Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 28
oktyabr tarixli fərmanı ilə noyabrın 8-i Bakı metropoliteni
işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Axar.az xəbər verir ki, qapılarını 1967-ci ilin noyabrında
sərnişinlərin üzünə açan Bakı metrosu ötən 48 ildə böyük inkişaf
yolu keçib. Metromuz bu gün yeni həyatını yaşayır, qarşıda isə daha
geniş hədəflər dayanır. Bayram ovqatlı bir gündə paytaxtımızın
yeraltı nəqliyyat səltənətinin dünəninə, bu gününə və sabahına qısa
nəzər salmaq yerinə düşər.
İlk metro qatarının hərəkətə başlaması Bakının tarixinə
əlamətdar gün kimi daxil oldu. Çox keçmədi ki, metro və onun
memarlıq üslubu ilə seçilən möhtəşəm yeraltı sarayları şəhərin
rəmzləri sırasında layiqli yerini aldı. Həmçinin paytaxt
sakinlərinə və qonaqlarına göstərilən yüksək xidmət mədəniyyəti
sayəsində yeraltı polad magistral rahat ictimai nəqliyyat
vasitəsinə çevrildi.
Hələ 1932-ci ildə Bakı şəhərinin inkişafının Baş Planının ilkin
variantlarında metropolitenin inşası nəzərdə tutulurdu. 1941-ci
ildə başlanan müharibə bu planın həyata keçirilməsinə mane oldu.
Müharibə qurtardıqdan iki il sonra, 1947-ci ildə hökumət Bakı
Metropoliteninin tikintisi ilə bağlı layihə-axtarış işlərinin
aparılması barədə qərar qəbul etdi. 1949-cu ildə metropolitenin
tikinti bazası yaradıldı, 1954-cü ildə isə birinci xəttin texniki
layihəsi təsdiq olundu və metropolitenin 12,1 kilometrlik xəttinin
inşasına başlanıldı. Bir müddət sonra dayandırılan tikinti işləri
yalnız 1960-cı ildə bərpa olundu. Nəhayət, 1967-ci il noyabrın 6-da
Bakı Metropolitenin 5 stansiyası və 9,2 kilometrlik yeraltı xətləri
olan birinci növbəsi istifadəyə verildi.
Bakı metrosunun sonrakı inkişaf dövrü ulu öndər Heydər Əliyevin
adı ilə bağlıdır. Belə ki, 1970-ci il aprelin 17-də metronun
altıncı stansiyası açıldı. Bundan cəmi iki il sonra, 1972-ci il
noyabrın 6-da Bakı Metropoliteninin daha üç stansiyası - "Məşədi
Əzizbəyov" (indiki "Koroğlu"), "Avrora" (indiki "Qara Qarayev") və
"Neftçilər" stansiyaları işə salındı. Sonrakı illərdə
metropolitenin xəritəsinə daha 10 stansiya - "Nizami", "Bakmil",
"Elmlər Akademiyası", "İnşaatçılar", "20 Yanvar", "Memar Əcəmi",
"Xalqlar dostluğu", "Əhmədli", "Cəfər Cabbarlı" və "Həzi Aslanov"
stansiyaları əlavə olundu. Bu gün Bakı Metropoliteninin 23
stansiyası fəaliyyət göstərir.
Dövlətimizin başçısı İlham Əliyev metropolitenin inkişafına,
əhatə dairəsinin genişləndirilməsinə böyük diqqət yetirir.
"İçərişəhər", "Koroğlu", "28 May" stansiyaları yenidən qurulub. Bu
gün paytaxtımızda metro tikintisi geniş vüsət alıb. 2016-ci ildə
istifadəyə verilməsi nəzərdə tutulan "Avtovağzal" və "M.Əcəmi-2"
stansiyalarında artıq son tamamlama işləri görülür.
Paytaxtımızın metrosunu qarşıda daha böyük perspektivlər
gözləyir. "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf
sxemi"nə əsasən 2030-cu ilədək metro xətlərinin sayı beşə, ümumi
uzunluğu isə 119 kilometrə çatdırılacaq. Həmin müddətdə 53 yeni
stansiya və 84,3 kilometr metro xətləri inşa olunacaq.
Bu gün metro tikintisinə qabaqcıl xarici şirkətlər cəlb olunub.
Qazma-tikinti işləri ən müasir avadanlıqlarla aparılır. Fransanın
"Bouygues Travaux Publics, LLS" şirkəti "28 May" stansiyasında
qatarların sərbəst hərəkətinin təmin edilməsi çərçivəsində
aparılacaq yenidənqurma işlərində, o cümlədən yeni stansiyaların
tikintisində iştirak edəcək. "Thales S.A" şirkəti isə Bakı
Metropoliteninin texnoloji avadanlıqla təchizatını üzərinə götürüb.
"Alstom Transport SA" şirkətindən müasir metro vaqonları
alınıb.
Beləliklə, çox keçməyəcək ki, metro ilə paytaxtımızın hər bir
guşəsinə rahat şəkildə gedib-gəlmək mümkün olacaq.