"Bir müddət öncə rus əsgəri
Permyakov tərəfindən erməni ailəsinin tam şəkildə qətlə yetirilməsi
Ermənistanda rus ordusuna qarşı çox ciddi nifrət doğurub. Bu da
istər-istəməz ölkədəki siyasi, ictimai və psixoloji duruma öz
təsirini göstərir".
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Ərəstun Oruclu
deyib. O, Ermənistanda, məhz Permyakovun qətiam törətdiyi Gümrüdə
asılan Rusiya sərhəd xidmətinin erməni əsilli əsgərinin sözügedən
nifrət zəminində qətlə yetirilə biləcəyinin istina olmadığını
bildirib:
"Bunun arxasında erməni hökumətinin dayanması kimi məqamlara
düzü, bir qədər spektik yanaşıram. Görünən odur ki, bu gün
Sərkisyan hökumətinə bu, lazım deyil. Buna görə də istisna etmirəm
ki, bu olay cəmiyyətdə olan sırf mövcud psixoloji durumun
nəticəsidir. O ki qaldı son günlər erməni ordusundakı zorakılıq
hallarına, nizam-intizamı olmayan ölkənin hərbisində baş verən belə
hadisələr adi bir haldır. Nəzərə alsaq ki, ordu insanların əlində
silahı olan bir qurumdur və təbii ki, müəyyən bir mərhələdə də
həmin silah işə düşə bilər. Bütün bunlar birbaşa ölkədəki
ictimai-siyasi durumla bağlıdır və belə hallarda hətta bəzən
kütləvi qətllər qaçılmaz ola bilər".
Politoloq son günlər üzdə olmayan, ancaq daxildə artan
Ermənistan-Rusiya gərginliyinə də toxunub:
"Son vaxtlar Ermənistanda Rusiya nifrəti baş alıb getsə də, bu,
iki ölkə arasındakı əlaqələrin qırılmasına səbəb ola bilməz. Çünki
İrəvan-Moskva arasında müqavilə öhdəliyi var, Ermənistandakı
mülkiyyətin böyük bir hissəsi Rusiya şirkətləri tərəfindən
özəlləşdirilib, Ermənistanın enerji təchizatı, qaz paylama şəbəkəsi
rus şirkətlərinin nəzarətindədir. Buna görə də iki ölkə arasında
birdən-birə qırılmalar ola bilməz. Ancaq Rusiyanın zəifləməsi və
Qərb tərəfindən sıxışdırılması istənilən halda münasibətlərə təsir
göstərərək Moskvanın bir çox müttəfiqlərinin ondan məsafələnməsinə
gətirib çıxarıb. Bu, təkcə Ermənistanla deyil, Belarusla olan
münasibətlərdə də özünü göstərir. Hətta Qazaxıstan artıq xeyli
dərəcədə Rusiya ilə ehtiyatlı davranır, o cümlədən digər dövlətlər.
Faktiki olaraq hazırda çətinliyə düşməsi səbəbindən Rusiya
müttəfiqliyində və təsirində olan ölkələri itirmə qorxusu yaşayır.
Bu da təbiidir, çünki heç kəs zəifin yanında olmaq istəmir".
Xatırladaq ki, Permyakov olayından sonra son zamanlar Ermənistan
ordusunda, xüsusilə də Gümrüdə kütləvi cinayət və narazılıqlar baş
alıb gedir. Ən son məlumata görə, bir müddət idi itikin düşmüş
Rusiya sərhəd xidmətində muzdlu qulluqçu olan erməni əsilli əsgər
dünən Gümrüdə asılmış vəziyyətdə tapılıb.