ABŞ Dövlət Departamenti
dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi
Viktoriya Nulandın kəlbəcərli girovlar - Dilqəm Əsgərov və Şahbaz
Quliyevlə bağlı Bakı və İrəvana səfəri çərçivəsində verdiyi
bəyanata münasibət bildirib.
Musavat.com xəbər verir ki, bu barədə Dövlət
Departamentinin rəsmi saytında yer alan məlumatda deyilir.
Belə ki, ABŞ Xarici siyasət idarəsinin mətbuat katibi Cennifer
Psaki mətbuat konfransında müvafiq orqanları Ermənistanda
saxlanılan məhbusları azad etməyə çağırıb. Sitat: "Bundan əvvəl biz
ATƏT-ın Minsk Qrupundakı nümayəndəmiz Ceyms Uorlik vasitəsilə hər
iki girovun Azərbaycan hökumətinə geri qaytarılması məsələsini
dəstəkləmişik. Tərəflər humanitar jest olaraq, məhbusları
qaytarmağın yollarını tapmalıdırlar. Bu humanitar jest gərginliyi
azaltmaq və tərəflər arasında inam yaratmaq məqsədi daşıya
bilər".
Yada salaq ki, ötən həftə Viktoriya Nuland həm Azərbaycan
paytaxtında, həm də İrəvanda (bir qədər fərqli kontekstdə)
"Ermənistan humanitar jest olaraq onları buraxmalıdır" açıqlamasını
vermişdi. Amerikanın ən təcrübəli diplomatlarından sayılan xanım
Nuland girovların geri qaytarılmasının sülh prosesinə müsbət təsir
edə biləcəyini xüsusi vurğulamışdı.
Dövlət katibi köməkçisinin ardınca Minsk Qrupunun amerikalı
həmsədri Ceyms Uorlik də Xankəndində, girovların saxlandığı yerdən
cəmi bir neçə kilometr aralıda oxşar mövqeni əks etdirən açıqlama
vermiş, "Gərginliyin artdığı bir vaxtda girovların qaytarılması
kimi humanitar təşəbbüs danışıqlar üçün daha əlverişli atmosferin
yaranmasına səbəb ola bilər" - söyləmişdi.
Onu da qeyd edək ki, Minsk Qrupunun digər həmsədr ölkəsi kimi
Rusiya da bir neçə dəfə girovlarla bağlı bənzər mövqe ortaya qoyub.
Ən birinci olaraq xarici işlər naziri Sergey Lavrov bu yöndə xoş
məram nümayiş etdirib, hətta məsələ ilə əlaqədar erməni tərəfi ilə
müzakirə aparacaqlarını söyləyib.
Son olaraq bunu Rusiya XİN nümayəndəsi Aleksandr Lukaşeviç
mətbuata açıqlamasında həmin yanaşmanı bir daha təsdiqləyib: "Nazir
Sergey Lavrovun da dediyi kimi, bu məsələ erməni həmkarlarımızla
müzakirə olunacaq".
Beləcə, girovların taleyi ilə bağlı iki ən mühüm həmsədr ölkənin
iradəsi ortadadır.
Şübhə yox ki, onların qətiyyəti yetərli olarsa, bu iş xeyli
sürətlənə, soydaşlarımız azad oluna bilər. ABŞ Dövlət
Departamentinin işğalçı tərəfə ünvanlı çağırışı bu yöndə ümidləri
artırır. Hərçənd, bir daha xatırladaq ki, erməni tərəfi "məhkəməni"
dünya birliyi tərəfindən tanınmayan qondarma qurumun ərazisində
aparmaqla və girovların boynuna olmayan qətl hadisəsini qoymaqla
geri addım üçün faktiki surətdə imkan saxlamayıb, özlərini qəlizə
salıb.
Üstəlik, az qala hər həftə isterik bəyanatlar verirlər ki, heç
bir mübadilədən söhbət gedə bilməz, "uzaqbaşı Dilqəm Əsgərovu Ramil
Səfərovla dəyişə bilərik" kimi sərsəm açıqlamalar
səsləndirirlər...
Sabah fevralın 26-sı - Xocalı soyqırımının ildönümü günü
soydaşlarımızın "apelyasiya şikayəti"nə baxılacaq. Bəs "məhkəmə"
ABŞ və Rusiya rəsmilərinin mövqeyini, o sırada Dövlət
Departamentinin çağırışlarını ciddiyə alacaqmı? Erməni "femidası"
özü-özünü saldığı hüquqi bataqlıqdan çıxmağa cəhd edəcəkmi?
Bir gün də gözləyək. Ancaq erməni KİV-lərində bu mövzuda neçə
gündür hökm sürən isterika, hətta xanım Nulandın humanist jesti ilə
bağlı onun Ermənistan mətbuatında aşağılanmaqda davam etməsi hələ
ki, nikbinlik üçün əsasların sanballı olmadığını göstərir. Hərgah,
bunu çarəsizlikdən doğan hikkəli davranış da saymaq mümkündür. Ən
azı ona görə ki, söhbət sıradan olan bir dövlətdən yox, ABŞ kimi
supergücün iradəsi və çağırışından gedir.