Yanvarın 13-də Heydər Əliyev Fondunun vitse-prezidenti,
IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai
Birliyinin rəhbəri Leyla Əliyeva Birləşmiş Millətlər Təşkilatının
Ətraf Mühit Proqramının (UNEP) Keniyanın paytaxtı Nayrobidəki
mənzil-qərargahında olub.
Leyla Əliyevaya UNEP-in fəaliyyəti barədə məlumat verildi.
Bildirildi ki, 1972-ci ildə BMT Baş Məclisinin qətnaməsi əsasında
yaradılan bu proqramın məqsədi indiki və gələcək nəsillər üçün
ətraf mühiti və təbiəti qorumaq və bu istiqamətdə tədbirləri
əlaqələndirməkdir. Müxtəlif ölkələrdə altı böyük regional ofisi
fəaliyyət göstərən UNEP Qlobal Ekoloji Fondun həmtəsisçilərindəndir
və onun himayəsi altında hər il dünyada Beynəlxalq Ətraf Mühit Günü
qeyd edilir.
Sonra Leyla Əliyevanın BMT baş katibinin müavini, UNEP-in icraçı
direktoru Axim Ştayner ilə görüşü oldu.
IDEA-nın ətraf mühitin qorunması istiqamətində gördüyü işlərdən
xəbərdar olduğunu və bunu yüksək qiymətləndirdiyini deyən BMT
rəsmisi bildirdi ki, rəhbərlik etdiyi təşkilat Azərbaycan hökuməti,
qeyri-hökumət təşkilatları və bu məsələdə maraqlı olan tərəflər ilə
sıx əməkdaşlıqda maraqlıdır. Axim Ştayner UNEP-in ekoloji sahədə
bir çox irimiqyaslı layihələr həyata keçirdiyini dedi, bu məsələdə
müxtəlif qrup insanlar, o cümlədən gənclərlə qarşılıqlı fəaliyyəti
genişləndirməyin vacibliyini diqqətə çatdırdı.
Leyla Əliyeva Heydər Əliyev Fondunun ölkəmizdə və xaricdə
reallaşdırdığı layihələr barədə məlumat verdi. Azərbaycanda dövlət
tərəfindən həyata keçirilən ekoloji siyasətdən bəhs edən Leyla
Əliyeva 2011-ci ildə başladılan IDEA kampaniyası çərçivəsində
görülən işlərdən danışdı, müxtəlif ölkələrdən olan gənclərin bir
araya gələrək ətraf mühitin qorunması ilə bağlı layihələr
hazırladığını bildirdi. "Bu kampaniya ətraf mühitin müsbət və
dayanıqlı inkişafını təmin etmək məqsədilə gənc nəsil üçün vacib
olan dialoq, fəaliyyət, liderlik və məlumatlılıq prinsiplərinə
əsaslanır", - deyən Leyla Əliyeva Azərbaycan hökuməti, IDEA və
UNEP-in 2012-ci ilin noyabrında Bakıda keçirdiyi "Yaşıl həftə"
tədbirinin əhəmiyyətini vurğuladı və BMT baş katibinin müavinini
Bakıya səfərə dəvət etdi.
Görüşdən sonra rəhbərlik etdiyi IDEA kampaniyası çərçivəsində
həyata keçirilən tədbirlərdən və gələcək planlardan danışan Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dedi:
- IDEA ətraf mühitin qorunması üzrə beynəlxalq təşəbbüsdür. Biz
Qafqazın ən böyük təşkilatıyıq və gənclərlə işləyirik. İki il
ərzində biz bir çox layihələrə imza atmışıq. Bunlardan biri
Azərbaycanda üç milyon ağacın əkilməsi olub ki, bu da ölkəmizdə
yaşayan üç milyon gənci ehtiva edir. Bizim digər beynəlxalq
layihəmiz fotoqraf Reza Diqqəti ilə birlikdə təşkil etdiyimiz
"Dünya uşaqların gözü ilə" layihəsi idi. Bu layihədə 98 ölkədən
1200 uşaq iştirak etdi.
Məlumatlılığı artırmaq üçün əlbəttə ki, ən mühüm məsələ
təhsildir. Artıq bizim təşkilat universitetlərdə ətraf mühitlə
bağlı təlimlər aparmaqdadır. Ölkəmizdə məktəblər üçün ətraf mühit
dərslikləri üzərində çalışırıq. Fikrimcə, dünya miqyasında
məlumatlılığı artırmaq vacibdir. Gənclərlə işləməyin ən maraqlı
tərəfi odur ki, onları bir az həvəsləndirdikdə çox fəallaşırlar və
artıq özləri başqalarını həvəsləndirməyə can atırlar. Fikrimcə,
indi daha çox gənc ətraf mühit layihələrində iştirak edir.
Leyla Əliyeva dünyada, o cümlədən Qafqazda nəsli kəsilməkdə olan
heyvanların qorunması ilə bağlı bir neçə layihənin həyata
keçirildiyini, bu sahədə Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin
Mühafizəsi Birliyi, Rusiyanın Ümumdünya Vəhşi Təbiət Fondu və digər
təşkilatlarla birgə tədbirlərin həyata keçirilməsinin
planlaşdırıldığını diqqətə çatdırdı. (Trend)