"Gümrüdəki hərbi hissə hər
zaman aktiv fəaliyyətdə olub".
Bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun
rəhbəri Fərrux Məmmədov söyləyib.
O, Moskva-Suxumi-İrəvan-Tiflis dəmiryolu vasitəsilə Cənubi
Qafqazın tən ortadan bölünəcəyini bildirib:
"102-ci baza Rusiya üçün strateji əhəmiyyət daşıyır. Həmin hərbi
bazanın önəmi ondan ibarətdir ki, Rusiya hərbi kəşfiyyatı İran,
Türkiyə və Cənubi Qafqazla bağlı burada kəşfiyyat və əks-kəşfiyyat
işləri görür. Lakin indiki halda həmin hərbi hissəni istənilən
zaman tam şəkildə təchiz etmək Rusiya üçün əlavə xərclər tələb
edir. Rusiya bu məsələnin həlli yollarını axtarır. Bu gün Gümrüyə
çatacaq mallar sadəcə hava yolu ilə və İran üzərindən daşınır. Bu
isə çox bahalı maliyyə xərcləri tələb edir. İran üzərindən gedən
malların təhlükəsizliyi qorunsa da, Rusiya yüklərin oradan
daşınmasında maraqlı deyil. Çünki İran kəşfiyyatı Gümrüyə
göndərilən bütün əşyalarla bağlı məlumatlı olur və onları siyahıya
alır. Rusiya isə daima alternativ yollar axtarışındadır. Bu gün
Rusiya Gürcüstanla bu məsələdə gizli danışıqlar aparır. Moskvanın
apardığı gizli danışıqlar İvanişvili və onun ətrafı vasitəsilə həll
edilir. Gürcüstanda Rusiyanın bu layihəsinə qarşı olanlar daha
çoxdur. Çünki Gürcüstanın 2008-ci il yaraları hələ də sağalmayıb.
Tiflis bilir ki, Kreml güvəniləcək tərəfdaş deyil və onun inkişafı
yalnızca Avropa Birliyi ilə NATO-dan keçir. Kremlin istəyi odur ki,
Rusiyanın Gürcüstan və Ermənistanla dəmiryol xətti layihəsini
gerçəkləşdirsin. Bu layihə gerçəkləşdiyi zaman Gürcüstanın milli
təhlükəsizliyi birbaşa təhdid altına düşür. Həmin layihə yalnızca
Gürcüstana deyil, həm də Azərbaycan üçün də milli təhlükəsizlik
baxımından sərf etmir. Moskvanın bu proyektinin iqtisadi gücü o
qədər də çox deyil və Rusiyadan başqa regionun heç bir ölkəsinə
nəsə qazandırmayacaq. Kreml üçün bu çox vacib proyektdir, çünki
onunla Cənubi Qafqaz tən ortadan bölünəcək.
Moskva-Suxumi-Tiflis-İrəvan dəmiryolu ilə Rusiya hər iki tərəfə
siyasi və hərbi basqısını çoxaldacaq. Azərbaycan üçün isə,
ümumiyyətlə, Gümrü bazasının varlığı açıq şəkildə təhdiddir. Bu gün
Qarabağda keçirilən bütün əməliyyatlara Gümrüdəki hərbi kəşfiyyatı
dəstək verir. Azərbaycan bu məsələ ilə bağlı kəşfiyyat
məlumatlarına sahib olmalıdır. Bu, sübut olunarsa, siyasi
qalibiyyət əldə etmək olar".