Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ)
özünü şirkətin binası qarşısında yandıracağnı bəyan edən işçisi ilə
bağlı mövqeyini açıqlayıb.
Bu barədə "Axar.az" ARDNŞ-ın rəsmi saytına istinadən
xəbər verir.
Dövlət Neft Şirkətinin yaydığı məlumatda deyilir: "Dekabrın
29-da müxtəlif elektron informasiya sayt və portallarında ARDNŞ-nin
"Kompleks qazma işləri" tresti "Abşeron" Qazma İşləri İdarəsinin
qazmaçı köməkçisi Əliyev Bəhruz Malik oğlunun açıqlamasında
göstərilən məlumatlar araşdırılıb. Məlum olub ki, Bəhruz Əliyev
həqiqətən də 2010-cu ildən ARDNŞ-nin Kompleks Geoloji Kəşfiyyat və
Topoqrafiya İdarəsində işə götürülüb, 2012-ci ilin oktyabrından
fəaliyyətini "Kompleks qazma işləri" tresti "Abşeron" Qazma İşləri
İdarəsinin 8 saylı briqadasında 4-cü dərəcəli qazmaçı köməkçisi
kimi davam etdirib, hazırda da həmin işdə çalışmaqdadır. 8 saylı
briqadanın işlədiyi Şıxıqaya sahəsində qazma işi aparılmadığından
briqadanın əməkdaşları, o cümlədən Bəhruz Əliyev boşdayanmadadır və
bununla əlaqədar əmək qanunvericiliyinə uyğun olaraq, onlara
əməkhaqlarının üçdə ikisi həcmində maaş ödənilir.
Beləliklə, Əliyev Bəhruz Malik oğlu bu gün də ARDNŞ-nin
işçisidir, öz ifadəsi ilə desək, "ixtisara salınması" haqqında ona
heç kim tərəfindən heç bir xəbərdarlıq edilməyib. Odur ki, onun
guya "ixtisara salınması" haqqında dedikləri və bunu səbəb
göstərərək, özünü ARDNŞ-nin binası qarşısında yandıracağı barədə
açıqlama verməsi, yumşaq desək, təəccüb doğurur".
Qeyd olunur ki, ARDNŞ-nin müəssisələrində, o cümlədən B.Əliyevin
işlədiyi "Kompleks qazma işləri" trestində aparılan struktur
dəyişikliklərinə dair şirkətin rəsmi saytında 29 dekabr 2013-cü il
tarixində yerləşdirilmiş müvafiq xəbərdə də bildirildiyi kimi,
həmin dəyişikliklər nəticəsində istehsalatda çalışan işçilərin
ixtisara salınması nəzərdə tutulmayıb:
"Azərbaycan Respublikası Dövlət Neft Şirkəti struktur
dəyişikliyi aparılan idarə və müəssisələrin əməkdaşlarına müraciət
edərək, onları bu dəyişikliyin nəticələri haqqında şayiələrə
uymamağa, tələsik açıqlamalar verməkdən və beləliklə, özləri də
bilmədən siyasi oyunların alətinə çevrilməkdən çəkinməyə çağırır.
Şirkətimiz, həmçinin müəyyən siyasi mülahizələrlə ARDNŞ-nin
əməkdaşlarının adından istifadə edərək, onun işgüzar nüfuzuna zərbə
vurmaq istəyən qüvvələrdən bu çirkin oyunlara son qoymağı tələb
edir və əminliyini bildirir ki, onlar həmişə olduğu kimi, bu dəfə
də öz məkrli niyyətlərinə çatmayacaqlar".