"Bir neçə dəfə mətbuata müsahibəmdə demişdim ki, Müsavat
Partiyası Milli Şuradan gedəcək. Çünki lap əvvəldən Müsavatın
fikrinin nə olduğu aydın görünürdü. Onların gətirdiyi arqumentlər
bəhanədən başqa bir şey deyildi. Müsavatın Rüstəm İbrahimbəyovla
heç bir problemi yoxdur. Onu, sadəcə, bəhanə
edirdilər".
Bu sözləri "Axar.az"a açıqlamasında El hərəkatının Ali
Məclisinin sədri Eldəniz Quliyev Müsavat Partiyasının Milli Şuradan
çıxması barədə danışarkən dedi. O bildirdi ki, Müsavatın əsas
problemi heç də üzdə göründüyü kimi Rüstəm İbrahimbəyov deyil:
"Müsavatın problemi Milli Şura ilə bağlıdır. Ona görə ki, uzun
illər sonra müxalif qüvvələrin birliyi yaranmışdı. Milli Şuranın
yaranmasında təkcə demokratik düşərgənin yox, həm də xalqın iradəsi
var idi. Məni maraqlandıran sual başqadır. Nəyə görə Müsavat
Partiyası Milli Şuraya hökumətlə eyni münasibəti bəsləyir? Qoy,
Müsavat Partiyasının rəhbərliyi bu suala aydınlıq gətirsin. İzah
eləsinlər ki, hökumətlə bunların mövqeyi niyə yüz faiz üst-üstə
düşür?"
Eldəniz Quliyev Müsavat Partiyasının hərəkətini Milli Şuranın
üzünə vurulmuş silləyə bənzətdi:
"Milli Şura əvvəlki qurum deyil. Çox dəyişikliklər oldu. Amma
buna baxmayaraq, biz bunu qorumalıyıq. Bəli, Müsavat Partiyasının
getməsi bizə zərbə oldu. Amma bu zərbə qəşş edib gülməkdən keçinən
insanı ayıltmaq üçün vurulmuş sillə idi".
El hərəkatının Ali Məclisinin sədri onu da bildirdi ki, Müsavat
Partiyasının son addımı rüsvayçılıqdır:
"Sosial şəbəkələrdə Müsavatın üzvlərindən Xəzər adlı bir nəfər
var. Olduqca tərbiyəsizlik edir. Öz partiya mövqelərini hər kəsə
diktə etməyə çalışır. Təhqir dolu şeylər yazır. Bu bədbəxtin xəbəri
yoxdur ki, Müsavatla müsavatçılığın arasında bərabərlik işarəsi ona
görə qoyulmur ki, Müsavat Partiyasında bu cür xəstə adamlar var. Bu
yerdə Müsavatla - müsavatçılıqla rüsvayçılıq bərabər edilir. Bu,
ona görə baş verir ki, onların belə funskionerləri var".