avtomatın qundağı ilə başıma vurdu. Huşumu itirdim…
Gözümü açanda onu gördüm ki, yerdəyəm və məni döyürlər. Sonra
mənim kimi əsir düşən bütün insanları apardılar…"
27 gün əsirlik həyatı yaşayan Valeh Hüseynov onunla birlikdə
əsir düşən insanların əksərinin qadın və uşaqlar olduğunu
deyir:
"Mənimlə birlikdə 11 nəfər də əsir düşmüşdü. Demək olar ki,
hamısı qadınlar və uşaqlar idi. Ermənilər bizi yaxınlaqdakı polis
bölməsinə aparıb kameraya saldılar. Hər gün 15-20 erməni əsgəri
gəlib bizi döyüb gedirdi. İşgəncələrin ən böyüyünü isə gitara
ifaçısı olduğuma görə yaşadım. Bilmirəm ki, gitaraçı olduğumu
haradan öyrənmişdilər. Bir gün erməni əsgərləri içəri daxil olub
"burada gitara ifaçısı kimdi", - deyə soruşdu. Mən özümü işarə
edincə "Qarabağ" musiqisini gitarada ifa edən sənsən?" – deyərək
üstümə gəldilər. Olduğumuz kamerada qaz sobası varıydı. Məni həmin
sobanın üstünə itələdilər, iki əlli sobadan yapışmaq istədim və
soba aşdı. Bu an özüm də yerə yıxıldım. Yıxıldığım vaxt ermənilər
əllərimin sobada yandığını görüb, ayaqları ilə basıb barmaqlarımı
da sındırdılar. Daha sonra dırnaqlarımı çıxardılar. Bu qədər
amansız işgəncələrin ardınca əllərimin tam şəkildə yanmadığını
görüb yenidən sobanın üzərinə basdılar. Bundan sonra olanlar
yadımda deyil, huşumu itirmişdim. Gözlərimi açanda əllərimdə
dəhşətli ağrı varıydı. Qabırğalarımı və dişlərimi də
sındırmışdılar. Bədənim soyuqdan titrəsə də, əllərimdə qorxunc
istilik hiss edirdim. Kameranın içindən donmuş su boruları keçirdi.
Əlimlə onlardan yapışıb yatdım. Bir də ayıldım, əllərim boruya elə
yapışıb ki, çəkib ayıra bilmirəm. Ermənilər içəri gələndə bu
mənzərəni görüb, məni borudan ayırmaq üçün ayaqlarımdan çəkdilər. O
an əllərimin içi qopub borunun üzərində qaldı..."
Valeh Hüseynovun bildirdiyinə görə, o, bir neçə gün ayılmayıb.
Bunu görən ermənilər də öldüyünü zənn edərək Valehi dağdan aşağı
atıb.
"Onlar mənim öldüyümü zənn edərək "meyit"imi dağdan aşağı
atdılar. Bunu dumanlı da olsa xatırlayırdım. Dağdan aşağı
yuvarlandıqdan bir qədər sonra bir gölməçədə olduğumu hiss etdim.
Ancaq nə sudan çıxa, nə də gözlərimi aça bildim. Gecə dəhşət soyuq
idi, titrəyirdim...
Səhər açılanda dağa qalxmaq üçün vurnuxurdum. Elə bu an
ermənilər ölmədiyimi gördü, gəlib yenidən məni dəhşət saçan
kameraya apardılar.
Amansız işgəncələrin yenidən başladığı kamerada qarşıdakı
günləri də zülmlə keçirdim.
Əsirlikdə keçirdiyim 27-ci günün tamamında 3 erməni əsiri ilə
dəyişdirildim.
Əsirlik həyatından sonra 4 il əllərim açılmadı. Məni gətirib
Gəncə xəstəxanasına yatırdılar. 4 il də əllərimin fəaliyyətini
bərpa etmək üçün müalicə olundum. Sonda isə barmaqlarımı sındırıb
yenidən düzəltdilər. O ərəfələrdə televiziyada gitara görəndə göz
yaşlarımı saxlaya bilmirdim.
Bu qədər əzablı yollar keçdim, ölmədim, Allaha şükürlər olsun,
əgər ölüm vaxtın deyilsə, ölmürsən..."
Qeyd edək ki, 1996-cı ildə yenidən ailə həyatı quran Valeh
Hüseynovun 3 qız övladı var.