"Araz" marketlər şəbəkəsi saxtakarlıqda ittiham olunması
barədə xəbərlərə münasibət bildirib.
Axar.az-a verilən məlumatda bildirilir ki, vətəndaşın iddia
etdiyi kimi, həqiqətən hər birinin qiyməti 60 qəpik göstərilən 2
ədəd "Gillet" üz qırxanlarına kassada 69 qəpik ödənilməsi düzgün
deyil və bu zaman vətəndaşın ödədiyi əlavə 18 qəpik marketdə
çalışan kassir tərəfindən yerindəcə vətəndaşa geri qaytarılıb.
"Araz" martetlər şəbəkəsinin yaydığı məlumatda bu yanlışlıq belə
izah olunur:
"Vitrin qiyməti ilə kassa çıxış qiyməti arasında yaranan qiymət
fərqində aşağı qiymət götürülərək ödəniş edilir. Marketdə minlərlə
çeşid mal olur ki, mütamadi olaraq bunların qiymətlərində qalxma və
enmələr baş verir. Bütün bunları gündəlik olaraq tənzimləməyə
çalışsaq da, bəzən belə hallar müşahidə olunur. Burada insan
faktoru olduğu üçün bu bir texniki xətadır və bu kimi hallar ilə
daim mübarizə aparılır".
Müştərinin digər - "Səba" broylerin istehsalı olan və üzərində
çəkisi 1.120 qram göstərilən toyuğun çəkisinin marketdə 1.978 qram
hesablanması faktını isə market rəhbərliyi qəbul etməyib:
"Marketin Masazır filialında bir neçə müddətdir "Səba"
toyuqlarının satış aksiyası həyata keçirilir. Yəni, 2 toyuq alana 1
toyuq hədiyyə edilir. Bu 3 ədəd toyuq isə bir səbətə qoyularaq
satılır. Vətəndaşın aldığı 1.978 qramlıq etiket 2 toyuğun
çəkisidir. Sadəcə, müştəri buna fikir verməyərək çek vurulan toyuğu
götürüb. Onun alt tərəfində isə sadəcə 2 toyuğun çəkisi bir ödəniş
edilsin deyə, 1 toyuq qabına vurulur. Üçüncü toyuq isə hədiyyə
olaraq verilir. Vətəndaşa bütün bunların izah edilməsinə və ondan
üzürxahlıq edilməsinə baxmayaraq, o, bunlara əhəmiyyət qoymayaraq
marketi tərk edib".
Xatırladaq ki, "Araz" marketlər şəbəkəsinin Masazır qəsəbəsində
yerləşən filialında vətəndaşdan alış-veriş zamanı artıq ödəniş
alınması ilə bağlı məlumatlar yayılıb.
"Araz" olayın video-görüntüsünü yayıb və belə xoşagəlməz hallar
ilə rastlaşdıqda, müştərilərə marketin rəhbərliyinə və qaynar xəttə
(055 525 95 19) zəng etməyi xahiş edib.