Xəbər verdiyimiz kimi, Azərbaycan
Respublikasının Mərkəzi Bankından xarici valyuta nağd alğı-satqı
məzənnələrinin müəyyənləşdirilməsi zamanı bəzi valyuta mübadilə
şöbələrində, habelə bir sıra subyektlər tərəfindən valyuta
qanunvericiliyinin tələblərinin pozulması barədə daxil olmuş
məlumat, eyni zamanda, son günlər ayrı-ayrı vətəndaşların xarici
valyutanın alğı-satqısı zamanı sui-istifadə hallarına yol verilməsi
barədə çoxsaylı müraciətləri əsasında Baş prokuror yanında
Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz
istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata
görə ilkin araşdırmalar göstərib ki, Azərbaycan Respublikası
Mərkəzi Bankı İdarə Heyətinin 2015-ci il 21 fevral tarixli qərarı
ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində
müəyyən edildikdən sonra xarici valyutanın alğı-satqı
əməliyyatlarının həcminin artması ilə əlaqədar bir sıra valyuta
mübadilə şöbələrində, eyni zamanda, qanunsuz fəaliyyət göstərən
bəzi subyektlər tərəfindən yol verilmiş sistemli və məqsədli qanun
pozuntuları əhalinin aldadılması, əsassız ajiotajın yaranması və bu
sahədə vəziyyətin gərginləşməsinə səbəb olub.
Belə ki, həyata keçirilmiş istintaq və əməliyyat-axtarış
tədbirləri ilə xarici valyuta bazarında fəaliyyət göstərən bir sıra
valyuta mübadilə şöbələri tərəfindən valyuta alğı-satqı
əməliyyatlarının məqsədli şəkildə müvəqqəti dayandırılması,
bəziləri tərəfindən milli pulun olmaması bəhanəsi ilə belə
əməliyyatlardan əsassız olaraq imtina edilməsi, habelə bəzi valyuta
mübadilə şöbələri tərəfindən xarici valyutanın, xüsusən də ABŞ
dollarının Mərkəzi Bankın İdarə Heyətinin müəyyən etdiyi səviyyədən
xeyli aşağı məzənnə ilə alınması halları aşkar edilib.
Bakı şəhərində müxtəlif ünvanlarda müvafiq icazə tələb olunduğu
halda belə icazə alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti
göstərməklə sistemli şəkildə rəsmi qaydada müəyyən edilmiş
məzənnədən xeyli aşağı qiymətlə xarici valyuta mübadiləsi apararaq
vətəndaşların əmlakını aldatma yolu ilə ələ keçirən bir sıra
qanunsuz fəaliyyət göstərən valyuta mübadilə şöbələrində
istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə onlardan 15-də
istintaq üçün əhəmiyyət kəsb edən sənəd və əşyalar, milli və xarici
valyutada pul vəsaitləri aşkar edilərək götürülüb.
Qeyd olunan faktlarla əlaqədar Baş prokuror yanında Korrupsiyaya
qarşı mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.2.3 (qulluq
mövqeyindən istifadə etməklə dələduzluq) və 192.1-ci (qanunsuz
sahibkarlıq) maddələri ilə 6 cinayət işi başlanıb, 5 şəxs
bilavasitə cinayət başında yaxalanıb.
Belə ki, Mərkəzi Bankın müəyyən etdiyi xarici valyuta
məzənnəsinə zidd olaraq "Yunayted Kredit Bank" ASC-dən müvafiq
lisenziya almış Emil Həsənovun Bakı şəhəri, Ağa Nemətulla küçəsi 32
saylı ünvanda yerləşən valyuta dəyişmə məntəqəsində, "Zaminbank"
ASC-dən müvafiq lisenziya almış Rəşad Baxşıyevin Bakı şəhəri, 28
May küçəsi 25 saylı ünvanda yerləşən valyuta dəyişmə məntəqəsində
vətəndaşlara məxsus xarici valyutanı manata mübadilə etməklə qulluq
mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmələrində, eyni
zamanda, müvafiq lisenziya almadan Zülfüqar Həsənovun Bakı şəhəri,
Atatürk prospekti 97-105 saylı ünvanda yerləşən valyuta dəyişmə
məntəqəsində, Arif İsmayılovun Bakı şəhəri, Q.Qarayev prospekti 65D
saylı ünvanda yerləşən valyuta dəyişmə məntəqəsində, Sənan
Kəlbəliyevin Bakı şəhəri, M.Mirqafarov küçəsi 14 saylı ünvanda
yerləşən valyuta dəyişmə məntəqəsində vətəndaşlara məxsus xarici
valyutanı manata mübadilə edərək qanunsuz sahibkarlıq fəaliyyəti
ilə məşğul olmaları və qulluq mövqeyindən istifadə etməklə özgə
əmlakını ələ keçirmələrində şübhələr üçün əsaslar olduğundan
Zülfüqar Həsənova, Rəşad Baxşıyevə, Sənan Kəlbəliyevə Cinayət
Məcəlləsinin 178.2.3-cü, 192.2.2-ci maddələri, Arif İsmayılova
178.2.3-cü və 192.2.1-ci maddələri, Emil Həsənova isə 178.2.3-cü
maddəsi ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı
ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda həmin cinayət işləri üzrə, habelə Bakı şəhəri və
regionlarda sui-istifadə hallarına yol verməklə valyuta və
makroiqtisadi tənzimləməyə ciddi maneələr yaradaraq əhalinin
aldadılmasına və süni gərginliyin yaradılmasına səbəb olan
subyektlərin aşkar edilməsi, belə halların aradan qaldırılması
istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam
etdirilir.
Baş Prokurorluq tərəfindən bundan sonra da Mərkəzi Bankla
əlaqəli şəkildə valyuta qanunvericiliyinə, xüsusilə də xarici
valyutanın nağd alğı-satqı əməliyyatlarının aparılması zamanı
mövcud tələblərin pozulması hallarına qarşı kəsərli mübarizə
tədbirlərinin görülməsi təmin ediləcək.