Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
martın 12-də Bərdədə 588 məcburi köçkün ailəsi üçün yeni salınan
yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.
AzərTac xəbər verir ki, məcburi köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması istiqamətində görülən işlər bu kateqoriyadan olan
soydaşlarımızın hər zaman Prezident İlham Əliyevin diqqət və
qayğısı ilə əhatə olunduğunu göstərir. Məcburi köçkünlərin
müvəqqəti yaşayış yerləri və çadır şəhərciklərindən müasir tələblər
səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu
insanlara göstərdiyi diqqətin təzahürüdür. Prezident İlham Əliyevin
yürütdüyü siyasətin təməl prinsiplərindən biri məcburi köçkünlərin
həyat şəraitinin yaxşılaşdırılmasıdır ki, bununla bağlı görülən
işlər nəticəsində bu gün ölkədə bir dənə də olsun çadır şəhərciyi
qalmayıb, orada yaşayan insanların hamısı müasir tipli qəsəbələrə
köçürülüb. Onların maddi rifahının yaxşılaşdırılması üçün dövlət
proqramları qəbul edilib, sosial müavinətlərin artırılması
istiqamətində mühüm tədbirlər görülüb. Bunu Prezident İlham
Əliyevin müvafiq Sərəncamı ilə Bərdədə 588 məcburi köçkün ailəsi
üçün salınan yeni yaşayış kompleksində yaradılan şərait də
təsdiqləyir.
Son illərdə məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı
hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə Prezident tərəfindən
onlarla Fərman və Sərəncam imzalanıb, müxtəlif qanunlar
təsdiqlənib. Dövlətimizin başçısının 2004-cü il 1 iyul tarixli
Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin
yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması
üzrə Dövlət Proqramı" qəbul olunub. 2003-2013-cü illərdə 25 minə
yaxın məcburi köçkün ailəsi mənzillə təmin edilib. Həmin illər
ərzində hərtərəfli infrastruktura malik onlarla məktəb binası, uşaq
bağçası, tibb müəssisəsi və rabitə evi tikilib. 2015-ci ilin mart
ayına olan məlumata əsasən, bu qəbildən olan insanlar üçün
indiyədək 89 müasir qəsəbə salınıb. Beləliklə, 46 min ailənin və ya
230 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb.
Təkcə 2014-cü ildə məcburi köçkün ailələri üçün 7 yeni qəsəbə və ya
yaşayış kompleksi yaradılıb. Bu məqsədlə il ərzində Dövlət Neft
Fondundan 300 milyon manat, digər investisiya xərclərindən isə 50
milyon manat vəsait ayrılıb. 2015-ci ildə isə məcburi köçkünlər
üçün 4 yeni yaşayış kompleksinin inşa edilməsi, 2500 ailənin və ya
11 min nəfərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə
tutulub.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevə
yeni salınan yaşayış kompleksi barədə məlumat verdi. Bu kompleks
dövlətimizin başçısının "Qaçqınların və məcburi köçkünlərin yaşayış
şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə
Dövlət Proqramı"na Azərbaycan Prezidentinin 2011-ci il 21 fevral
tarixli Sərəncamı ilə təsdiq edilən Əlavələrin müvafiq bəndlərinə
əsasən inşa olunub. Yeni yaşayış kompleksinə Bərdədə yataqxanalarda
müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürüləcək.
Prezident İlham Əliyev mənzillərə baxıb.
Burada yaradılan şərait göstərir ki, Azərbaycanın sürətli
sosial-iqtisadi inkişafının əsas xarakterik xüsusiyyətlərindən biri
də ölkədə həyata keçirilən siyasətin müsbət nəticələrinin hər bir
vətəndaşın həyatında öz əksini tapması, insanların rifah halının
yaxşılaşmasıdır.
Burada yeni məhəllənin sxeminə və maketinə baxan Prezident İlham
Əliyevə məlumat verildi ki, 11 hektar sahəni əhatə edən yeni
yaşayış kompleksində 588 mənzil, 640 şagird yerlik məktəb, 140
yerlik uşaq bağçası, ATS və digər inzibati binalar tikilib. Su,
elektrik və qaz təchizatı şəbəkələri Bərdənin kommunikasiya
şəbəkələrinə qoşulub. Kompleksin tikintisinə 2014-cü ilin iyun
ayında başlanılıb və bu ilin mart ayında tam başa çatdırılıb. Yeni
kompleks qaçqın və məcburi köçkünlər üçün salınmış 90-cı yaşayış
kompleksidir.
Dövlətimizin başçısı kompleksdəki məktəbdə yaradılan şəraitlə
tanış oldu. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin
təhsilə qayğısını və məcburi köçkünlərlə görüşünü əks etdirən
fotostendlərə baxdı. Burada, həmçinin indiyədək istifadəyə verilmiş
yeni qəsəbələrin fotostendləri də yaradılıb. Məktəblə tanışlıq
zamanı bildirildi ki, bu təhsil ocağında təlim-tədris üçün hər cür
şərait yaradılıb.
Dövlətimizin başçısı yaşayış kompleksindəki uşaq bağçasında da
oldu və burada yaradılan şəraitlə maraqlandı. Uşaq bağçasında
balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınıb.
Prezident İlham Əliyev yeni yaşayış kompleksində görülən
işlərdən razılığını bildirib.