19:08
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi sistemində fəaliyyət göstərən elmi tədqiqat
müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında
sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı
məlumat yayıb.
Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi sisteminə
daxil olan elmi tədqiqat müəssisələrinin maddi-texniki bazasını
yaxşılaşdırmaq məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
sisteminə daxil olan Azərbaycan Aqrar Elm Mərkəzinin, onun regional
bölmələrinin, habelə tabeliyindəki elmi tədqiqat institutlarının
yenidən qurulması və müasir laboratoriya avadanlığı ilə təchiz
olunması üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin
ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyinə 10,0 (on) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş
qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn digər məsələləri həll etsin".
19:48
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi"nin təsdiq edilməsi
haqqında fərman imzalayıb.
Fərmanda qeyd edilir: "Azərbaycan Respublikası Konstitusiyasının
32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Hərbi Akademiyasının fəaliyyətini təmin etmək məqsədi
ilə qərara alıram:
1. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi
Akademiyasının Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana
uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".