Məşhur milyarderin xanımı boşanma iddiası qaldırdı;
Mənsimov isə onun qarajından iki lüks avtomobili
aldırdı
Türkiyə vətəndaşı olan məşhur azərbaycanlı milyarder Mübariz
Mənsimovun ailəsi dağılır.
Bu barədə Türkiyənin haber7.com portalı yazıb. Bildirilir ki,
Türkiyə vətəndaşı olan Mübariz Qurban oğlu Mənsimov ona qarşı
boşanma iddiası qaldıran həyat yoldaşı ilə savaşa girib.
Xəbərdə deyilir: "Forbes" jurnalının dünyanın ən zənginləri
siyahısında yer alan Mənsimov 13 il əvvəl ailə qurduğu Tamara
Qurbanoğlu (əslində Mənsimovun xanımı Tamara Mənsimova ad-soyadını
daşıyır-red) ilə dünya evinə girdi. 13, 9 və 2 yaşlarında 3
uşaqları olan cütlüyün xoşbəxtliyinə kölgə düşdü.
Cütlüyün evlilik həyatı iş adamının Azərbaycanda sahibi olduğu
jurnalın U.G. adlı redaktoru ilə yaşadığı iddia edilən əlaqə
üzündən alt-üst oldu. Tamara Mənsimova boşanma davası açdı. Ərinin
6 milyard dollarlıq sərvətinin yarısını tələb etdi. Əri ilə
nigahdan kənar münasibətlər yaşayan U.G. haqqında isə 1 milyon
lirəlik təzminat iddiası qaldırdı. 3 milyard dollarlıq boşanma
davası davam edərkən iş adamı ilginc bir həmlə etdi.
Mübariz Mənsimovun vəkili 2 polisin müşaiyəti ilə Tamara
Qurbanoğlunun oturduğu Beşiktaşdakı lüks villaya getdi. Qarajda
olan "Bentley" və "Audi" markalı 2 avtomobili alaraq evdən
ayrıldı.
Bu hadisəni vəkilinə bildirən Tamara Mənsimova axtarış qərarı,
prokuror əmri və ya məhkəmə qərarı olmadan belə addımın atılmasının
qanunsuz olduğunu öyrəndi. Ərinin vəkili və 2 polis məmuru haqqında
cinayət ittihamı ilə şikayət ərizəsi yazdı. Tamara xanım İstanbulun
Etiler polis şöbəsinin O.S. və Y.T. adlı əməkdaşlarının cinayət
işlədiklərini iddia etdi"
Belə məlum olur ki, Mübariz Mənsimovun xanımı onun sevgilisindən
hələ ötən il məhkəməyə şikayət veribmiş. Türkiyə mətbuatının
xəbərlərinə görə, Tamara Mənsimova ərinin sevgilisi Ülviyyə
Qasımovanın onu narahat etdiyini əsas gətirərək məhkəməyə şikayət
verib. Məhkəmə iddiasında o, Ülviyyə Qasımovadan 1 milyon TL
təzminat tələb edib. İstanbul 1-ci Ailə Məhkəməsi dekabrın
ortalarında bu işə baxıb və Ü.Qasımovanın T.Mənsimovanın ailə
həyatına qarışmasına qadağa qoyub.
Lakin belə görünür ki, milyarderin ailəsində yaşanan problemlər
bununla bitməyib. Mübariz Mənsimovun xanımı artıq ondan boşanmaq
istəyir və 3 milyard dollar təzminat tələb edir. Mənsimov isə
hazırda ayrı yaşadıqları xanımından onun lüks avtomobillərini
müsadirə etməklə qisas alır. Lakin qadın ərinin bu hərəkətindən də
şikayət edib və münaqişə böyüyüb (Virtualaz.org ).