Yuxarı

Bir psixi xəstəni kanala çıxarıb, ədəbsizlik etmək... – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevlə müsahibəni təqdim edir:

- Qüdrət bəy, “beşinci kolon”un xaricdəki təmsilçiləri gecə-gündüz təbliğat aparırlar, müqayisələr edirlər ki, ölkədə COVİD-19 virusuna görə elan olunmuş karantinlə əlaqədar əhaliyə verilən yardımın həcmi azdır. Sizcə, nə qədər haqlıdırlar?

- Öz xalqını sevən hər kəs və hər bir hökumət istəyər ki, imkansız ailələrə verilən yardımın həcmi çox olsun. Bu insanlara rahatlıq gətirər, hökumətlərə isə əhalinin dəstəyini və hörmətini təmin edər. Amma istənilən hökumətin imkanları hüdudsuz deyil. Azərbaycanda bu məqsədlə Prezident tərəfindən 2.5 milyard manat pul ayrılıb və Prezident bəyan edib ki, ehtiyac olacağı təqdirdə bu məbləğ artırılacaqdır. Xaricdə oturub muzdla antiazərbaycan qüvvələrin tapşırığını yerinə yetirənlər bizi ayrılan yardımın həcminə görə inkişaf etmiş Qərb ölkələri ilə müqayisə edirlər, virusa yoluxanların, ölənlərin sayına, əhalinin ərzaqla təminatı vəziyyətinə, göstərilən tibbi xidmətə görə yox.

Bizə nümunə göstərilən ölkələrə baxaq: Xəstələr koridorlarda döşəmənin üzərində yıxılıb qalıb, heç onlara yaxınlaşan da yoxdur. İnsanların çoxu xəstəxanaların qabağında yıxılıb ölür. Məsələn, bizə nümunə kimi göstərilən ABŞ-da oturub vaxtilə iqtidar nümayəndələrinin pullu sifarişi ilə reportajlar hazırlamaqla CNN kimi dünyanın nüfuzlu televiziya kanallarında iqtidarı tərifləyib göylərə qaldıran, Neft Fondunun vəsaitlərindən xalqımızın maraqları naminə necə səmərəli istifadə olunmasından danışan, sonradan bəlli səbəblərdən incik düşən Sevinc Osmanqızı üzünü görüb, səsini eşidən kimi psixi xəstə olduğu bəlli olan Yunus adlı birisini çıxarır özünün Yutub kanalına, o da Osmanqızına qoşulub başlayır ağzına gələni danışmağa. Hərdən ədəbsizlik edərək mənim də haqqımda artıq-əskik danışır. Danışdıqca az qala gözləri böyüyüb hədəqəsindən çıxacaq görkəm alan bu psixopat normal tənqid əvəzinə ölkədə vətəndaş qarşıdurması yaratmaq həvəsilə iqtidara və onun kimi düşünməyənlərə qarşı nifrət püskürür. Baxmayaraq ki, Yunus başa düşməsə də, Osmanqızı çox gözəl başa düşür ki, ölkəmiz müharibə vəziyyətindədir və ən azı məhz bu səbəbdən biz ölkənin valyuta resuslarının hamısını xərcləyə bilmərik. Valyuta ehtiyatları həm iqtisadiyyatımızın yenidən qurulması üçün çox vacibdir, həm də böhranın nə qədər davam edəcəyini dəqiq söyləmək mümkün deyil. Azərbaycanda hazırda verilən yardım yalnız ailənin ərzaqla təminatı üçündür. İndi başqa məsələlərə pul xərcləməyin vaxtı deyil. Hökumət çalışmalıdır və biz də kömək eyməliyik ki, heç bir imkansız səxs ac qalmasın, normal qidalana bilsin. Yardımların paylanmasınadakı problemlərin həlli yollarını göstərmək lazımdır, onu ictimai narazılığa çevirməyə cəhd etmək olmaz. Əvvələr hökumət belə bir problemlə üzləşməyib, ona görə hər şeyin rəvan gedəcəyini düşünmək sadəlövhlük olar. İnsanlar bunu nəzərə almalıdırlar.

Dünyanın ən böyük iqtisadiyyatına sahib olan ABŞ-ın vətəndaşlarına bizimlə müqayisədə daha çox pul verilməsinə gəldikdə, bu, ölkənin iqtisadi gücü ilə yanaşı həm də bu il ölkədə prezident seçkiləri keçirilməsi ilə bağlıdır. Çünki indiki prezident yenidən seçkilərə qatılacaq. Həmçinin hökumət kəşfiyyat tərəfindən virusun son dərəcə təhlükəli olması barədə məlumat alsa da, onu ciddi qəbul edib lazımi profilaktik tədbirlər görməyib və bunun nəticəsi olaraq hazırda yarım milyona qədər insan virusa yoluxub, 10 mindən artıq adam isə ölüb. Vəziyyət isə gündən-günə ağırlaşmaqdadır. ABŞ hökuməti həyatını itirənləri hətta insanlığa yaraşan formada belə dəfn edə bilmir. Ona görə əhaliyə çox pul verməklə həm də onların hökumətə qarşı qəzəbini soyutmaq istəyir. Məhz sadaladıqlarıma görə bizi ABŞ-la müqayisə etmək yersiz və qərəzlidir.

- Qüdrət bəy, hökumətin hesabatı zamanı demişdiniz ki, böhran ola bilsin iqtisadiyyatımızın təlatümlərsiz yenidən qurulması üçün bir şansdır. Sizcə, hökumət vəziyyəti dəyişmək üçün nə etməlidir?

- Həmin iclasda mən Çörçillin İkinci Dünya müharibəsinin sonlarında, BMT-nin yaradılmasının zəruriliyini əsaslandırmaq üçün dediyi iddia olunan, 2008-ci ilin Dünya Maliyyə Böhranı zamanı ABŞ-da Prezident Administrasiyasının rəhbəri olmuş Rahm Emmanuelin səsləndirdiyi belə bir fikri xatırlatdım: “Heç vaxt ciddi böhranın hədər getməsinə imkan vermə”. Bizim iqtisadiyyat neftdən çox asılıdır. İnsanlarımız bunu bilir. Ona görə də neftin qiyməti aşağı düşən kimi camaat əllərindəki pulu dönərli valyutaya dəyişmək üçün banklara axışır. Bu da maliyyə sabitliyinə əlavə zərbə olur. Bizə təqdim olunan icmal hesabatda qeyd olunur ki, 2019-cu ildə sənaye sektoruna 8 milyard 629 milyon manat sərmayə yatırılıb. Əsas kapitala yönəldilən vəsaitin 50,2%-i sənayedə istifadə edilib, amma 2018-ci illə müqayisədə 1,8% çox məhsul istehsal olunub. Bu artımla bizə neçə on illər lazımdır ki, biz neftdən asılılığa son qoyaq? Ona görə də təklif etdim ki, ilk növbədə dövlət bizneslə məşğul olmaqdan imtina etməlidir. Dövlət şirkətləri, səhmləri dövlətə məxsus olan müəssisələr ya özəlləşdirilməli, ya da uzun müddətə bu sahədə təcrübəsi olan şirkətlərə, investisiya qoyuluşu qarşılığında, idarəetməyə verilməlidir. Çünki onların böyük əksəriyyəti xərclər şişirdildiyi üçün rentabelli deyil, vergi öhdəliklərini yerinə yetirə bilmirlər, böyük məbləğdə dövlət təminatı ilə xaricdən kreditlər alırlar, yuxarıda qeyd etdiyim səbəbdən onu qaytara bilmirlər və biz büdcə vəsaitləri hesabına onları geri qaytarmalı oluruq. Dövlət mülkiyyəti yalnız yüksək inkişaf səviyyəsinə çatmış kapitalizm cəmiyyətində özünü doğrulda bilər. 74 illik sovet hakimiyyəti dönəmində dövlət mülkiyyiyyətində olan müəssiələr rəqabətə davamlı ola bilmədi və iqtisadiyyat çökdü. Eyni aqibəti yaşamamaq üçün xidmət sahələri də daxil böyük miqyasda dövlət əmlakının özəlləşdirilməsinə gedilməlidir.

Ekspertlərdən eşitdiyimə görə, təkcə Bakı şəhərində qaz itkisinin qarşısını almaq üçün boruların dəyişdirilməsinə bir milyard dollar vəsait lazımdır. Nazirlər Kabineti də vəziyyətin ciddiliyinin fərqindədir və qeyd etdiyim problemlərin həlli üçün artıq Azərbaycan Dövlət İnvestisiya Holdinqinin yaradılması barədə qərar qəbul olunub.

Dövlətin mülkiyyətində olan əksər səhiyyə, ali təhsil müəssiələri, idman kompleksləri, konfrans, konsert zalları, restoranlar, fəaliyyəti dayanmış istehsal və emal müəssiələri, aeroportlar, vağzallar təcili qaydada özəlləşdirməyə çıxarılmalıdır. Fəaliyyəti dayanmış müəssisələri bərpa etmək və yeni iş yerləri yaratmaq üçün sahibkarlar ehtiyac hiss edərlərsə, onlara aşağı faizli kreditlər verilməlidir. Dövlət iqtisadiyyatda yalnız tənzimləyici rol oynamalıdır. Çoxları fikirləşə bilər ki, heç bir iqtidar bu qədər səlahiyyətləri əlindən verməz. Amma inkişafın başqa yolu yoxdur.

Dünyanın hər yerində sahibkarlar banklarla işləyir. Bizdə mövcud olan kredit faizləri ilə sahibkar heç bir uğurlu layihə həyata keçirib pul qazana bilməz. Vəziyyəti dəyişmək üçün ucuz kreditlərə çıxış təmin olunmalıdır.

Bunlarla yanaşı “kölgə iqyisadiyyatı”na son qoymaq üçün nağdsız ödənişlərə keçilməlidir. Gömrük və vergi siyasəti elə aparılmalıdır ki, həm sahibkarlar qanunları pozmağa meyilli olmasın, həm də xarici investorlar Azərbaycana gəlməkdə maraqlı olsun. Ən başlıcası, kapitalın ölkədən qaçmaması və xarici kapitalın ölkəmizə gəlməsi üçün mülkiyyət toxunulmazlığına təminat verən güclü məhkəmə hakimiyyəti formalaşdırılmalıdır. Bu edilməsə, heç bir maliyyə aministiyası ölkəyə investisiya cəlb edə bilməz və heç kim pulunu Azərbaycana qaytarmaz. Ən yaxşı halda Azərbaycan çirkli pulların yuyulduğu bir məkana çevrilər. İqtisadiyyatımızı sağlamlaşdırmaq üçün hökumətin qəbul etməli olduğu qərarlar bundan ibarət olmalıdır.

Tarix
2020.04.11 / 12:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla