19:11
Prezident İlham Əliyev F.H. Nəbiyevə II dərəcəli dövlət
miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında
sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı
məlumat yayıb.
Sərəncamda qeyd edilir ki, "Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq
qərara alıram:
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi
Firudin Hilal oğlu Nəbiyevə II dərəcəli dövlət miqrasiya xidməti
müşaviri ali xüsusi rütbəsi verilsin".
***
İlham Əliyev X.R.Vəliyevə "Əməkdar Hüquqşünas" fəxri
adının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: "Prokurorluq orqanlarında uzun müddətli
səmərəli fəaliyyətinə və qanunvericiliyin inkişafında xidmətlərinə
görə Xanlar Rüstəm oğlu Vəliyevə Azərbaycan Respublikasının
"Əməkdar Hüquqşünas" fəxri adı verilsin".
***
İlham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya
Xidmətinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam
imzalayıb.
Sərəncamda qeyd edilir: Miqrasiya orqanlarında qulluqda
fərqləndiklərinə və səmərəli fəaliyyət göstərdiklərinə görə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı
əməkdaşları təltif edilsinlər:
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni
ilə
Musayev Pərviz Kərim oğlu
"Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə"
medalı ilə
Ələkbərov Fazil Nəriman oğlu
Ələkbərov İqbal Rafiq oğlu
Əliyeva Aysel Etibar qızı
Hüseynov Camil Xalid oğlu
Hüseynov Orxan Yaşar oğlu
İbrahimov Ramin Ənvər oğlu
İsmayılov Nadir Kamil oğlu
Məmmədov Kərim Əvəz oğlu
Məmmədov Qüdrət Niftulla oğlu
Rüstəmov Hidayət Vaqif oğlu
Süleymanzadə Lalə Rəfail qızı
***
İlham Əliyev Əlağa Vahidin 120 illik yubileyinin
keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
görkəmli şair Əlağa Vahidin 120 illik yubileyinin keçirilməsini
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan
Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, görkəmli
Azərbaycan şairi Əlağa Vahidin 120 illik yubileyinə həsr olunmuş
tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll etsin".
***
İlham Əliyev "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"
Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam
imzalayıb.
Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq
qərara alıram:
1. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yenidən təşkili yolu
ilə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyində
səhmləri dövlətə məxsus və Xəzər dənizinin Bakı şəhərinə aid
akvatoriyasında liman xidmətləri göstərmək hüququna malik olan
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyəti
(bundan sonra "Cəmiyyət") yaradılsın.
2. Cəmiyyət Bakı Beynəlxalq Dəniz Ticarət Limanının hüquqi
varisidir və onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı
Cəmiyyətə keçir.
3. Müəyyən edilsin ki, Cəmiyyətdə səhmdarların ümumi
yığıncağının səlahiyyətlərini aşağıdakı dövlət orqanları həyata
keçirirlər:
3.1. Azərbaycan Respublikasının Prezidenti:
3.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll
edilməsi;
3.1.2. Cəmiyyətin Baş direktorunun vəzifəyə təyin və vəzifədən
azad edilməsi.
3.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.2.1. Cəmiyyətin Nizamnaməsinin təsdiq edilməsi və nizamnamə
kapitalının miqdarının müəyyən edilməsi;
3.2.2. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təklifləri
əsasında Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyən olunaraq
təsdiq edilməsi;
3.2.3. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının,
mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və
zərərinin bölüşdürülməsi.
3.3. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi:
3.3.1. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş
faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin)
bağlanmasına razılıq verilməsi;
3.3.2. Cəmiyyətin Baş direktorunun müavinlərinin vəzifəyə təyin
və vəzifədən azad edilməsinə razılıq verilməsi;
3.3.3. Cəmiyyətin Təftiş Komissiyası üzvlərinin vəzifəyə təyin
və vəzifədən azad edilməsi;
3.3.4. bu Sərəncamda qeyd edilənlər istisna olmaqla, Azərbaycan
Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın
səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
3.4. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsi:
3.4.1.Cəmiyyətin törəmə müəssisələrinin yaradılmasına, yenidən
təşkilinə və ya ləğv edilməsinə, həmçinin nümayəndəlik və
filiallarının yaradılmasına və ya ləğv edilməsinə razılıq
verilməsi.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Cəmiyyətin Nizamnaməsini iki ay müddətində Azərbaycan
Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin;
4.2. Cəmiyyətin nizamnamə kapitalının formalaşdırılması üçün iki
ay müddətində dövlət büdcəsindən zəruri maliyyə vəsaiti ayrılması
məsələsini həll etsin;
4.3. Bakı şəhərinin Qaradağ rayonu Ələt qəsəbəsinin ərazisində
yeni Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi məqsədi
ilə ayrılmış 400 hektar torpaq sahəsinin bir ay müddətində
Cəmiyyətin daimi istifadəsinə, habelə kompleksin tikintisinin hər
mərhələsi başa çatdıqdan sonra həmin kompleksin hazır hissələrinin
bir ay müddətində Cəmiyyətin balansına verilməsini təmin etsin;
4.4. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təkliflərini
nəzərə almaqla, dəniz limanlarının fəaliyyətinin müasir tələblərə
uyğunlaşdırılması, dəniz limanlarının sahibkarlıq fəaliyyətinin
təşviqi, o cümlədən vergi və gömrük sahələrində stimullaşdırıcı
tədbirlərin tətbiqi, habelə dəniz limanları ilə Azərbaycan
Respublikasının Dövlət Dəniz Administrasiyası arasında səmərəli
səlahiyyət bölgüsü ilə bağlı təkliflərini iki ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
4.5. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu
Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay
müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
4.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
4.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
4.8. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası Azərbaycan
Respublikası Nəqliyyat Nazirliyinin təkliflərini nəzərə almaqla
Cəmiyyətin fəaliyyətinə aid olan tariflərə yenidən baxaraq onları
bir ay ərzində təsdiq etsin.
6. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Cəmiyyətin dövlət
qeydiyyatına alınması üçün tədbirlər görsünlər.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".
19:34
İlham Əliyev T.M. Ziyadovun "Bakı Beynəlxalq Dəniz
Ticarət Limanı"Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru təyin
edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq
qərara alıram:
Taleh Məhəmməd oğlu Ziyadov "Bakı Beynəlxalq Dəniz Ticarət
Limanı" Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru təyin
edilsin".
21:31
İlham Əliyev "Azərbaycan Respublikasının Mülki
Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının 2015-ci il 24 fevral tarixli 1197-IVQD nömrəli
Qanununun tətbiqi barədə fərman imzalayıb.
Fərmanda qeyd edilir: "Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan
Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında"
Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1197-IVQD
nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun
tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının
Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
139-1.1.9.1-ci maddəsində, 139-1.1.9.2-ci maddəsində (hər iki
halda), 139-1.1.10.2-ci və 139-1.1.11-ci maddələrində "müvafiq icra
hakimiyyəti orqanı" dedikdə yerli icra hakimiyyəti orqanları
nəzərdə tutulur;
2.2. həmin Məcəllənin 139-1.1.12-ci maddəsində "müvafiq icra
hakimiyyəti orqanı" dedikdə Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsi nəzərdə tutulur.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Azərbaycan Respublikasının Mülki Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə məlumat versin".