Axar.az
Yuxarı

Məhz bu gün Ermənistanla sərhədə çatdıq...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanrımızdan, taleyimizdən, dövlətimizdən, ordumuzdan çox razıyıq – torpaqlarımızın işğaldan azad olunduğu günlər ard-arda düzülüb: hər gün bir bayramdır!

Dövlət başçımız – Müzəffər Ali Baş Komandan İlham Əliyev əks-hücumun başlandığı 27 sentyabrda, şəhidlərimizi möhtəşəm anma tədbirində - yürüyüşdə iştirak etdi; cənab Prezident Vətən Müharibəsi Qəhrəmanının, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Gəncədə şəhid olmuş körpənin portretini daşıdı; bütövlükdə Vətən Müharibəsinin bütün şəhidləri dərin ehtiramla yad edildi.

Sonrakı günlərdə isə xüsusi strateji önəmi olan böyük yaşayış məntəqələrinə səfər edən ali dövlət rəhbərliyi məhz o torpaqların azad olunmasının birinci ildönümünü yerində qeyd etdi. Hər səfərdə ötən illərə qiymət verildi, bugünümüz dəyərləndirildi, gələcək planlar açıqlandı. Suqovuşan, Talış, Ağoğlan (Hadrut), Tuğ, Cəbrayıl, Füzuli... – işğal mədəniyyətsizliyindən azadlıq mədəniyətinə, azadlıqdan abadlığa, zülmətdən işığa sürətli və keyfiyyətli keçid necə olur? – bunu Azərbaycan göstərir, qurur-yaradır.

20 oktyabrda Zəngilan şəhərinin azad olunduğu gündür! Bilirsiz, Ermənistanla dövlət sərhəddi boyu azad olunan ilk şəhərimiz də, ilk rayonumuz da məhz Zəngilan oldu. Üstəlik, Zəngilan İranla da dövlət sərhəddimiz üzərində yerləşən son rayonumuzdu.

Beləliklə, Zəngilanın azad olunması fövqəladə önəm daşıyırdı: həm İranla dövlət sərhəddinə nəzarət tam bərpa olunmuş, həm də Ermənistanla dövlət sərhəddinə yetişilmiş oldu!

Zəngilanımızın azad olunmasının birinci ildönümündə, ilk sırada, zəngilanlıları, respublikamızın bütün vətəndaşlarını, dünya azərbaycanlılarını, Azərbaycansevərləri, haqq-ədalətin təntənəsinə xidmət edən hər kəsi ürəkdən təbrik edir, alqışlayırıq! Əlbəttə, ən böyük alqışımız şəhidlərimizin ruhunadır! Şəhidlərimizin əziz ruhu qarşısında dərin ehtiramla baş əyirik! Yaralı qazilərimizə şəfalar, müharibənin bütün iştirakçılarına möhkəm can sağlığı, uğurlar diləyirik! Dövlətimizə, dövlət başçımıza, Silahlı Qüvvələrimizə sayğımız sonsuzdur!

Gəlin bu yerdə Zəngilan şəhərinin azad olunmasının birinci ildönümü ərəfəsində baş vermiş önəmli hadisələrə qısaca diqqət yetirək:

Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının 2021-ci il 15 oktyabr tarixində keçirilmiş iclasında tarixi çıxış etdi. Prezidentin çıxışının əsas müddəalarını bu şəkildə sıralaya bilərik:

- “Dağlıq Qarabağ münaqişəsi” artıq keçmişdə qalıb. Azərbaycan Respublikası öz ərazi bütövlüyünü bərpa edib. BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən (dərhal, qeyd-şərtsiz və tamamilə!) çıxarılmasını tələb edən qətnamələrini Azərbaycan Ordusu özü yerinə yetirib: Ermənistanın 30 illik işğalına hərbi-siyasi yolla son qoyulub;

- 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Rusiya və Azərbaycan prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı Üçtərəfli Bəyanat 44 günlük müharibənin bitməsinin elanı oldu. Bəyanat hər iki tərəfdən minlərlə insanın ölümündən qaçmağa imkan yaratdı. Bu sənədə uyğun olaraq, Ermənistan öz işğalçı qüvvələrini Ağdam, Laçın və Kəlbəcər ərazisindən çıxarmaq haqqında öhdəlik götürdü, interval verdi və onu 1 dekabradək icra etdi.

- Azərbaycan qalib ölkədir və bir qalib ölkə olaraq keçmiş işğalçı ilə qonşuluq münasibətlərini normallaşdırmağa hazırdır. Bununçün uğursuz dövlət – məğlub Ermənistan öz üzərində düşən tarixi öhdəlikləri yerinə yetirməli, qaçılmaz çağırışlara olumlu cavab verməlidir. Məsələn, azad edilmiş ərazilərin minalardan daha sürətlə təmizlənməsi üçün mina xəritələrini təxirəsalmadan və əskiksiz verməlidir, Azərbaycan ərazisinə əsassız iddialardan, bəhanələrdən tam imtina etdiyini ərazi bütövlüyünü tanımaqla aydın ifadə etməlidir və s.

***

Digər önəmli hadisə 2021-ci il 11 oktyabr tarixində Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantı ilə bağlıdır. Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev toplantıda çıxış edərək, bütün dünyaya mühüm ismarışlar verdi. Buraya ilk sırada dayanaqlı sülhü və ölkələrarası dialoqu təşviq edən təşəbbüslər, belə təşəbbüslərin dəyərləndirilməsi daxildir. “Dağlıq Qarabağ münaqişəsi”nin keçmişdə qaldığı bu platformada bir daha duyuruldu. Azərbaycan Prezidenti respublikamızın ərazi bütövlüyü və suverenliyinin QH-yə üzv dövlətlər tərəfindən daim dəstəklənməsini münasibətlərimizin davamlı olması üçün zəmin adlandırdı. 44 günlük müharibə zamanı BMT TŞ-nin qeyri-daimi üzvləri olan yeddi QH üzvünün Azərbaycana verdiyi dəstək unudulmaz, tarixi önəm ərz edən hadisədir. – Prezident belə xarakterizə etdi: “Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədilər. Bununla da həmin ölkələr Qoşulmama Hərəkatının sənədlərindən qaynaqlanan Hərəkatın prinsipial mövqeyinə möhkəm sadiqliyini nümayiş etdirdilər”.

***

Prezidentin İtaliyanın nüfuzlu “La Repubblica” qəzetinə 2021-ci il 7 oktyabr tarixli müsahibəsi də iki mühüm platformada – MDB və QH toplantılarındakı ismarışlarla səsləşir. Dövlət başçısı postmüharibə dövrü və yeni gerçəkliklər, Rusiya sülhməramlı qüvvələri ilə bağlı həllini gözləyən müəyyən məsələlər barədə fikirlərini bölüşüb. Özəlliklə də: “Hazırda Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərimizə səfər etmək üçün Azərbaycandan icazə almalı olan əcnəbilər məsələsi var. Qarabağa səfər edən dırnaqarası turistlərin sayı kəskin şəkildə azalsa da, bəzi əcnəbilər hələ də bizim ərazimizə, Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olurlar. Bu məsələ Rusiyanın səlahiyyətli orqanlarının, Müdafiə Nazirliyinin diqqətinə çatdırılıb ki, buna son qoyulsun. Bu və bəzi digər məsələlər öz həllini tapmalıdır...” fikri.

Prezident “La Repubblica”ya daha nələr deyib?

– Azad edilmiş ərazilərlə bağlı xüsusi investisiya proqramı qəbul edilib. Cari il üçün nəzərdə tutulmuş məbləğ təqribən 1,3 milyard ABŞ dolları təşkil edir.

- İtaliya bərpa-quruculuq işlərinə cəlb edilən ilk ölkələrdəndir;

- Azərbaycan əsasən diqqətini Güney Qaz Dəhlizinin sonuncu hissəsi olan Trans-Adriatik boru xəttinin başa çatdırılmasına yönəldib;

- Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir. Heç bir ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz. Azərbaycan öz sərhədlərinə hörmətlə yanaşılmasını istəyir;

- Avropa Birliyi ilə əməkdaşlıq perspektivlərinə gəldikdə isə Avropa Birliyi ilə işbirliyimizin enerji kimi ənənəvi sahələri var. Güney Qafqazda postmüharibə dövrünün inkişafında da Avropa Birliyinin rolu gündəlikdə olan məsələlərdəndir.

- Əldə olunan uğurları və Azərbaycanın artan nüfuzunu qəbul etməyən qüvvələrin informasiya təxribatları mövcuddur. Siyasi konyunkturadan asılı olaraq Qərbdə bəzi qüvvələr vaxtaşırı Azərbaycanı gözdən salmaq, onun mövqeyini zəiflətmək üçün müxtəlif iftiralardan və böhtanlardan istifadə etməyə çalışır. Lakin “Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm”!

MDB və QH toplantılarında çıxışlarda, nüfuzlu italyan nəşrinə müsahibədə (eləcə də, ötən günlər Füzuli şəhərinin təməl daşının qoyulma mərasimində) verilən ismarışlar fonunda yenidən Zəngilana qayıdaq.

Zəngilan

Zəngilan rayonu Ermənistanın silahlı qüvvələri tərəfindən (əlbəttə, güclü havadarlarının hərbi-siyasi dəstəyi ilə) 30 oktyabr 1993-cü ildə işğal edilmişdi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət olub. Rayonun sahəsi 730 km2, əhalisi 45 mindən çox olub. İşğaldan sonra Zəngilan rayonunun əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb. Quzeydən Qubadlı, gündoğardan Cəbrayıl rayonu, güneydən Araz çayı boyunca İran, günbatar səmtdənsə Ermənistanın (102 il öncəyədək Azərbaycana məxsus olan tarixi torpaqlarımız) Mehri və Qafan rayonları ilə həmsərhəddir. Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuşdur.

Zəngilan uğrunda döyüşlər

2020-ci il sentyabrın 27-də başlayan Azərbaycan Vətən Müharibəsində Zəngilan rayonunun gündoğarında yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə aığr zərbələr vurularaq 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, şanlı hərbçilərimizin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına imkan yaratmış oldu.

Silahlı Qüvvələrimiz 18 oktyabr 2020-ci ildə Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başladı. Zəngilan uğrunda döyüşlər Sərhəd Qoşunlarımızın Komandanlığı ilə aparılırdı. 20 oktyabrda Prezident İlham Əliyev xalqa növbəti dəfə müraciət etdi: Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhəri işğaldan azad edilmişdir!

Zəngilan döyüşlərinin sonucunda Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi.

Dövlətimiz Zəngilan uğrunda döyüşlərdə iştirak edənlərin şücaətini, vətəncanlılığını yüksək qiymətləndirib.

Prezident Zəngilanda

23 dekabr 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Zəngilan rayonuna səfər etdi. Prezident Zəngilan şəhərində müqəddəs Azərbaycan bayrağını qaldırdı.

Qələbədən sonra Zəngilan rayonuna 3 dəfə səfər etmiş ölkə prezidenti aparılan bərpa və quruculuq işlərinə bilavasitə nəzarət edir.

Əvəzsiz layihələr

İşğaldan azad olunmuş rayonlarda icra olunan layihələr bölgənin sosial-iqtisadi inkişafında çox önəmli rol oynayacaqdır. Prezidentin səfərləri onu göstərir ki, “Böyük Qayıdış” üçün respublikamızda mövcud olan potensial gərəyincə səfərbər olunub. Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcək. Belə ki, ilk bərpa edilən kəndlər Zəngilanın I, II, III Ağalı kəndləri olacaq. Bu kəndlər “ağıllı kənd” pilot layihəsi çərçivəsində qurulur – yenidən qurulur. Ərazidə ilkin olaraq 200 fərdi ev olacaq. Bu “ağıllı kəndlər”də çağdaş məktəb, uşaq bağçası, poliklinika tikiləcək, iş yerləri yaradılacaq. Zəngilanın Ağalı kəndi yalnız Azərbaycanda deyil, bütövlükdə Qafqazda çağdaş standartlara cavab verən ilk kənd kimi tarixə düşəcək. Kənddə layihənin icrası əsasən 5 komponenti özündə daşıyacaq:

- yaşayış,

- istehsal,

- sosial xidmətlər,

- “ağıllı kənd təsərrüfatı”,

- alternativ enerji sahələri.

Layihələrin icrasında qardaş Türkiyə ilə yanaşı, Çin, İsrail, İtaliya şirkətləri də iştirak edəcək. “Ağıllı kənd” layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradaraq “ağıllı tədris” və “ağıllı səhiyyə” sistemlərini də həyata keçiriləcək. Necə deyərlər, ağılsız düşmənin işğalçılıq mədəniyyətsziliyi, vandallığı öz yerini ağıllı kəndlərə verir... Bir sözlə, azadlıqdan sonra abadlıq, quruculuq çox sürətlə və keyfiyyətlə yerinə yetirilir.

Zəngilanda həyata keçirilən önəmli layihələrindən biri Heydər Əliyev Fondu tərəfindən icra olunur. Belə ki, Zəngilan məscidinin bərpası ilə bilavasitə Fond məşğul olur.

Zəngilandan keçən logistik layihələr

Zəngilan ağıllı kənd layihələri ilə yanaşı loqistik layihələrlə də zəngindir. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji önəmi var. Bu dəmir yolu azad edilmiş torpaqlara vətəndaşlarımızın gəlməsi üçün də, yüklərin daşınması üçün də böyük önəm daşıyacaq. Zəngilanda tikiləcək hava limanı bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün geniş imkanlar yaradır.

Zamanında Zəngilan ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərib.

Bəlli olduğu kimi, yenidən qurulan Zəngilandan dəmir və avtomobil yolları da keçəcək və daha da mühümü: Naxçıvana yol açılacaq! Zəngilanı Naxçıvandan 40 km.-lik Zəngəzur dəhlizi ayırır. Bu dəhlizin bərpa olunması yeni iqtisadi perspektivlər yaradacaq. Zəngilandan yalnız Ordubada, Naxçıvana deyil, eyni zamanda qardaş Türkiyəyə də yol görünür... Bax, bu, həm Zəngilanın, həm də, Zəngilanın azadlığını təmin etmiş tarixi Zəfərimizin önəmini parlaq şəkildə göstərməkdədir. Azadlıq əvəzsiz nemətdir!

Bəli, Zəngilana həyat qayıdır, mədəniyyət, mənəviyyat qayıdır, insanlıq, insaf (vicdan) qayıdır, inkişaf qayıdır!

Dövlətimiz var olsun!

Qənirə Paşayeva,

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri

Tarix
2021.10.20 / 08:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı İrəvana qarşı yeni iddialar qaldıracaq

Tehran, Bakı və Tiflis bununla bağlı razılığa gəldi

Əliyev düz deyir, o vaxt da xəbərdar etmişdi - Mnatsakanyan

“Brüssel tamaşası” hazırlanır: Bakı dözməyəcək

Türklüyün beşiyi buradır! Turan burdan başladı

ATƏT-dən Bakı və İrəvana çağırış

Nazir müavini: Bu, azərbaycanca danışmağıma kömək edəcək

Əliyevin Paşinyana xəbərdarlığının səbəbi

Bu çağırış Əliyevin siyasi iradəsini ifadə edir

Əliyevin bu sözləri erməni kanallarını qorxuya saldı

KULT
<>
Xəbər xətti
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla