Millət vəkili Qənirə Paşayeva Tovuzun Xatınlı kəndində
seçicilərlə görüşüb.
Axar.az xəbər verir ki, onlarla kənd sakininin qatıldığı görüşdə
millət vəkili ötən 10 illik deputatlıq fəaliyyəti barədə
danışıb:
"10 il ərzində ailənizin bir üzvü oldum, sevincinizə sevindim,
kədərinizi paylaşdım, problemlərinizin həlli üçün əlimdən gələni
etməyə çalışıdım".
Tovuzluları, o cümlədən Xatınlı kənd sakinlərini narahat edən
problemlərin xeyli hissəsinin öz həllini tapdığını deyən Q.Paşayeva
qeyd edib ki, ölkəmiz gücləndikcə digər problemlər də öz həllini
tapacaq. Millət vəkili ölkəmizin əldə etdiyi uğurlardan danışaraq,
bunun beynəlxalq siyasətdən də yan keçmədiyini qeyd edib.
O bildirib ki, 10 illik fəaliyyəti dövründə Xatınlı kənd
sakinlərinin çoxsaylı müraciətləri cavabsız qalmayıb. Sağlamlıqla,
təhsillə, şəxsi problemləri ilə bağlı yüzlərlə məktubuna cavab
verilib və bu məktublarda əksini tapan məsələlər öz müsbət həllini
tapıb.
Q.Paşayeva gənclər arasında təhsilə daha böyük marağın yaranması
istiqamətində həyata keçirilən layihələr nəticəsində Xatınlı kəndi
də daxil olmaqla, Tovuz rayonundan hər il ali məktəblərə daxil olan
gənclərin sayının artdığını vurğulayıb. O, xüsusilə gənclər
arasında vətənpərvərliyin artması istiqamətində həyata keçirilən
layihələrin nəticəsində rayondan Ali Hərbi Məktəbə və Hərbi Litseyə
daxil olan gənclərin sayının sürətlə artdığını bildirib:
"Bu gün Tovuz rayonu hərbi məktəblərə üz tutan gənclərin sayına
görə ön sırada dayanır və bu bizim hamımızı sevindirir. Bizim həm
savadına, həm də fiziki göstəricilərinə görə fərqlənən
gənclərimizin hərbi məktəblərə üz tutmalarını alqışlayırıq.
Gənclərimiznin bu istiqamətdə uğurları bizi sevindirir".
Millət vəkili gənclər arasında vətənpərvərlik ruhunun daha da
artmasında Milli Qəhrəmanlarımız haqqında çəkilən filmlərin böyük
rol oynadığını deyib. Onun təşəbbüsü və dəstəyi ilə Tovuz
rayonundan olan bütün milli qəhrəmanlar haqqında sənədli filmlərin
çəkildiyini, təqdimat mərasimlərinin təşkil edildiyini və
televiziya kanallarında nümayiş olunduğunu vurğulayan Q.Paşayeva
gələcəkdə də bu fəaliyyətin davam etdiriləcəyini bildirib.
Sakinləri parlament seçkilərində yaxından iştirak etməyə çağıran
deputatlığa namizəd bütün seçkilərdə vətəndaşların fəal iştirakının
vacib amil olduğunu bildirib.
Görüşdə çıxış edən onlarla kənd sakini, ziyalılar millət
vəkilinin təkcə rayon səviyyəsində deyil, respublika səviyyəsində
böyük uğurlar əldə etdiyini, seçicilərlə mütəmadi olaraq
görüşdüyünü, onların problemlərinin həlli istiqamətində daim
əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndirdiriblər.
Bildiriblər ki, noyabrın 1-də keçiriləcək növbəti parlament
seçkilərində Qənirə Paşayevaya səs verəcəklər.
Millət vəkili kənd sakinlərini narahat edən bəzi problemlərin
həlli istiqamətində onları dinləyib, müzakirələr aparıb və
qaldırılan məsələlərin bəzilərini yerindəcə həll edib. Qaldırılan
bəzi problem və təkliflərlə bağlı isə hökumət qurumlarına müraciət
edəcəyinə söz verib. O bildirib ki, kəndin içməli su məsələsinin
yaxşılaşdırılması üçün bir neçə dəfə "Azərsu"ASC-nin sədri Qorxmaz
Hüseynovla müzakirə aparıb. "Azərsu" rəhbərinin kəndə yeni su
xəttinin çəkilməsi layihəsini hazırlamaq üçün Bakıdan bir qrup
göndərdiyini və məsələnin gələn il həllini tapacağını deyən
Q.Paşayeva bu məsələni bundan sonra da daim diqqətdə saxlayacağını
söylədiklərinə əlavə edib.
Millət vəkili kəndin əkin sahələrinin suvarılması sahəsində
vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində Meliorasiya və
Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə ilə,
onun nümayəndələri ilə bir neçə dəfə söhbət etdiyini deyərək,
kənddə yeni artezian quyularının saylarının daha da artmasına nail
olacağını söyləyib. Millət vəkili görüş zamanı ona müraciət edən
xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat
olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq, Bakıda və
ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.
Millət vəkili Q.Paşayeva həmçinin kənddə yaşayan fiziki
imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə
maraqlanıb və məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinə müraciətlər edib. Q.Paşayeva bir sıra şəhid ailələri və
müharibə əlil və veteranları ilə də görüşərək onların qayğı və
problemləri ilə maraqlanıb. Seçicilər millət vəkili ilə görüşdə ön
cəbhə kəndlərində ünvanlı sosial yardıma ehtiyacı olan insanların
daha çox olduğunu bildirərək, ona müraciət ediblər və o da bununla
bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin rayondakı
təmsilçiləri ilə müzakirə aparıb, qanunlar çərçivəsində dəstəyi
daha da artırmalarını xahiş edib.
Sonda seçicilər bildirib ki, Q.Paşayeva bu müddət ərzində nəinki
tovuzlu seçicilərin, ümumilikdə Azərbaycan cəmiyyətinin böyük
etimadını qazanıb: "Qənirə Paşayeva, siz bizim dəstəyimizi öz
fəaliyyətinizlə illər öncə qazanmısınız və bu dəstək davam edəcək.
İnanırıq ki, siz bundan sonra da hər zaman bizim səsimiz
olacaqsınız".