Ana səhifə Gündəm |
Erməni separatçılarının 10 gündür çalışdıqları mitinq nəhayət, bu gün Xankəndi şəhərinin mərkəzində baş tutub.
Axar.az xəbər verir ki, mitinqdə kütləviliyi təmin etmək üçün bütün vasitələrdən istifadə edilib. 30 oktyabr aksiyasında olduğu kimi, Qarabağa göndərilmiş rusiyalı milyarder Ruben Vardanyan yenə də “kisəsinin ağzını açıb”.
Xankəndidə məskunlaşan sadə ermənilər mitinqə gəlməyə məcbur edilib, əks halda işdən qovulacaqları ilə hədələniblər. Hamıdan övladları ilə aksiyada iştirak etmək tələb olunub.
Xankəndi ətrafından gələnlərin isə Vardanyan, “mükafatla” bərabər, nəqliyyat xərclərini də yenə üzərinə götürüb. Belə ki, iştirakçıların hər birinə məsafədən asılı olaraq 30-40 dollar paylanılıb, Xankəndi ətrafından və Qarabağın rus sülhməramlıların nəzarətində olan digər rayonlardan gələnlərə isə yanacaq paylanılıb, maşını olmayanların avtobuslarla gəlişi təmin edilib.
Digər diqqət çəkən məsələ isə aksiyanın izdihamlı alınması üçün qanunsuz silahlı dəstələrin də mitinqə qatılmasıdır. Onlardan mülki paltar geyinərək, aksiyaya qatılmaq tələb olunub. Ancaq bir çox silahlı separatçı elə hərbi formada da mitinqə qoşulub və şüarlar səsləndiriblər (foto təqdim edilir).
Qeyd edək ki, Vardanyan və digər separatçılar dəfələrlə aksiya keçirməyə çalışsa da, alınmamışdı. Çünki izdihamlı olmayacağı halda dünyada Xankəndidə yaşayan ermənilərin sayı haqda şişirdilmiş rəqəm ifşa olunacaqdı. Belə ki, ermənilər cidd-cəhdlə Qarabağda 120 min erməninin yaşadığını bildirir, halbuki separatçıların rəhbəri Araik Arutyunyan 2021-ci ilin sentyabrında 30-35 min civarında erməni icmasının burda qaldığını “təəssüflə” elan etmişdi.
Yəni 120 min deyil, hətta rus sülhməramlıların 2020-ci ilin 14 noyabrından başlayaraq, daşıyıb gətirdiyi və rəsmən qeyd etdiyi 52,7 min erməninin də burada qalmadığı hər kəsə bəllidir. Onların yarısı köçürüldükdən və burada qeydə düşdükdən sonra Ermənistana və yaxud digər ölkələrə gediblər. Xankəndidə “qeydə düşmək” isə öz maraqlarına daxildir. İrəvan hakimiyyəti Qarabağda yaşamağa davam edənlərə Ermənistana gedənlərdən iki dəfə artıq aylıq müavinət verir, həmçinin onların bütün kommunal xərclərini Ermənistan ödəyir.
Qarabağda yaşamağa məcbur edilmələrinə baxmayaraq, ermənilərin burada yaşamaq istəmədiyi aydındır. Çünki heç bir perspektiv, inkişaf yoxdur. Erməni separatçıların isə erməniləri zorla bu ərazilərdə saxlamaqla yalnız öz maraqlarını güdürlər: mümkün olduqca, daha çox Azərbaycan sərvətlərini talamaq və varlanmaq.
Vardanyan da bu mitinqlərə heç də öz pulunu xərcləmir. O, aksiyalara “sərmayə qoyur”, əvəzində isə Azərbaycanın qızıl və mis-molibden yataqlarını talamaqla, külli miqdarda pul qazanır. Başqa sözlə, Vardanyan “bizneslə” məşğuldur.
Xatırladaq ki, Ermənistan Qarabağda yaşayan erməni icmasına külli miqdarda vəsait ayırır və 2023-cü il üçün bu rəqəm artıq 370 milyon dollar qalxıb. Guya bu məbləğ işçilərin maaşına, kommunal xərclərin ödənməsinə, təqaüd və pensiyalara xərclənir.
Bu vəsaitin deyilən xərclər üçün həddən çox olduğunu dəfələrlə bildirmiş, ayrılan pulun əhəmiyyətli hissəsinin Qarabağda məskunlaşan qanunsuz silahlı birləşmə üzvlərinin saxlanmasına və silah alınmasına xərcləndiyi ehtimalını irəsi sürmüşdük.
Bugünkü aksiya bir daha təsdiqlədi ki, Xankəndi və ətrafında təxmin etdiyimizdən daha çox qanunsuz silahlı birləşmə və erməni hərbi hissələrinin qalıqları var. Qeyd etdiyimiz kimi, onlardan bir çoxu mülki paltarda aksiyaya qatılsa da, bəziləri hərbi geyimdədir.
Tarix
2022.12.25 / 17:20
|
Müəllif
Axar.az
|