Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
noyabrın 2-də MDB İcraiyyə Komitəsinin sədri, Azərbaycan
Respublikası Milli Məclisinə seçkilərdə MDB-dən müşahidəçi
missiyasının rəhbəri Sergey Lebedevin başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib.
Axar.az xəbər verir ki, MDB İcraiyyə Komitəsinin sədri Sergey
Lebedev bu il rəhbərlik etdiyi missiyanın MDB-nin müxtəlif
ölkələrində öz fəaliyyətlərini uğurla həyata keçirdiyini deyib.
Azərbaycandakı seçkilərdə rəhbərlik etdiyi təşkilatdan 147
nəfərdən ibarət nümayəndə heyətinin iştirak etdiyini vurğulayan
Sergey Lebedev bildirdi ki, missiya adətən nümayəndələrin sayını
ölkələrlə razılaşma əsasında müəyyənləşdirir və öz müşahidələrini
həmin ölkənin qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata
keçirir:
"Biz məmnunluqla və birmənalı şəkildə bildiririk ki, Milli
Məclisə seçkilər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq həyata keçirilib və ölkə vətəndaşları azad seçim imkanı ilə
tam təmin olunub".
Dövlət başçısı MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedevin
rəhbərlik etdiyi təşkilatın ölkə qanunvericiliyinə əsaslanan
obyektiv yanaşmasının və qətiyyən siyasiləşdirilməmiş mövqeyinin
önəmini qeyd edib. Daha sonra Prezident İlham Əliyev bildirib ki,
Azərbaycanın dəvətinə baxmayaraq ATƏT-in Demokratik Təsisatlar və
İnsan Haqları Bürosu əsassız sayda müşahidəçilərin ölkəyə gəlməsini
israr etdi.
Dövlət başçısı deyib ki, onlara müşahidəçilərin sayının ölkə
əhalisinin sayına uyğunlaşdırılması təklif olunduqda seçkiləri
müşahidə etməkdən imtina etdilər. Prezident İlham Əliyev ATƏT-in
Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun bu hərəkətinin
qəbuledilməz olduğunu deyib. Dövlət başçısı bütün bunlara
baxmayaraq Avropa Şurasının Parlament Assambleyasını, Müstəqil
Dövlətlər Birliyini, digər beynəlxalq strukturları və ölkələri
təmsil edən çoxsaylı müşahidəçilərin seçki prosesini izlədiklərini
vurğulayıb.