Yuxarı

Bu halda İran rejimi çökəcək – Güneyli hüquqşünas

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hakan Türkelli Güney Azərbaycanın Sarab mahalında anadan olub. Təbriz Universitetində Sosiologiya fakültəsində oxuyan Hakan Türkekelli (Hüseyn Qabili) Azərbaycan milli hərəkatındakı fəaliyyətlərinə görə həbs edilib. Həbsdən girov qarşılığında müvəqqəti sərbəst buraxıldıqdan sonra, 1998-ci ildə Azərbaycana üz tutub. Burada müxtəlif media orqanlarında, o cümlədən “Azadlıq” radiosunda fəaliyyət göstərib, 2005-ci ildə Kanadaya mühacirət edib.

Hazırda Kanadada vəkil və hüquqşünas kimi fəaliyyət göstərən Hakan Türkellinin (Hüseyn Qabili) Axar.az-a müsahibəsini təqdim edirik:

- Sizcə, İranda artıq 3 aydır davam edən etiraz aksiyalarının əsas səbəbləri nədir?

- İnsanların, xüsusilə, qadınlar və digər etnik millətlərin haqları hər addımda pozulur. İqtisadi aspektdən də vəziyyət acınacaqlıdır. Qərbin sanksiyaları İranda ciddi çətinliklər yaradır, insanlar sürətlə yoxsullaşır. Məhsa Əmininin öldürülməsi bardağı daşıran son damla rolunu oynadı. Nəticədə insanlar küçələrə axışdı.

- İran hökuməti etiraz nümayişlərinin baş tutmasında xarici amillərin rolu ilə bağlı iddialar səsləndirir. Bu, nə dərəcədə doğrudur?

- İran rejimi hər zaman aksiyaları yatırmaq, repressiyalara bəraət qazandırmaq üçün xarici faktorları qabardır. Xarici düşmən göstərməklə fərqli qrupları öz çevrəsinə toplamağa çalışırlar. Əli Xamenei rejimindən başqa heç bir ölkədə “əxlaq polisi”nə saçı görünən qızları, xanımları döyərək öldürmək əmri verilmir. Milləti də müəyyən bir çərçivədə sıxışdıra bilərlər. Səbir tükəndikdə ayağa qalxıb rejimi devirəcək. İndi İranda bu baş verir: xalqın dözümü tükənib və ciddi dəyişiklik istəyir. Burada xarici amil axtarmaq rejimin əməllərinə bəraət qazandırmaq cəhdidir.

- Bu nümayişlər İranda hansısa əsaslı dəyişikliyə səbəb ola biləcək?

- Hakim rejimin hansısa ciddi islahatlara getməsi ehtimalı çox azdır. Aksiyaları odlu silahlar və edamlarla yatırmağa çalışır. Etirazların rejim dəyişikliyi ilə nəticələnməsi polis və ordunun xalqın tərəfinə keçməsi halında mümkündür. Ancaq polis, ordu və SEPAH rejimin tam nəzarətindədir. Şah rejimi də 1979-cü ildə xalq etirazlarına görə çökmədi. Şahın ordusu ABŞ-ın əlində idi. Prezident Karter Ruhullah Xomeyni ilə razılığa gəldikdən sonra (Xomeyni Karteri aldatdıqdan sonra) general Hayseri İrana göndərdi. Hayser ordunu Xomeyninin tərəfinə keçməyə razı saldı. Xatırladım ki, gizliliyi qaldırılmış kəşfiyyat məlumatlarına görə, Şahın ordusu Xomeyninin təyyarəsini vurmaq və şah rejimini yenidən bərpa etmək üçün dövlət çevrilişi hazırlamışdı. General Hayser buna mane oldu.

- 21 Azər Hərəkatının ildönümüdür, hazırda İranda yaşayan azərbaycanlılar arasında Milli Hökumətə münasibəti necə qiymətləndirirsiniz?

- Güney Azərbaycanda və İran adlandırılan ölkəninin başqa bölgələrində yaşayan türklər öz milli azadlıqları və hüquqları uğrunda mübarizənin pik həddindədirlər. Güney azəbaycanlılara qarşı faşist müstəmləkəçilik siyasəti yalnız mədəni və dil sahəsində deyil, həm də iqtisadi, sosial və ekoloji sahələrdə davam etdirilir. Urmu gölü molla rejiminin məqsədli planları nəticəsində tam qurumaq üzrədir. Məqsəd azərbaycanlıların bölgədən köçməsini stimullaşdırmaqdır. İqtisadi baxımdan Azərbaycan İranın başqa bölgələrindən çox geri saxlanılıb. 5 Azərbaycan əyalətinə dövlət büdcəsindən ayrılan vəsait İsfahan çöllüklərinə ayrılan büdcədən daha azdır. Rialın olduqca böyük dəyər itirməsi, bahalıq və inflyasiya Güney Azərbaycanda daha kəskin hiss olunur. Bütün bunlar Güney azərbaycanlıları geriyə dönüb baxmağa məcbur edir. Onlar 1945-ci ildə qurulmuş Azərbaycan Milli Hökumətinin xidmətlərini öyrəndikcə Güney Azərbaycanı bu durumdan yalnız milli azadlıq və istiqlalın qurtaracağına inanırlar.

- Müstəqil dövlət üçün 1945-ci ildə qurulmuş Milli Hökumət tarixi və hüquqi baza rolunu oynaya bilərmi?

- Beynəlxalq hüquqda öz müqəddəratını təyinetmə haqqı 3 faktor üzərində qurulur: ayrıca tarixi, siyasi, coğrafiyada yaşayan fərqli xalq (Güney Azərbaycanda yaşayan türklər), fərqli dil və kültür (Azərbaycan türkcəsi və mədəniyyəti) və xalqın özünü idarə etmə cəhdləri (Güney Azərbaycandakı 1905, 1918, 1945, 1979-cu il hadisələri). Görünən odur ki, xalq Tehrandan ayrı müstəqil hakimiyyətlər qurub və özünü uğurla idarə edə bilib.

Bu baxımdan, əlbəttə ki, Azərbaycan Milli Hökuməti Güney Azərbaycanda dövlət qurmaq üçün ciddi tarixi və hüquqi bazadır. Güney Azerbaycanın öz müqəddəratını təyinetmə haqqı 1946-cı ildə silah və ordu gücünə əlindən alınıb. Bu bizim üçün çox ciddi tarixi və hüquqi əsasdır. Güney Azərbaycan 1946-ci ildə işğal edilib. Məncə, Güney Azərbaycanın Şərqi Timur kimi öz müqəddəratını təyin etməmiş ərazi və işğalda olan bölgə kimi qəbul olunması yönündə ciddi çalışmalıyıq.

Hazırkı rejim devrilsə və güc boşluğu yaransa, əlbəttə ki, Güney Azərbaycan öz müstəqil dövlətini qurub, ardınca Azərbaycan Respublikası ilə birləşmək qərarına gələ bilər.

- İranda Azərbaycan dilindən istifadə hansı səviyyədədir, sizcə, ölkə vətəndaşlarının neçə faizi bu dildə danışır?

- Təxminən ölkənin 50 faizi azərbaycanca, qaşqay, türkmən və başqa türk şivələrində danışır. Ancaq dilimizin təmizliyi çox pozulub. Evdə, bazarda, küçədə insanlar öz dilində danışsa da, dilimiz öz ədəbi üslubunu itirib. Bu da təbiidir. Xalqımız yüz ildən artıqdır öz dilində yazıb oxumaqdan məhrumdur. Öz dilində məktəbi yoxdur. Farsca yazmaq, oxumaq, danışmaq məcburiyyətindədir. Bütün media farscadır. Bir sözlə, İran rejimini Azərbaycan türkləri və başqa türklərə qarşı mədəni və dil soyqırımı tətbiq edir.

Tarix
2022.12.13 / 09:08
Müəllif
Cavidan Elbars
Şərhlər
Digər xəbərlər

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla